Hakim Yeni Azərbaycan Partiyası (YAP) özünün 32 yaşını qeyd edib. Bununla əlaqədar YAP-da bir sıra tədbirlər keçirilib, digər siyasi təşkilatlardan təbrik mesajları alınıb.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasını parlamentdə təmsil edən deputat Şamil Ayrım, ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının sədr müavini İlhan Üzgel YAP-ın 32-ci ildönümü ilə bağlı Modern.az-a danışıblar.
Ak partiyalı deputat Şamil Ayrım bildirib ki, YAP-la Ədalət və İnkişaf Partiyası arasındakı əlaqələr həm tarixi, həm də strateji baxımdan güclüdür:
"AK Partiya xüsusilə də 2000-ci illərdən Azərbaycana dəstəyini artırıb, hər iki ölkə arasında iqtisadi, mədəni və hərbi əlaqələr dərinləşib. Prezidentlər İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında möhkəm dostluq və siyasi işbirliyi var. Hər iki partiya arasında əlaqələr sadəcə siyasi deyil, eyni zamanda regional sabitlik, enerji və iqtisadi sahələrdəki müştərək layihələrə dayanır. Xüsusilə də 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanla birlikdə hərəkət etməsi və 15 iyun 2022-ci ildə imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini müttəfiqlik səviyyəsinə gətirib.
YAP qurulduğundan bu yana Azərbaycanın iqtisadi inkişafında önəmli rol oynayıb. Neft və təbii qaz resurslarının düzgün formada istifadəsi, beynəlxalq investisyaların cəlb olunması və infrastrukturun gücləndirilməsi YAP hakimiyyəti zamanı daha da sürətlənib. Bununla yanaşı, YAP hakimiyyəti dövründə Azərbaycan "Dağlıq Qarabağ" konfliktini 2020-ci ildə qazandığı Zəfərlə həll edib və ərazi bütövlüyünü bərpa edib".
Ş.Ayrım YAP-ın 32-ci ildönümü münasibətilə partiyanın bütün üzvlərini təbrik edib:
"Bu xüsusi gündə YAP-a uğurlarının davamını arzu edir, Azərbaycanın daha parlaq gələcəyə doğru irəliləməsinə olan töhfələri artırmasını diləyirəm. Partiya üzvlərinə, bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah dolu gələcək arzu edirəm".
Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müavini İlhan Üzgel Azərbaycanla əlaqələri inkişaf etdirməyə böyük əhəmiyyət verdiklərini deyib:
"Can Azərbaycanla əlaqələrin inkişafına partiyamız böyük əhəmiyyət verir. Azerbaycan son illərdə böyük iqtisadi inkişafa nail olub. Partiyamız bunu yaxından izləməkdədir. Azərbaycanın beynəlxalq sahədəki fəaliyyətindən məmnunuq. COP29 konfransının Bakıda keçirilməsi Azərbaycan diplomatiyasının uğurudur".
Müsahibimiz CHP sədri Özgür Özellə Prezident İlham Əliyev arasında 8 noyabr Zəfər Günündə baş tutan telefon danışığını da xatırladıb.
"Həmin telefon danışığı olduqca səmimi atmosferdə keçib. Sədrimiz cənab İlham Əliyevin timsalında Azərbaycan xalqının Zəfər Gsnünü təbrik edib. Bu telefon danışığı partiyamızla Azərbaycan arasında bağları qüvvətləndirib".