COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz: İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd.
Day.Az xəbər verir ki, Əsəd Xan COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində vurğulayıb ki, İƏT inkişaf etməkdə olan 10 ölkəni, o cümlədən COP29-un sədri kimi Azərbaycanı birləşdirən hökumətlərarası təşkilat kimi bu konfransa böyük əhəmiyyət verir. "Maliyyə konfransı" adı ilə tanınan COP29 inkişaf etməkdə olan ölkələrin iqlim çağırışlarına cavab olaraq genişmiqyaslı ehtiyaclarını qarşılayacaq Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə razılığın əldə olunmasına ümid bəsləyir.
"Bizim regionumuz Cənub və Qərbi Asiyadan Mərkəzi Asiya və Qafqaza qədər ölkələri əhatə edir. Bu ölkələrin bir çoxu iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı ən həssas bölgələrdəndir. Torpaqların deqradasiyası, su çatışmazlığı, səhralaşma və buzlaqların əriməsi kimi problemlər regionumuz üçün ciddi təhlükə yaradır. İqlim dəyişikliyi regionumuzda 500 milyondan çox insan üçün ekzistensial təhlükə yaradır. Məhz bu səbəbdən bu məsələ bizim gündəmimizdə prioritet yer tutur və onun inkişafını diqqətlə izləyirik", - deyə Əsəd Xan bildirib.
Əsəd Xan vurğulayıb ki, iqlim dəyişikliyinə qarşı mübarizənin uğuru, xüsusən də İƏT ölkələri kimi həssas regionlarda, maliyyə resursları da daxil olmaqla, tələb olunan vasitələrin proporsional təminatından asılıdır.
"Həssas ölkələrə yalnız yaşıl deyil, eyni zamanda heç kimi kənarda qoymayacaq ədalətli keçid lazımdır. Biz inanırıq ki, yaşıl keçid hər kəs üçün işləməsə, sonda heç kim üçün işləməyəcək. Buna görə də bu prosesin bütün ölkələr üçün bərabər fayda təmin etməsi, eyni zamanda iqlim dəyişikliyinə daha az təsir göstərmiş və buna görə ən az məsuliyyət daşıyan ölkələrə əlavə yük yüklənməsinin qarşısını almaq olduqca vacibdir", - deyə İƏT Baş katibi əlavə edib.
O, həmçinin bildirib ki, İƏT Katibliyi Azərbaycanın COP29 Sədrliyi ilə birgə İƏT regionunda resursların effektiv istifadəsi, davamlılıq və dairəvi iqtisadiyyat üzrə "RESCUE" adlı yeni Regional Təşəbbüs hazırlayıb.
"Bu təşəbbüs COP29 çərçivəsində İƏT, UNEP və COP29-un sədrliyi ilə təşkil olunan Dairəvi İqtisadiyyat üzrə Nazirlər Görüşündə təqdim olundu. Təşəbbüs resursların effektiv istifadəsinə, dairəvi və bərpaedici iqtisadiyyata ədalətli keçidi təşviq edən regional əməkdaşlıq platforması yaradaraq, regionun iqlim dayanıqlığının artırılmasına əhəmiyyətli töhfə verə bilər.
Biz tez-tez ekoloji aspektlərin inkişaf və iqlim fəaliyyəti sahələrimizə inteqrasiyasının əhəmiyyətini vurğulayırıq. Bu, ekoloji və iqlim fəaliyyətlərinin təşviqində mühüm rol oynayır. Dairəvi iqtisadiyyat resurslardan səmərəli istifadə, tullantıların azaldılması, dayanıqlı istehsal və istehlaka diqqət yetirərək, bu məqsədlərə çatmaq üçün effektiv əsas yaradır.
Bundan əlavə, bu yanaşma nəsillər boyu inkişaf etdirdiyimiz dəyərləri və ənənələri gücləndirir, təbii resurslara və ekosistemlərə hörmət etməyi və onları qorumağı təşviq edir. Resursların idarə edilməsi və dayanıqlığa bu cür kompleks yanaşma yenilikçi iqtisadi modelləri zamanla sınaqdan keçirilmiş ənənəvi təcrübələrlə birləşdirən daha effektiv strategiyaların hazırlanmasına imkan verir", - deyə Əsəd Xan vurğulayıb.
Əsəd Xan həmçinin, COP29 çərçivəsində fəaliyyətə başlayan İƏT-UNİDO Təmiz Enerji Mərkəzinə toxunaraq, layihənin əsas məqsədinin İƏT-ə üzv ölkələrin müasir, əlçatan, etibarlı və dayanıqlı enerji xidmətlərinə çıxışını təmin etmək, enerji təhlükəsizliyini gücləndirmək və enerji sektorunun mənfi təsirlərini minimuma endirmək olduğunu qeyd edib.
"Mərkəzin dayanıqlı enerji bazarlarının inkişafına və investisiyaların cəlb olunmasına katalizator olması gözlənilir. Biz inanırıq ki, o, Dayanıqlı Enerji üzrə Regional Mərkəzlərin Qlobal Şəbəkəsində layiqli yerini tutacaq. Mərkəzin fəaliyyətindən əsas faydalananlar bərpa olunan enerji mənbələri (BEM) və enerji səmərəliliyi (ES) bazar iştirakçıları, həmçinin, İƏT regionunda əsas vasitəçilər olacaq. Xüsusilə də, mərkəzin fəaliyyətindən hökumət orqanları, tənzimləyici qurumlar, özəl sektor, istehsalçılar, layihə işləyib hazırlayanlar, maliyyə qurumları, müstəqil enerji istehsalçıları (MEİ) və üzv ölkələrin enerji şəbəkə operatorları faydalanacaq.
Bundan əlavə, İƏT regionunun daha geniş əhalisi də Bərpa Olunan Enerji Mənbələri (BEM) texnologiyaları və sistemlərinin, eləcə də enerji səmərəliliyi üzrə həllərin və xidmətlərin tətbiqinin artması hesabına müasir enerji xidmətlərinə çıxış əldə edəcək", - deyə İƏT Baş katibi bildirib.
Əsəd Xan qeyd edib ki, GN-SEC şəbəkəsində toplanmış təcrübə CECECO-nun yaradılması və səmərəli fəaliyyəti üçün olduqca dəyərli olacaq.
"Mövcud mərkəzlərin davamlı fəaliyyəti göstərir ki, bir çox risklər müəyyən edilib və hər bir vəziyyətin xüsusiyyətlərinə uyğun şəkildə aradan qaldırılıb. Bu səbəbdən GN-SEC şəbəkəsi CECECO üçün vacib resurs rolunu oynayacaq və risklərin idarə olunmasında daimi dəstək təmin edəcək", - deyə o vurğulayıb.
Baş katib CECECO-nun əsas strategiyalarını açıqlayıb:
- Dayanıqlı enerjinin təşviqi üçün regional agentliyin yaradılması və onun səmərəli idarə olunmasının təmin edilməsi.
- Siyasət, hüquq və stimullaşdırıcı mexanizmlər üçün əlverişli şəraitin yaradılması.
- Dayanıqlı enerji sahəsində səmərəli kvalifikasiya, innovasiya, sertifikatlaşdırma və akkreditasiya sistemlərinin tətbiqi.
- Məlumat və biliklərin idarə olunması, məlumatlılığın artırılması və dayanıqlı enerji təşəbbüslərinin aktiv şəkildə təşviqi.
- Dayanıqlı enerji infrastrukturu, istehsal və xidmət sektorlarına investisiyaların cəlb edilməsi.
O, CECECO-nun yerləşdirilməsi təşəbbüsünə görə Azərbaycana dərin təşəkkürünü ifadə edib. Bu, Azərbaycanın İƏT fəaliyyətinə verdiyi töhfəni və dayanıqlı inkişaf, eləcə də iqlim dayanıqlığını gücləndirmək üçün təmiz enerji təşəbbüslərini təşviq etmə səylərini əks etdirir.
"Biz gözləyirik ki, İƏT-ə üzv olan bütün dövlətlər Mərkəzin fəaliyyətində aktiv iştirak edəcəklər. Bu, CECECO Nizamnaməsinin imzalanması və ratifikasiyasını, könüllü vəsaitlərin ayrılması məsələsinin nəzərdən keçirilməsini, habelə siyasi və texniki dəstəyin göstərilməsini əhatə edir.
Vəsaitlərin toplanması əsas elementdir və burada maraqlı tərəflər - İƏT, UNİDO, Mərkəzin yerləşdiyi ölkə, digər üzv dövlətlər və beynəlxalq donorlar mühüm rol oynayır. İƏT Katibliyi UNİDO və digər potensial tərəfdaşlarla sıx əməkdaşlığı davam etdirəcək ki, Mərkəzin uğurlu, dayanıqlı və səmərəli fəaliyyəti təmin edilsin", - deyə Əsəd Xan fikrini yekunlaşdırıb.