22 noyabr görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun doğum gündür.
Missiya.Az xatırladır ki, Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ilin bu günü Gəncə şəhərində dünyaya göz açıb.
O 1948-ci ildə Bakı Konservatoriyasını bitirib. Gəncə və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyalarının bədii rəhbəri, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb. F.Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa edilib. Bəstəkarın müəllifi olduğu yeni, simfonik muğam janrı “Şur” , “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil edilib. Cəfər Cabbarlının dramı əsasında yazdığı “Sevil” operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. Sənətkar, musiqili komediya janrında da “Ürəkaçanlar”, “Gözün aydın” kimi maraqlı əsərlər yaradıb. F.Əmirovun məşhur baletləri olan “Min bir gecə” və “Nəsimi” dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir. 2010-cu ilin yayında Qəbələ şəhərində London Filarmonik Orkestri onun “Kürd ovşarı” simfonik muğamını ifa edib.
Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Zərintac MayisqızıMissiya.Az