AZ

Diri ikən "ölən" adam - AFFA rəhbərlərinin hesablaşmadığı Sərxan Hacıyev

Neçə vaxtdır kuluarlarda söhbət dolaşır ki, Sərxan Hacıyevi AFFA-dan çıxaracaqlar. Dünən mətbuatda da bu barədə yazılıb. Məlumatda qeyd edilib ki, AFFA prezidenti Rövşən Nəcəf onun yerinə öz adamını gətirmək istəyir icraçı vitse-prezident postuna. 

Açığı, adama həm inandırıcı gəlir, həm də gəlmir. Ona görə inandırıcı gəlir ki, AFFA prezidentinin Sərxan Hacıyevlə hesablaşmaması, yumşaq desək, onu ciddiyə almaması kənardan da açıq-aşkar sezilir. 

Bu azmış kimi, AFFA-da əsas söz sahiblərindən olan Balakişi Qasımovun da Hacıyevə münasibəti birmənalı deyil. Bir müddət əvvəl mətbuata açıqlama verən Balakişi bəy İcraiyyə Komitəsində 3 futbol adamının yer aldığını demişdi - Qurban Qurbanov, Səməd Qurbanov və Maqsud Adıgözəlov. Qurbanovlarla bağlı məsələ məlumdur. Qurban Qurbanov futbol adamı, Səməd Qurbanov isə futbol veteranıdır. Lakin cəmi 6-7 ildir futbol sferasına gətirilən Adıgözəlovu qeyd edib, Sərxan Hacıyevi bu siyahıya daxil etməmək Balakişi Qasımovun ona olan münasibətini göstərir. 

Sərxan Hacıyev futbol sahəsində fəaliyyətə hakim kimi başlayıb, uzun illərdi AFFA strukturunda çalışır. Bu sahədəki təcrübəsi 15 ildən çoxdur. Lakin AFFA rəhbərləri onu futbol adamı saymır. Balakişi Qasımovun həmin açıqlaması Sərxan Hacıyev üçün ciddi mesaj olmalıydı.

Elxan Məmmədovun ölkə futbolundan uzaqlaşdırılmasında əhəmiyyətli rol oynayan Sərxan Hacıyev belə görünür ki, daha onlara lazım deyil. O, diri ikən "ölən" adama bənzəyir. Hərdənbir danlanmaq üçün mətbuat qabağına verilsə də, icraçı vitse-prezident seçiləndən sonra daha çox fəaliyyətsizliklə yadda qalıb. 

Sərxan Hacıyevin yerinə Rövşən Nəcəfin öz adamını təyin etməsinin inandırıcı olmamağına gəlincə, ölkə futbolunda zatən kadr çatışmazlığı var. Bacarıqlı adamları yaxın buraxmırlar, yüksək vəzifələrə yalnız öz adamları təyin olunur. Bəla da odur ki, özününkülər arasında futbolumuzun yükünü daşıyacaq kadrlar yoxdur. Elə götürək, Rövşən Nəcəfin "Neftçi"yə gətirdiyi Fərrux Mahmudovu. Adam ölkənin ən köklü klubunu nə günə qoyubsa, "Neftçi" o vaxtdan özünə gələ bilmir.

Belə görünür ki, Sərxan Hacıyev də hər şeyi zamanın axarına buraxıb. Özü hər hansı radikal qərar verəsi deyil. "Get", desələr gedəcək, "qal" desələr qalacaq. 

Həmid

saytlarin hazirlanmasi

Seçilən
14
sportal.az

1Mənbələr