AZ

Elmi adlar ləğv edilə bilər – Nazirdən ŞOK SÖZLƏR!

Nazir Emin Əmrullayevin “kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik” fikrinə reaksiyalar – alimlər arasında narazılıq yarada bilər

“Biz ali təhsil müəssisələrində bir fakültə yanaşmasından qaçmağa çalışırıq”. Bunu Milli Məclisin komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, büdcədən ayrılan elmi xərclərin əsas hissəsi əməkhaqlarının ödənişidir: “Biz ödənişi elmi nəticələrə bağlamalıyıq. Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik. Elm mütləq layihə əsaslı maliyyələşmə sisteminə keçməlidir. Biz 100-ə qədər elmi nəticəsi olan alimə əlavə ödənişlər etməyə başlamışıq. Burada elmi adlara yox, ölçülə bilən elmi fəaliyyətə görə ödəniş olunsun. İslahatların əsası budur ki, pul adlara görə verilməyəcək, elmi fəaliyyət əsas götürüləcək”.

Qeyd edək ki, Azərbaycanda son illərdə akademiklərin və müxbir üzvlərin sayında azalma baş verir. Rəsmi məlumatlara görə, 2015-ci ildə ölkəmizdə 65 akademik, 113 müxbir üzv olub. Akademiklərin sayı 2020-ci ildə 63-ə, 2021-ci ildə 59-a, 2022-ci ildə 57-yə düşüb. Eyni qaydada müxbir üzvlərin də sayı azalıb. Müxbir üzrlərin sayı 2020-ci ildə 95-ə, 2022-ci ildə isə 87-yə enib. Akademiklər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvləridir. Həqiqi üzv seçilən şəxslər sonradan akademik elmi adını alır, müxbir üzvlərə isə bu ad verilmir. Həqiqi üzv müxbir üzvdən bir pillə daha yuxarı elmi addır.

Qaydalara görə, akademik öncə müxbir üzv seçilməlidir. Akademiklərin seçilməsinə yalnız akademiklər, müxbir üzvlərin seçilməsinə isə həm akademiklər, həm də müxbir üzvlər səs verir.

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov mövzu ilə bağlı fikirlərini bölüşüb: “90-cı illərdə Azərbaycan çətin iqtisadi və maliyyə durumunda idi. Ümumi büdcəmiz 90-cı illərin əvvəlindəki 350 milyon ABŞ dollarından həmin illərin sonlarında bir milyard dollara çata bilmişdi. Ona görə həmin illərdə elmə istəsək də, lazımi vəsait ayırmaq mümkün deyildi. İndi isə dövlətin büdcəsi o illərlə müqayisədə 10 dəfələrlə böyüyüb. Belə olan halda, elmlə bağlı xərclərə əsaslı şəkildə yenidən baxılmalı və paralel olaraq elmə ayrılan vəsaitlərin meyarları müəyyən olunmalıdır. Yalnız əmək haqqı alan alimdən elmi məhsul gözləmək mümkün deyil. Alim elmlə fundamental şəkildə məşğul olmalıdır. Bunun üçün isə vəsait lazımdır. Baxın, bizdə elmi müəssisələrdə nə qədər elmi adı olan alimlər var? Bu, nəticəsiz kəmiyyət göstəriciləridir. Biz elmdə o vaxt inqilab etmiş olarıq ki, elmin kəmiyyət göstəricilərindən konkret nəticələri ortaya qoya bilən keyfiyyət göstəricilərinə keçə bilək. Elmlər Akademiyası sistemində fəaliyyət göstərən elmi institutlar fundamental elmlə məşğul olmalıdırlar. Bu gün bu sualı bizim elm müəssisələrinin rəhbərlərinə verdikdə onlar elmə ayrılan vəsaitlərin azlığından şikayətlənir və bu qədər vəsaitlə fundamental elmi araşdırmaların aparılmasının qeyri-mümkünlüyünü deyirlər. Bu həqiqətdir. Çox təəssüf ki, bu gün Azərbaycanda elmə ayrılan xərclər real aparılan müqayisələrlə Sovet dönəmində Azərbaycanda elmə ayrılan vəsaitdən azdır. Dünyanın inkişaf etmiş ölkələrində elmə həmin ölkələrin ümumi daxili məhsulundan əhəmiyyətli pay ayrılır. Elm və texnikanın sürətlə inkişaf etdiyi indiki dönəmdə biz də üzümüzü əsaslı şəkildə elmə tutmalıyıq. Unutmayaq ki, biz 44 günlük savaşda da elmin nailiyyətləri ilə ərsəyə gəlmiş silahlarla qələbə çaldıq…”

Təhsil eksperti Kamran Əsədov da mövzu ilə bağlı  fikirlərini bildirib. O deyib ki, Azərbaycan elmi sistemində ənənəvi olaraq elmi adlar alimlərin fəaliyyətinin əsas qiymətləndirmə meyarı kimi qəbul edilir: “Professor, dosent və akademik kimi titulların alınması elmi nailiyyətlərin tanınması baxımından əhəmiyyətli olsa da, bu sistemin müasir tələblərə cavab verməkdə çətinlik çəkdiyi görünür. Elm və təhsil naziri Emin Əmrullayevin “elmi adlara görə ömürlük maaş təminatı əvəzinə elmi fəaliyyətin nəticələrinə əsaslanan maliyyələşməyə keçidin zəruriliyi” barədə açıqlamaları, Azərbaycanın elmi sistemində genişmiqyaslı islahatların vacibliyini ortaya qoyur. Bu yanaşma həm maliyyə resurslarının daha səmərəli istifadəsini təmin etmək, həm də elmi fəaliyyətin innovativliyini artırmaq məqsədi daşıyır.

Elmi adlara əsaslanan mövcud sistemin bir sıra ciddi problemləri var. Birincisi, elmi adların ömürlük maddi üstünlüklər təmin etməsi çox vaxt alimlərdə gələcək tədqiqatlara motivasiyanın azalmasına səbəb olur. Bu, elmi fəaliyyətin dinamikliyini aşağı salır və elmi yeniliklərin inkişafını çətinləşdirir. İkincisi, elmi adlar çox vaxt araşdırmaların keyfiyyətindən daha çox onların kəmiyyətinə əsaslanaraq verilir. Bu isə beynəlxalq standartlarla müqayisədə Azərbaycanın elmi nəticələrinin rəqabət qabiliyyətini azaldır. Üçüncüsü, dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsinin əməkhaqlarına yönəldilməsi, yeni elmi layihələrin maliyyələşdirilməsinə mane olur. Bu, xüsusilə gənc alimlər üçün tədqiqat imkanlarını məhdudlaşdırır və onların elmi fəaliyyətə cəlb edilməsini çətinləşdirir. Nazirin təklif etdiyi dəyişikliklər elmi nəticələrin maliyyələşmədə əsas rol oynamasını nəzərdə tutur. Bu yanaşma elm sahəsində layihə əsaslı maliyyələşmə sisteminə keçidi tələb edir. Layihə əsaslı maliyyələşmə alimlərin təqdim etdiyi konkret elmi nəticələrə, o cümlədən beynəlxalq nəşrlərə, patentlərə, tətbiqi tədqiqatlara və digər ölçülə bilən nailiyyətlərə görə həyata keçirilir. Belə bir sistem alimləri elmi fəaliyyətin keyfiyyətini yüksəltməyə təşviq edir və maliyyə resurslarının daha məqsədyönlü istifadəsini təmin edir. Bundan əlavə, yeni yanaşma gənc alimlər üçün daha geniş imkanlar yaradaraq onların tədqiqat fəaliyyətinə cəlb edilməsini stimullaşdırır”.

Ekspert hesab edir ki, elmi adların ləğvi mümkün olsa da, bu, çox ciddi dəyişikliklər tələb edən radikal addımdır: “Mövcud sistemdə elmi adlar uzun illər boyunca elmi fəaliyyətin əsas qiymətləndirmə vasitəsi olub. Buna görə də bu adların birdən-birə ləğv edilməsi alimlər arasında narazılıq yarada bilər. Bunun əvəzinə, elmi adların simvolik əhəmiyyətinin saxlanılması, lakin maliyyələşmə və motivasiya sistemində nəticəyönlü yanaşmanın tətbiqi daha məqsədəuyğun ola bilər. Bu məqsədlə elmi fəaliyyətin qiymətləndirilməsi üçün obyektiv meyarlar hazırlanmalıdır”.

Kamran Əsədov hesab edir ki, Azərbaycanda bu islahatların tətbiqi mərhələli şəkildə həyata keçirilməlidir: “İlk mərhələdə elmi adlara əsaslanan maaş sistemi ilə layihə əsaslı maliyyələşmə paralel şəkildə tətbiq oluna bilər. Bu yanaşma alimlərə yeni sistemə uyğunlaşmaq üçün vaxt tanıyar və onların gəlir mənbələrinin birdən-birə azalmasının qarşısını alar. Eyni zamanda elmi fəaliyyətin ölçülməsi üçün obyektiv və şəffaf mexanizmlər yaradılmalıdır. Bu mexanizmlər beynəlxalq standartlara uyğun olmalı və elmi nəticələrin keyfiyyətini dəqiq şəkildə qiymətləndirməlidir. Gənc alimlərin elmi fəaliyyətə cəlb edilməsi üçün xüsusi qrant proqramları hazırlanmalı və onların peşəkar inkişafı dəstəklənməlidir”.“Yeni Müsavat”

Seçilən
6
2
moderator.az

3Mənbələr