“Bayern”in yarımmüdafiəçisi Camal Musiala “Bayer”in futbolçusu Florian Virtsin Münhen klubuna mümkün keçidi barədə barədə danışıb.
Arena.az xəbər verir ki, gənc futbolçu Almaniya millisindəki komanda yoldaşının klubda da onunla çiyin-çiyinə oynamaq ehtimalı barədə xəbərlərə belə münasibət bildirib:
“Mən bununla bağlı təzyiq etmək və ya rəy bildirmək istəmirəm. Bu, həmişə Florianın öz qərarıdır. O, hər şeyi özü başa düşməlidir”, deyə Musiala vurğulayıb.
Florian Virts 2020-ci ilin iyul ayından “Bayer”in əsas komandasında çıxış edir. Buna qədər gənc yarımmüdafiəçi “Brauvayler”, “Köln” və “Bayer”in yeniyetmələrdən və gənclərdən ibarət komandalarında çıxış edib. Virtsin Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Virts cari mövsümdə “əczaçılar”ın heyətində bütün yarışlarda 17 oyuna çıxıb, 7 qol vurub, 2 məhsuldar ötürmə verib. Virtsin “Bayer”in heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 169 oyun, 48 qol, 52 məhsuldar ötürmə.
Virts “Bayer”lə Almaniya Bundesliqasının (2023/2024), Almaniya Kubokunun (2023/2024) və Almaniya Super Kubokunun (2024/2025) qalibi olub. Uğurlu çıxışı sayəsində Virts Almaniya Bundesliqasında 2023/2024-cü illər mövsümünün ən yaxşı oyunçusu seçilib.
Florian Virts 2021-ci ilin sentyabr ayında debüt etdiyi Almaniya yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Florian Almaniyanın U-21 yığması ilə 2021-ci il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 21 yaşlı alman hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.