AZ

Yeni qərar: Sentyabrın 15-dək...

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilib.

 

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, kvota Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hər ilin başlanmasına 1 ay qalmış təsdiq ediləcək. Əvvəl bu müddət 3 ay idi.

 

Həmçinin, qərara əsasən, işəgötürənlərin əcnəbi işçi qüvvəsinə tələbatını müəyyən etmək məqsədi ilə əcnəbi işçi qüvvəsini cəlb etmək niyyətində olan işəgötürənlər hər il avqust ayının 1-dək Dövlət Miqrasiya Xidmətinə növbəti il üçün Məşğulluq Təsnifatı üzrə peşələr göstərilməklə əcnəbi işçi qüvvəsinə (o cümlədən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində) tələbat haqqında proqnoz-məlumat (forma əlavə olunur) təqdim edəcəklər. Əvvəl bu məlumatı may ayının 1-dək təqdim edirdilər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakıları hər il sentyabr ayının 15-dək Komissiyaya təqdim edəcək:

 

-növbəti il üçün əmək bazarı və demoqrafik inkişaf proqnozlarını;

 

-mövcud əmək ehtiyatları potensialı, həmçinin işsizlər və sərbəstləşən işçilər üzrə proqnozları;

 

-işçi qüvvəsinə olan tələbatın yerli əmək ehtiyatları hesabına ödənilməsi, eləcə də əcnəbi işçi qüvvəsinin cəlb olunması nəzərdə tutulan müvafiq peşələr üzrə işsizlərin və sərbəstləşən işçilərin peşə hazırlığına və yenidənhazırlığa cəlb olunması imkanlarına dair proqnoz-məlumatı;

 

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz və ya işaxtaran kimi qeydiyyatda olan şəxslərin müvafiq peşələri barədə məlumatı;

 

-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən əcnəbilərin iş icazəsi əsasında qüvvədə olan əmək müqavilələri üzrə təhlillər (iqtisadi fəaliyyət növləri, əməkhaqqı qrupları, peşə və vəzifələr və s. üzrə)


Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi aşağıdakıları hər il sentyabr ayının 15-dək Komissiyaya təqdim edir:

 

- ölkənin iqtisadi inkişaf prioritetləri üzrə məlumatı;

 

- növbəti il üçün ölkənin makroiqtisadi vəziyyəti, o cümlədən sosial-iqtisadi artım, məşğulluq və onun iqtisadi fəaliyyət növləri üzrə bölgüsü haqqında proqnozları.

 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi hər il sentyabr ayının 15-dək növbəti il tam orta təhsil bazası üzrə ümumi təhsil müəssisələrində, peşə və ixtisaslar üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsillərini başa çatdıracaq Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumatı Komissiyaya təqdim edir.


Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti aşağıdakıları hər il sentyabr ayının 15-dək Komissiyaya təqdim edir:

 

- cari və ötən il ərzində ölkəyə gələn, ölkədən gedən, ölkədə müvəqqəti olan və müvəqqəti yaşayan əcnəbilərin sayı haqqında məlumatı;

 

- cari və ötən il ərzində ölkədə qeyri-leqal haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması aşkar edilmiş əcnəbilər haqqında iqtisadi fəaliyyət növləri üzrə məlumatı;

 

- Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almış əcnəbilərin mənşə ölkələri və iqtisadi fəaliyyət növləri üzrə sayı haqqında məlumatları (bu Qaydanın 4.4.3-1-ci yarımbəndində göstərilən məlumatlar istisna olmaqla);


haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almış Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilən əcnəbilərin mənşə ölkələri və iqtisadi fəaliyyət növləri üzrə sayı haqqında məlumatları;

 

-iş icazələrinin müddətinin uzadılması tendensiyası əsasında il ərzində müddətlərinin uzadılması gözlənilən iş icazələrinin sayı üzrə proqnozları (iqtisadi fəaliyyət növləri üzrə);

 

-cari və ötən il üçün təsdiq edilmiş kvotadan istifadə olunması vəziyyətinə dair məlumatı (iş icazələri qüvvədə olan əcnəbilərin adlı siyahısı göstərilməklə);

 

- işəgötürənlərin növbəti il üçün əcnəbi işçi qüvvəsinə tələbatına dair ümumiləşdirilmiş proqnoz-məlumatı.


Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti aşağıdakıları hər il sentyabr ayının 15-dək Komissiyaya təqdim edir:

 

- Hasilatın Pay Bölgüsü sazişlərinin icrası ilə bağlı növbəti il üçün podratçı və subpodratçı şirkətlər də daxil olmaqla, əcnəbi işçi qüvvəsinə peşə və ixtisaslar üzrə tələbat haqqında proqnoz-məlumatları;

 

- Hasilatın Pay Bölgüsü sazişləri ilə müəyyən edilmiş yerli və əcnəbi işçi qüvvəsi nisbətinə əməl olunması vəziyyətinə dair məlumatı.

 

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il oktyabr ayının 15-dək Komissiyaya təqdim olunan məlumatlar əsasında icmal hazırlayaraq Komissiya üzvlərinə təqdim edir.

 

Komissiya bu Qaydaya uyğun olaraq əcnəbi işçi qüvvəsinə tələbatı proqnozlaşdırır və iqtisadi fəaliyyət növləri üzrə növbəti il üçün kvota ilə bağlı təkliflər hazırlayaraq hər il noyabr ayının 10-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək. İndiyə qədər bu məlumat sentyabrın 15-dək təqdim edilirdi.

 

APA

Tarix: 22 Noyabr 2024, 11:55   
Seçilən
25
1
pravda.az

2Mənbələr