AZ

Qış aylarında yollarda sürücülər və piyadalar üçün təhlükənin həll yolları

Qarşıdan qış ayları gəlir. Bu aylarda xüsusilə yağıntılı havalarda yol təhlükəsizliyi məsələsi daha da önəmlidir. Sürücülərin sürətə diqqət etməməsi, piyadaların keçidlərdən düzgün istifadə etməməsi və yol infrastrukturu ilə bağlı problemlər ciddi təhlükələr yaradır. Bu problemlərin həlli üçün işıqlandırma, yol təmizlənməsi və infrastrukturun yaxşılaşdırılması kimi tədbirlərin vacibliyi aktual olaraq qalır.

Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı qış aylarında yağıntılı havalarda sürətin nəzərə alınmalı olduğunu bildirib:

"Sürücülərin ən çox diqqət etməli olduğu sürət məsələsidir. Çünki yağışlı, dumanlı havada görüntü məhdudiyyəti yaranır. Amma bəzi sürücülər əvvəlki qaydada-necə gəldi maşın sürürlər. Mütləq nəzərə almaq lazımdır ki, bu risk onları ölümə apara bilər. 
İndiki hallarda piyadalar üçün də təhlükə var. Onların keçidlərdən düzgün istifadə etməməsi, normal infrastrukturun olmaması təhlükə yaradır. 
Bir çox yeraltı və yerüstü keçidlərdə işıqlandırma yoxdur. Yollardakı zebraların rəngi solur, piyadalar ümumiyyətlə oradan keçə bilmirlər. Bunlar da ciddi problemlərdir və çox ciddi fəsadlar törədirlər. Bu məsələlərə ciddi, həssas yanaşmaq lazımdır ki, insanlar rahat və təhlükəsiz şəkildə bir nöqtədən digər nöqtəyə gedə bilsinlər. Təəssüf ki, bununla bağlı yaxşı nə isə danışa bilmirik. Çünki vəziyyət tam olaraq ürək açan deyil. Son dövrlərdə müəyyən dəyişikliklər edilir. Lakin tam olaraq arzu olunan səviyyəyə gəlmək üçün xeyli vaxt lazım olacaq". 

Ekspert yolların günəş enerjisi ilə işıqlandırılmalı olduğuna da diqqət çəkib:

"Yolların işıqlandırılması həm sürücü, həm də piyadalar üçün ən vacib məsələdir. Adiyyatı qurumlar bu məsələyə də diqqət yetirsələr günəş enerjisindən istifadə etməklə yollarımızı çox səmərəli şəkildə işıqlandırmaq olar. Bunun üçün böyük bir şəbəkə qurmağa ehtiyac yoxdur. Ona görə də indidən bu məsələləri nəzərə almaq lazımdır.
Qarlı havalarda vaxtında yolların buzdan təmizlənməsi üçün duz, qum səpilməlidir. Bizim pis bir təcrübəmiz var ki, ancaq mərkəzi yol və küçələr təmizlənir, digərləri isə Allahın ümidinə qalır. Bu belə olmalı deyil. Bütün ərazilərə baxış eyni bucaqdan olmalıdır. Təəssüf ki biz hər il bu problemləri deyirik, lakin aradan qaldırılmadığını gördükcə üzülürük".

(cross.media)

Seçilən
6
avtosfer.az

1Mənbələr