AZ

Azərbaycanda məzunların ən çox iş tapan UNİVERSİTETLƏR

Bir neçə gün əvvəl dünyada məzunları ən çox iş tapan universitetlərin siyahısı yayımlanıb. Araşdırmaya görə, ABŞ və İngiltərədə yerləşən ali təhsil müəssisələrinin məzunları daha rahat iş tapırlar. 

 

Massaçusets Texnologiya İnstitutu bu göstəriciyə görə birinci yerdədir. Kaliforniya Texnologiya İnstitutu, Stanford Universiteti və Harvard Universiteti, İngiltərənin Kembric Universiteti, ABŞ-nin Prinston Universiteti, İngiltərənin Oksford Universiteti, Tokio və Sinqapur Milli Universiteti də yuxarı yerlərdən birini tutur. Fransa, Almaniya və Çin məşğulluq reytinqində Böyük Britaniya və ABŞ ilə birlikdə ən yaxşı təmsil olunan ölkələr sırasındadır.

 

Azərbaycanda da Dövlət Məşğulluq Agentliyi tərəfindən hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasında ölkəmizdə fəaliyyət göstərən universitetlərin məzunlarının əmək bazarındakı yeri ilə bağlı məlumatlar dərc edilib.

 

Reytinqə görə, məzunları ən çox işlə təmin edilən ilk 3 universitet Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Dövlət Universitetidir.

 

Modern.az sözügedən məsələ ilə bağlı universitetlərin özləri ilə əlaqə saxlayıb.

 

Bakı Dövlət Universitetindən bildirilib ki,  BDU-nu hər il 6000-dək məzun bitirir, bu, xüsusilə yüksəkixtisaslı və təcrübəli kadrların üstünlük təşkil etdiyi sahələrdə rəqabəti artırır: “BDU-nun Karyera və Məzunlarla İş Mərkəzi vasitəsilə məzunlara müxtəlif təlimlər və seminarlar keçirilir, onlar əmək bazarında tələb olunan bacarıqlarla tanış edilir və müvafiq vakansiyalar barədə məlumatlandırılır. Eyni zamanda, BDU yerli və beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndirir və məzunları təcrübə proqramlarına yönləndirir. Hər il təşkil olunan karyera yarmarkaları vasitəsilə məzunlar işəgötürənlərlə birbaşa əlaqə qura bilir ki, bu da onların iş imkanlarını artırır.

 

2024-cü ildə BDU məşğulluq göstəricilərinin və işəgötürənlər arasındakı nüfuzunun artmasına görə dünyanın nüfuzlu reytinq təşkilatı “Quacquarelli Symonds” (QS) tərəfindən “Məşğulluq Göstəricilərinin Yüksəlməsi Mükafatı” (“Employment Performance Improvement Award”) ilə təltif olunub. Bu mükafat universitetin məzunlarının əmək bazarındakı mövqeyini və məşğulluq göstəricilərini daha da gücləndirməyə verdiyi önəmin göstəricisidir”.

 

Azərbaycan Texniki Universitetindən bildirilib ki, ali təhsil müəssisəsinin Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığına əsasən, məzunların məşğulluğu ilə bağlı göstəriciləri  mütəmadi olaraq əldə edilir: “Sözügedən göstəricilərə əsasən, məzunların böyük əksəriyyəti məzun olduqdan sonra öz ixtisasına uyğun olaraq əmək fəaliyyəti ilə məşğul olur”.

Bakı Slavyan Universitetindən isə qeyd edilib ki, BSU-nun məzunlarının məşğulluq göstəriciləri barədə aşağıdakı əsas məqamları vurğulamaq olar:

 

"Məzunların Ümumi Məşğulluq Səviyyəsi: Son 5 ildə məzun olmuş tələbələrin ümumi işə düzəlmə faizi 50%-dir. Bu, məzunların yarısının işlə təmin olunmasını göstərir.

İxtisas Üzrə Məşğulluq: İşlə təmin olunmuş məzunların 50%-dən çoxu ixtisasları üzrə çalışır. Bu, universitet məzunlarının ixtisaslarına uyğun sahələrdə uğurla fəaliyyət göstərdiyini  sübut edir.

Humanitar İxtisasların dominantlığı: Məzunların 80%-i humanitar sahələr üzrə təhsil alıb. Bu sahələrin əksəriyyəti pedaqoji yönümlü olduğundan, məzunların böyük hissəsi müəllim kimi fəaliyyət göstərir.

Müəllimlərin İş Yerləri: Pedaqoji ixtisas sahiblərinin çoxu: Dövlət məktəblərində (MİQ imtahanlarını keçərək), Özəl təhsil müəssisələrində, Tədris kurslarında və ya fərdi repetitorluq fəaliyyəti ilə məşğuldur.

 

Məzunların yarısının işlə təmin olunması rəqəmi bir qədər aşağı olsa da, onların ixtisasları üzrə işləmə faizinin 50%-dən yüksək olması, universitetin məzunlarının peşəkar biliklərinin əmək bazarında  dəyərləndirildiyini  göstərir. Bu məlumatlar Bakı Slavyan Universitetinin məzunlarının ümumi məşğulluq potensialı və ixtisas uyğunluğu üzrə fəaliyyətlərini qiymətləndirmək üçün mühüm statistik baza təqdim edir”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetindən qeyd edilib ki, ADPU məzunlarının işlə təmin olunma və məşğulluq göstəriciləri dinamik olaraq artmaqdadır: “Sonuncu yekunlaşmış tədris ilinin statistik göstəricilərinin təhlilinə əsasən qeyd edə bilərik ki, 2023/2024-cü tədris ilinin sonunda ADPU-dan bakalvriatura səviyyəsi üzrə 2317 nəfər məzun olub ki, bu məzunlardan 237 nəfəri həqiqi hərbi xidmətə yollanıb. Müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən məzunlardan 612 nəfəri uğurlu nəticə əldə edib. Həmçinin müvafiq ilin məzunlarından 142 nəfər dövlət orqan və müəssisələrində, 211 nəfər qeyri-təhsil istiqamətli  özəl sektorda işə düzəlib, 308 nəfər özəl təhsil müəssiəslərində işlə təmin olunub. 2023/2024-cü tədris ili məzunlarının məşğulluq faizi - 71% təşkil edir ki, hazırda təhsilini ölkə daxilində və xaricdə müxtəlif səviyyələr üzrə davam etdirən və hərbi xidmətdə olan məzunlar bu statistikaya daxil deyil. Qeyd edək ki, məzunlardan 812 nəfəri (35,1 %) magistraturaya qəbul imtahanlarının ixtisas seçimi mərhələsində iştirak etmək hüququ qazanıb. O cümlədən, bu il imtahanlarda ADPU-nun 2023-cü il məzunlarından 180 nəfər, 2022 və əvvəlki il məzunlarından 299 nəfər ixtisas seçiminə buraxılıb.  Onlardan 567 nəfər (25,6 %) Azərbaycanda magistraturaya qəbul olub. Qeyd edək ki, ötən il Pedaqoji Universitetdən məzun olan 2317 nəfər  bakalavrdan 385 nəfəri (18 %) magistraturaya qəbul olunub.

 

Müqayisə üçün qeyd edək ki, 2022/2023 tədris ilində ADPU-dan  2025  nəfər məzun olub. Onlardan 162 nəfəri hərbi xidmətə gedib, 406 nəfəri magistraturaya qəbul olub. 953 nəfəri müəllimlərin işə qəbulu imtahanlarında iştirak edib ki, bunlardan da  648 nəfəri minimum keçid balını toplayıb, 576 nəfəri təhsil müəssisələrində müəllim kimi çalışmaq hüququ qazanıb. Bu məzunlardan 433 nəfər özəl təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olur. 2022/2023 tədris ili məzunlarının məşğulluq faizi  69% təşkil edib.

 

2023-cü ildə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən dövlət qulluğunda inzibati vəzifələrin tutulması üçün A və B növləri üzrə keçirilən test  imtahanlarında uğur qazanan 4709 nəfərdən 256-sı ADPU məzunları olub ki, bu göstəriciyə görə ADPU təhsil müəssisələri arasında 4-cü pillədə qərarlaşıb.

 

Dövlət Məşğulluq Agentliyi tərəfindən ali təhsil müəssisələri ilə əməkdaşlıq əsasında hazırlanan “Məzunların məşğulluq reytinqi” platformasının təqdim etdiyi məlumatlara əsasən, 2018-2021-ci illərdə ADPU məzunlarının 51,6%-i işlə təmin olunub. Bu da analoji dövrdə ölkə üzrə məzunların ümumi məşğulluq səviyyəsinə yaxın göstəricidir (58,8%) və Pedaqoji Universitet məzunların işlə təmin olunması üzrə ölkə universitetləri arasında 4-cü yerdədir. 4 il ərzində məzunların işlə təmin olunması üzrə ən yüksək nəticə isə 2021-ci ildə (55,3%) müşahidə olunub.

 

İxtisaslar üzrə isə ən çox işlə təmin olunan məzunlar say baxımından Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirənlər, faiz nisbəti baxımından isə Riyaziyyat və informatika müəllimliyi ixtisasını bitirənlərdir (62,5 faiz). 

 

Pedaqoji Universitetin qadın məzunları məzun olduqdan 2-3 ay müddətində işlə təmin olunduğu halda, kişi məzunlarda bu müddət əksərən 13-15 ay olaraq qeydə alınır (hərbi xidmət və digər obyektiv səbəblərdən). ADPU məzunlarının işlədikləri 10 əsas iş yerindən 9-u ixtisas, 1-i qeyri-ixtisas üzrədir”.

 

Azərbaycan Universitetindən bildirilib ki, AU universitet olaraq əmək bazarının tələblərini, yeni çağırışları öyrənmək üçün iş dünyası ilə daim təmasda olmağa çalışır, indi və gələcəkdə hansı bilik və bacarıqlara təlabat varsa, tədris prosesində və təhsil poqramlarında nəzərə alınmasının əhəmiyyətinə inanır:

 

“Ötən tədris ili ərzində demək olar ki, bütün kafedralarında iş dünyasının nümayəndələri ilə görüşlər keçirilib.

 

Müzakirə zamanı  təhsil proqramlarının əmək bazarının tələbələrinə və müasir standartlara uyğunlaşdırılması; ixtisas sahələri ilə bağlı yeni texnologiya və metodların proqramlara daxil edilməsi; təhsil proqramlarına bir sıra yeni kompetensiyaların əlavə edilməsi; problem həll etmə və analitik bacarıqların inkişafı kimi yumşaq bacarıqlarla bağlı kompetensiyaların təhsil proqramlarında da öz əksini tapması; ixtisasla bağlı tələb olunan bacarıq və səriştələrin təhsil proqramlarında ətraflı şəkildə əks olunması və bu kimi məsələlərə toxunulub. 

 

Azərbaycan Universiteti bu istiqamətdə davamlı işləyir, Karyera Mərkəzimiz həm tələbələrimizə, həm də məzunlarımıza iş müraciətlərində,  gələcək iş fəaliyyətləri ilə bağlı məsələlərdə köməklik edir, məsləhət xidməti göstərir, onları iş dünyasına hazırlamaq üçün müxtəlif təlim, tədbir, infotur və görüşlər təşkil edir, o cümlədən təcrübə proqramları, vakansiyalar haqqında məlumatları onlara çatdırır.

 

Məzunlarımızın məşğulluq səviyyəsi haqqında əlimizdə müəyyən statistika var. Amma bu statistika real mənzərəni təxmini olaraq ortaya qoyur. Çünki məzunlarımızdan hərbi xidmətdə olanlar, təhsillərini ölkə daxilində yaxud xaricində magistratura pilləsində davam etdirənlər var. Özəlliklə 2024-cü il məzunlarımızın böyük əksəriyyəti hazırda hərbi xidmət keçir. Həmçinin məzunlarımız öz məşğulluq vəziyyətləri ilə bağlı məlumatları bizimlə könüllülük prinsipi əsasında bölüşürlər.

 

Biz bakalavriat səviyyəsində I, II və III ixtisas qrupları üzrə mütəxəssis hazırlayırıq. Bəzi ixtisaslarda məşğulluq səviyyəsi olduqca yuxarıdır, bəzilərində isə göstəricilər bir qədər aşağıdır.

 

Ümumilikdə isə son 2-3 ildə əmək fəaliyyətinə başlayan məzunlarımızın sayı 50 faizə yaxınlaşır.  Bu sahədə rəqəmlərin dəqiqləşdirilməsi, statistikanın daha da təkmilləşdirilməsi üzərində işləyir, məzunlarla əlaqələrimizi gücləndirməyə çalışırıq”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən verillən məlumata görə, AzMİU məzunları inşaat və memarlıq sahəsində artan ehtiyac fonunda əmək bazarında əhəmiyyətli yer tuturlar:

 

“Bu sektorun inkişafı – xüsusilə şəhərsalma, infrastruktur layihələri və Qarabağın yenidənqurulması ilə əlaqədar genişmiqyaslı işlər – ixtisaslı mütəxəssislərə olan tələbatı artırır.

 

AzMİU-nun Təcrübə və Karyera Mərkəzi tələbə və məzunlara peşəkar təcrübə və iş imkanları təqdim edir. Universitetin əməkdaşlıq etdiyi dövlət və özəl sektor müəssisələrində məzunların əksəriyyəti təhsil dövründə təcrübə keçdikdən sonra işlə təmin olunur. Karyera sərgiləri və CV hazırlama təlimləri də məzunların iş tapmaq bacarıqlarını gücləndirir.

 

Son statistikaya əsasən, AzMİU məzunlarının 76%-i təhsildən sonra işlə təmin olunur. Bu, universitetin əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığını uğurla həyata keçirdiyini göstərir. İnşaat və memarlıq sektorundakı artan tələb, AzMİU məzunlarının karyera perspektivlərinin daha da genişlənməsinə səbəb olur”.

 

Bakı Mühəndislik Universitetindən bildirilib ki, BMU məzunlarının işlə təmin olunmasına görə ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biridir:

 

“Son illərdə universitet məzunlarının 70 faizə yaxını işlə təmin olunub. Onların 72,5 %-i öz ixtisası üzrə çalışır. Bundan başqa, ötən tədris ilində 1287 bakalavr məzundan 50 faizə yaxını hazırda Azərbaycanda və müxtəlif xarici ölkələrdə magistratura təhsili alır.

 

Tanınmış özəl və dövlət şirkətlərinin gələcək kadrlarını BMU tələbələri arasından seçməsi universitetdəki təhsilin keyfiyyətinin  ən bariz nümunəsidir.

 

Hazırda BMU məzunları dünyanın bir çox ölkəsində (ABŞ, Kanada, Kolumbiya, Rusiya, Almaniya, Avstraliya, Sudan, Çexiya, Danimarka, Fransa, İngiltərə, İsveç, İtaliya, Meksika, Qazaxıstan, Yaponiya, Türkiyə və s.) çalışırlar.

 

BMU-nun Müəssisələrlə əlaqələr və karyera departamenti tərəfindən ölkə daxilində və xaricdə olan məzunlarla daha sıx əlaqələr qurulur. “Məzun Gmail Qrupu” (BMUmezunu@googlegroups.com)  vasitəsilə məzunlar vakansiyalar, tədbirlər və seminarlar barədə məlumat əldə edirlər. İşsiz məzunlarla tez-tez əlaqə saxlanılır, onlar yeni iş yerləri və vakansiyalardan xəbərdar edilir”.

 

Gəncə Dövlət Universitetindən qeyd edilib ki, GDU-da buraxılış kurs tələbələri  30-a yaxın məktəbdə, 50-yə yaxın istehsalat  müəssisəsində  iki tərəfli  bağlanmış müqavilə əsasında təcrübədə iştirak edirlər:

 

“İşə qəbul ilə əlaqədar  olaraq tələbələrə vakant  yerlər haqqında məlumatlar verilir. Buraxılış kurs tələbələrinin məlumat bazası həmin təşkilatlara göndərilir. Məzunların  işə qəbulu Təcrübə və Karyera   Şöbəsi tərəfindən izlənilir”.

Seçilən
11
4
modern.az

5Mənbələr