AZ

Gənc oğlan özündən 37 yaş böyük kişini niyə qətlə yetirdi? – TƏFƏRRÜAT

Göyçay rayonunda 2005-ci il təvəllüdlü İsmayıl Babazadə özündən 37 yaş böyük olan 1968-ci il təvəllüdlü Əli Əliyevi qətlə yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İsmayıl 10 sentyabr 2021-ci ildə, gecə saat 3 radələrində əvvəldən tanıdığı Əlinin təkbaşına yaşadığı evinə onun dəvəti ilə gəlib. Əlinin evində spirtli içki qəbul etdikdən sonra, Əlinin onun haqqında başqa şəxslərin yanında xoşagəlməyən ifadələr işlətməsi səbəbindən aralarında mübahisə yaranıb. 

Həmin gün saat 6 radələrində Əli Əliyevin yaşadığı evin həyət darvazasının qarşısında davam edən mübahisə zamanı bıçaqla xəsarətlər yetirib. Əli aldığı xəsarətlərdən ölüb. 

Hadisəni törədən İsmayılın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 9 sentyabr 2021-ci ildə ofisiant işlədiyi “Xurma bağı” restoranında olarkən, dostu Nihad ortaq tanışları olan və birlikdə işlədiyi İlkinə zəng edib, İlkinin telefonu ilə Nihadla danışıb: “Nihad Hüseynin də gəldiyini və axşam görüşməyi dedi. Saat 12 radələrində İlkinlə birlikdə işdən çıxaraq Göyçay şəhərində yerləşən “Təzə bazarda” çayxanaya getdik. Həmin vaxt orada Hüseyn, Nihad, İlkin və özüm olmuşam. Nihad ilə Hüseyn çay içdi. İlkin və özüm isə pivə içdik. Çayxanada olarkən Hüseynin telefonu ilə Əlinin istifadəsində olan mobil nömrəsinə zəng etdim. Harada olduğunu soruşdum və görüşmək istədiyimizi dedim. Əli ona öz evində olduğunu, evə gəlməyimizi, evdə hazır yemək olduğunu və spirtli içki alıb onlara gəlməyimizi dedi. Bazardan çayxanadan çıxdıq, piyada Heydər Əliyev prospektinə, həmin prospektdə olan piyada keçidinin yanına gəldik. Orada İlkin bizdən ayrıldı və evinə getdim. Özümüz isə piyada “Nar Marketin” yanına getdik. Taksiyə minmək istədikdə, əmim Fizulunin gəldiyini gördüm və əl edərək saxlatdım. Əmimə bizi “Dördyol” adlanan yerə aparmasını dedim. Əmim nə üçün evə getmədiyimi dedi, marketdən bazarlıq edərək evə gedəcəyimi dedim”.

İsmayılın sözlərinə görə, daha sonra Nihadla birlikdə “Dördyol” adlanan ərazidə yerləşən “Anar” marketə girib və oradan “Miraj” adlı 750 qramlıq spirtli içki olan araq alıb, həmçinin ev üçün bazarlıq edib: “Bundan sonra mağazadan çıxaraq əmimin maşınına oturdum və əmimə bizi evə düşürməsini dedim. Əmim bizi evə gətirərək düşürdü və getdi. Ev üçün etdiyim bazarlığı gətirərək evimizə verdim. Sonra Əlinin evinə getmək üçün taksi axtardım. Həmin vaxt polis əməkdaşları bizə yaxınlaşaraq saatın gec olduğunu, nə üçün çöldə olduğumuzu soruşdular. Bu zaman hava almaq üçün çıxdığmızı, evimizə getdiyimizi dedim”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Hüseyn atasının ona zəng etdiyini, evə gedəcəyini deyib, onlardan ayrılaraq evinə gedib: “Bundan sonra Nihadla “Vaz 2107” markalı avtomobilə oturduq. Lakin həmin taksinin sürücüsünü tanımadım. Həmin sürücü xarici görünüşcə 60 yaşlarında, ağ saçlı, bir qədər hündür olub. Taksi ilə Göyçay şəhəri, Nəriman Nərimanov küçəsində “Terrace” restoranının yanındakı Sadiq adlı şəxsin işlətdiyi mağazaya getdik. Oradan içmək üçün su aldıq. Bundan sonra taksi ilə Əlinin evinə getdik. Taksi bizi Əlinin evinin qarşısında düşürərək getdi. Təxminən saat 3 radələrində Əlinin evinə çatdıq. Darvazanın bağlı olduğunu gördük, qapını döydük. Əli gələrək qapını açdı və içəri girdik. Evə qalxdıq, evin qarşısındakı eyvanda oturduq. Əli yemək üçün hazır küftə olduğunu dedi. Biz köməkli süfrə açdıq və oturaraq yemək yeməyə başladıq. Nihadla birlikdə öz aldığımız arağı içdik. Əli isə evdə olan araqdan içdik. Birlikdə yemək yeyib, spirtli içki qəbul etdik. Əlinin evində olarkən spirtli içki qəbul etdik. Sonra Əli məni mətbəx otağına çağırdı. Bu zaman mətbəxə keçdik, Nihat isə eyvanda qaldı. Mətbəxdə olarkən Əli “niyə mənə elə tərs-tərs baxırsan, mənə baxıb gülürsən” dedi. Bu zaman Əliyə “necə baxıram ki, ümumi danışıb-güldüyünü” bildirdim. Əli ona pis mənada baxıb gülənə “var-yox” söyüşü işlətdi. Əliyə söyüşə ehtiyac olmadığını bildirdim. Həmçinin Əlinin içkili olduğunu gördüm, eyvana keçdim və Nihata işarə edərək getməyi bildirdim. Nihat da işə gedəcəyimizi deyərək getməyimizi bildirdi. Eyvandan düşdük və getmək istəyərkən Əli arxamızca çağırdı, gözləməyimizi dedi. Dayandıqda, Əli “siz mənə hörmətsizlik edirsiniz, gəlib çörəyimi yeyib çıxıb gedirsiniz” dedi. Əliyə işə getməli olduğumuzu, “sənə nə hörmətsizlik edirik?” dedim. Bu zaman Əli daha da aqressivləşdi, ucadan danışmağa və söyüş söyməyə başladı”. 

İsmayılın ifadəsinə görə, Əli ucadan danışdığı üçün yaxınlıqda yaşayan qardaşı Elson gəlib, Elson həmin vaxt üzərlərinə qışqırmağa başlayıb və nə üçün gəldiklərini, nə istədiklərini deyib: “Elso da qardaşının bizi çağırdığını, ona görə gəldiyimizi dedi. Bundan sonra Əli Elsonla birlikdə darvazadan çölə çıxdı, bir-biriləri ilə danışdılar və mübahisə etdilər. Əli Elsonla danışdığı müddətdə yolun kənarında dayanmışdıq. Orada olan dəmir borunun üzərində oturmuşdum, Nihat isə ayaq üstə dayanmışdı. Əli Elsonla bir qədər danışdıqdan sonra, Elson çıxaraq getdik. Həmçinin, gedərkən bizə “gözləyin paltarımı dəyişib gəlirəm” dedi. Bu zaman Əli yaxınlaşaraq “İsmayıl bura gəl sənə sözüm var” dedi. Yerimdən qalxaraq İsmayılın arxasınca getdim. Nihat isə arxamca gəldi. Əli həmin vaxt həyətdən içəri keçərək çölə çıxdı. Əli çölə çıxdıqda özüm darvazanın ağzına çatdım. Əli çölə çıxdıqda, sonuncunun əlində bıçaq olmasını gördüm. Əli həmin vaxt “siz mənə hörmətsizlik edirsiniz, gəlib çörəyimi yeyib çıxıb gedirsiniz” dedi. Əliyə “sənə nə hörmətsizlik edirik, işimiz var, ona görə gedirik” dedi. Əli “sizin nə üçün getdiyinizi bilirəm” dedim. Nə üçün getdiyimizi soruşdu, “var-yox” söyüşü söydü. Həmin söyüşü götürə bilmədiyimi, buna görə də getmək istədiyimi dedim. Əliyə “artıq sözlər danışma, sən bizi qonaq çağırmısan, qonaq çağırdığın adamlara “var-yox” söyüşü işlədirsən, bu gündən sonra səninlə salamı da kəsirik” dedim. Həmin vaxt Əli bıçağı açaraq üstümə gəldi, mənimlə əlbəyaxa olduq. Əli mənə bıçaqla xəsarət yetirmək istədi. Həmin vaxt bıçaq mənə dəyməməsi üçün arxaya çəkildim.” 
İsmayıl qeyd edib ki, bu zaman fürsət taparaq tez bıçağı Əlinin əlindən alıb və qatlayaraq cibinə qoyub: “Həmçinin Əliyə “sən mənim üstümə bıçaq çıxarırsan?” dedim. Əli "bıçağımı qaytar” dedi. Mən isə qaytarmayacağımı dedim. Əli də bu zaman darvazadan içəri keçdi. Getmək istəyərkən Əli darvazadan çıxaraq “İsmayıl qaqa, bura gəl” dedi. Həmin vaxt Əlinin yumşaldığını hiss etdim, ona tərəf getdim. Əliyə çatdıqda, sonuncu əli ilə çiynimdən yapışdı. Bu zaman Əlinin əlində mətbəx bıçağı olmasını gördüm. Əlinin həmin bıçağı haradan götürməsini bilməmişəm.  Əlinin əlindən qatlanan bıçağı alaraq getmək istəyərkən, Əli darvazadan içəri girdi,  sonra çölə çıxdı. Əli çiynimdən yapışaraq yenidən mənə bıçaq ilə xəsarət yetirməyə çalışdı. Bu zaman Əli ilə əlbəyaxa oldum. Həmçinin, Əlinin əlində bıçaq olmasını gördüm. Zərbədən yayınmaq və Əlinin əlindən çıxmaq istədim. Bu zaman Əli ilə əlbəyaxa olarkən, ilk əvvəl darvazaya, sonra isə yaxınlıqda olan dirəyə dəydim. Əli bu zaman söyüş söyməyə başladı və məni bıçaqla vurmaq istədi. Əlinin söyüş söyməsindən əsəbiləşdim. Həmçinin sonuncunun bıçaqla məni vurmaq istədiyini gördüm, bir qədər əvvəl Əlinin əlində olan və cibində saxladığı qatlanan bıçağı çıxardım. Əliyə bıçaqla zərbə vurdum. Həmin vaxt əsəbi olduğum üçün Əliyə neçə zərbə vurmağım və hansı nahiyyəsindən vurmağım yadımda qalmayıb”. 

İsmayıl bildirib ki, daha sonra Əlinin əlindən çıxıb, kənara qaçıb, bu zaman Nihatla birlikdə qaçarkən Əli ilk əvvəl arxalarınca gəlib: “Sonra isə geri qayıtdı. Nihatla birlikdə qaçaraq küçənin aşağısına çatarkən Əlinin əlində taxta parçası ilə mənə tərəf gəldiyini görməsini və “sizi sabah tutacam” demisini bildirdi. Bundan sonra Əli geri qayıtdı və darvazanın qarşısında yerə yıxıldı. Küçənin aşağısına çatdıqda Elsonun həyat yoldaşının küçəyə çıxdığını görərək qaçıb getdik. İlk əvvəl xəstəxananın qarşısına gəldik, adını bilmədiyim və “Caqo” kimi tanıdığı taksi kimi fəaliyyət göstərən şəxsə bizi ana babamgilə aparmasını dedim. Sonuncu bizi babamgilə apardıqda, qapının bağlı olduğunu gördüm. Bundan sonra Nihatgilə getdik. Nihatgilə çataraq onun otağına girdik. Həmin vaxt Nihatın otağı evə girən zaman evdə kimin olmasını görmədim. Anams zəng etmək istədiyim üçün Nihat anasının telefonunun otağa gətirdi. Anama zəng etdikdə, sonuncu hadisədən xəbəri olduğunu, bibimin ona zəng etdiyini və evə gəlməyimi dedi. Bundan sonra Nihatla birlikdə evə getdim. Əliyə xəsarət yetirdiyim qatlanan bıçağı özüm ilə götürdüm. Evə çatdıqda bıçağın üzəri qanlı olduğu üçün mətbəxə keçdim, orada olan qab yumaq üçün istifadə edilən dəmir tor ilə bıçağın üzərindəki qanı su ilə yudum. Bıçağın üzərində qan qalmadı. Lakin anam bıçağı yumağımı görmədi. Bıçağı yudum, şkafın üzərinə, dəmir toru isə qab yuma  üçün yerin yanına qoydum. Bundan sonra polisə gedərək təslim olmaq istədim. Həmin vaxt evimizə polis gəldi və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getdim. Oradan isə rayon prokurorluğuna gətirildim. Bir daha bildirdim ki, mənim Əlini öldürmək kimi fikrim olmayıb”. 

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İsmayıl 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin əməlini Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyasının həddindən aşağı həddə cəza təyin olunmasını xahiş edib. 

Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi də hökmdən narazı qalıb və apellyasiya şikayəti verib.  Nümayəndə verdiyi şikayətində hökmün ləğv edilərək işin ibtidai araşdırmaya prosessual nəzarəti həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. 

Hər iki tərəfin şikayəti araşdırılması üçün Şəki Apellyasiya Məhkəməsinə gönmdərib. Şikayətlərin dəlillərini araşdıran hakimlər heyəti sonda qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin müdafiəçisinin, həm də zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin edilməyib.

Fariz Məlikli
Demokrat.az
Seçilən
5
demokrat.az

1Mənbələr