Türkiyənin xarici işlər naziri Hakan Fidan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallant haqqında verdiyi həbs qərarını "ədalətin təzahürü" kimi qiymətləndirib. Hakan Fidan rəsmi "X" internet səhifəsində etdiyi paylaşımda Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qallant haqqında verdiyi qərarın ümidverici olduğunu bildirib.
Hakan Fidan sözügedən qərarın, fələstinlilərə qarşı soyqırım törədən İsrail rəsmilərinin ədalət qarşısına çıxarılması baxımından çox vacib bir addım olduğunu vurğulayıb. O, Beynəlxalq hüququn soyqırımı cəzalandırmaq üçün bütün qurum və qaydalarla həyata keçirilməsini təmin etmək üçün çalışmağa davam edəcəklərini qeyd edib. "Bu, təkcə öldürülən fələstinlilər deyil, bütün məzlum xalqlar və gələcək nəsillər qarşısındakı borcumuzdur",-deyə Hakan Fidan vurğulayıb.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın "Qəzzada törədilmiş hərbi və insanlığa qarşı cinayətlərə görə" həbsinə qərar verdiyini açıqlayıb.