Rusiya İstintaq Komitəsi Moskvada Rusiya hökuməti yanında Maliyyə Universitetində əcnəbi tələbələrin səsləndirdiyi şüarlarda ekstremizm əlamətləri aşkar etməyib. Bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Onun sözlərinə görə, paytaxtın mərkəzi qərargahının müstəntiqi tərcüməçi ilə birlikdə tələbələrin hərəkətlərini əks etdirən videogörüntüləri təhlil edib.
“Gənclərin sözlərində ekstremist xarakterli heç bir müraciət aşkar edilməyib”, - Petrenko vurğulayıb.
Tələbələr tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyi üçün istintaq müvafiq prosessual qərar qəbul edəcək.
Xatırladaq ki, daha əvvəl internetdə ekstremist şüarlar səsləndirdiyi iddia edilən Azərbaycan bayraqları ilə gənclərin videogörüntüləri yayılıb. Hadisə əsasında İstintaq Komitəsi terror fəaliyyətinə açıq çağırışlar maddəsi ilə cinayət işi açıb.
Yoxlama zamanı müəyyən edilib ki, elan edilən şüarlarda ekstremist məzmun yoxdur.
Almaz Həsənli