AZ

Futbol millimizə coğrafiya dərsi: “Cırtdanlar” diyarında

Azərbaycan futbol millisi növbəti mövsüm UEFA Millətlər Liqasında D divizionunda oynayacaq. İndi bizi “Cırtdan” ölkələrin komandaları gözləyir. Milli bunu tək nəticələri ilə deyil, oyunu ilə də haqq etdi. Əslində buna layiq tək yığma komandamız deyil, bütövlükdə ölkəmizdə futbolun durumudur, deyə bilərik.

İdman.biz Azərbaycanı yaxın dövrdə ona bab olacaq, ancaq müqayisəyəgəlməz dərəcədə fərqli olan ölkələrlə müqayisə edib.

D liqasında qarşımıza kimlər çıxacaq? Hələlik rəqibimiz ola biləcək 5 komandadan 3-ü məlumdur. Bunlar ən aşağı divizionun qrup sonuncuları Lixtenşteyn və Andorra, eləcə də Azərbaycanla birgə ən zəif qrup sonuncusu kimi C liqasından təşrif buyurmuş Litvadır. Digər 2 komanda isə “aşağılar”ın ikinciləri Cəbəllütariq və Malta, eləcə də, millimizin İsveçlə oyunun ilk dəqiqələrinədək yerlərində olmağı xəyal qurduğu Latviya və Lüksemburq arasından seçiləcək. Pley-offun nəticələrinə əsasən, bu 4 yığmadan ikisi aşağıdakılara qatılaraq D “altılığ”ının tərkibinə daxil olacaq və bizdən savayı oradakı 5 komandanın 2-si qrup rəqibimiz sayılacaq.

Göründüyü kimi, adları çəkilən komandalar “cırtdan” ölkələrdir. Latviya və Litva digərlərindən xeyli böyük olsalar da, keçmiş SSRİ miqyasının “cırtdanlar”ı sırasındadırlar. Onların ərazisi 86,6 min km² əraziyə malik Azərbaycanın 75 faizi qədərdir. Əhali isə 10,2 milyon əhaliyə malik Azərbaycanla müqayisədə Litvada 3, Latviyada 5 dəfədən çox azdır. Bunları qoyaq bir kənara, bizdən bu cəhətlərdə xeyli geri qalsalar da, yenə də müqayisə ediləcək ölçüdədirlər.

Bəs Andorra, Lixtenşteyn, Cəbəllütariq, Malta, Lüksemburq? Bunlar ki, həm ərazisinə, həm də əhalisinə görə hətta Azərbaycanın rayonları deyil, bəzi kəndləri ilə belə müqayisə edilə biləcək ölkələrdirlər. Hətta C liqasına yüksəlmiş San Marino, orada yerini qorumuş Farer adaları da indi bizə yuxarıdan aşağı baxacaq. Həsədini apardığımız bu son iki ölkədən Farerlər (1.390 km²) Azərbaycandan 62 dəfə, San Marino (61 km²) isə 1400 dəfə kiçikdir. Əhali də birində (54500) 187, digərində (33600) 303 dəfə azdır. Bütün əhali bir stadionun tribunalarını belə doldura bilməz. Bunlarla böyük kəndlərimiz rəqabət aparardı gərək.

Deyə bilərsiz ki, coğrafi mövqeyi bəlli olan bu ölkələrin futbolçuları qonşu ölkələrdə yetişir. Bəs Avropa çempionatına çıxıb orada möhtəşəm oyun göstərən, Millətlər Liqasının B divizionundan ən güclülərin sırasına qoşulmağın bir addımlığından son turda dönən Gürcüstan ki bizim kimi nə İtaliyaya qonşudur, nə İspaniyaya, nə Fransaya.

İndi baxaq, Farerlərə, San Marinoya aşağıdan yuxarı. Elə yanımızda olacaq və olma ehtimalları hələ qalan “cırtdanlar” da bizimlə müqayisə edilən deyil. Cəbəllütariq (6,5 km²), Malta (316 km²), Andorra (467 km²), Lixtenşteyn (160 km²) və Lüksemburqdan (2580 km²) yalnız sonuncusu ölkəmizdən cəmi 33 dəfə kiçikdir. Digərləri ilə fərq 100 dəfələrlə ölçülür. Cəbəllütariqdən isə 13 min dəfə böyük ölkəyik.

Əhali də yalnız Lüksemburq (672 min) və Maltada (553 min) yarım milyonu aşır. Andorra (81.500), Lixtenşteyn (38.900) və Cəbəllütariqlə (29.500) isə fərq 125-dən 345 dəfəyədəkdir.

Nə isə. 30 min əhali arasında yığma səviyyəli futbolçular yetişdirmək olur, 10 milyon arasında isə yox? Hər şey istəkdən və işə, həm də tək işə yox, ölkəyə, vətənə vicdanla və sevgi ilə yanaşmadan asılıdır. Hazırkı vəziyyət belə davam edərsə, “cırtdanlar” da bizi saya almaya bilər.

Vüqar Məmmədov
İdman.biz

Seçilən
6
idman.biz

1Mənbələr