AZ

Putin nüvə silahı demədi

Kremlin yeni nüvə doktrinasına görə, Rusiya ərazisinə istənilən hücuma qarşı nüvə silahından istifadə edilə bilər. Yəni bu doktrinaya görə Rusiyanın Ukraynanın ABŞ-ın uzaqmənzilli raketləri ilə zərbələri qarşılığında nüvə başlıqlı raketlərdən istifadəsi mümkündür.

Yeni doktrinanı qəbul etmək asandır, ancaq onu reallaşdırmaq çətindir, gərək tək Ukraynaya qarşı deyil, ona raketlər verən ölkələrə qarşı da nüvə başlıqlı silahlardan istifadə etməlisən. Bu isə nüvə müharibəsinin başlanması deməkdir. Çünki hədəf seçilən ölkələrin də nüvə silahı var, onlar da səni vuracaq. Bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin çətin seçim qarşısındadır. O ya yeni doktrinaya uyğun hərəkət etməli, ya da Rusiya ərazisinin ABŞ, Böyük Britaniya və digərlərinin raketləriylə vurulmasını seyr etməkdə davam etməlidir. Birinci addımı dünyanı fəlakətə sürükləyirsə, Putinin ikinci seçimi onun imicinə mənfi təsir edəcək. Kreml sahibi ikisindən birini seçməli, ya da vasitəçilərin Kiyevlə danışıqlar şərtini qəbul etməlidir.

Vladimir Putin ABŞ və Böyük Britaniya raketləri ilə Rusiya ərazisinə zərbələr endirilməsinin Rusiya-Ukrayna müharibəsini regional qarşıdurmadan qlobal qarşıdurmaya çevrildiyini bildirib. Haqlıdır, ancaq bu haqda Ukraynaya qarşı müharibəyə başlamadan əvvəl düşünmək lazım idi. Putinin sözlərinə görə, Rusiya ərazisini hədəf alan raketlər məhz amerikalı hərbçilər tərəfindən idarə olunur, çünki ukraynalı hərbçilər həmin raketləri idarə edə bilməzlər. Putin bu məsələdə də haqlı ola bilər. Ancaq yenə eyni sual yaranır: İkinci Dünya Müharibəsindən sonra ilk dəfə Rusiya ərazisində niyə partlayışlar baş verir?

Vladimir Putin televiziya çıxışında “təcavüzkar hərəkətlərin eskalasiyası halında biz də qətiyyətlə və qarşılıqlı şəkildə cavab verəcəyik” ifadəsini işlədib. Ancaq Putin təxminən 8 dəqiqəlik çıxışının heç bir yerində “nüvə silahı” ifadəsi işlətməyib. Kreml sahibi bununla nüvə müharibəsi təhlükəsinin miqyasını anladığına və bundan çəkinəcəyinə işarə edib. O danışıqlardan imtina etmədiyi fikrini bir daha xatırladıb. Buna rəğmən, tərəflər bir-birlərinə uzaq mənzilli raketlərlə zərbələr endirməkdə davam edəcəklər. Hazırda gərginliyin artmasında Ukrayna maraqlı görünür, Kiyev Rusiya ərazisini ABŞ və Böyük Britaniya raketləri ilə vurduqca Kremlin Vaşinqton və Londonla qarşıdurması artır. Kiyev bununla müharibəni Putinin də dediyi kimi qlobal müstəviyə keçirir.

Seçilən
14
50
vaxt.az

10Mənbələr