AZ

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib - FOTO

Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən Herbiand.az-a verilən məlumata görə, mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib.

Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini xüsusi vurğulayıb, onlara sərhədçi peşəsini dərindən mənimsəməyi, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmağı, komandir-rəis heyətinin əmr və tapşırıqlarını dəqiq, vaxtında yerinə yetirmələrini tövsiyə ediblər.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi And içiblər. Sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini üzərilərinə götürən gənc əsgərlərin nümunəvi hərbi qulluqçu kimi Hərbi Anda və dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Müzəffər Ali Baş Komandana daim sadiq qalacaqlarına, ərazi bütövlüyü və suverenliyi bərpa olunmuş Vətən sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına əminlik ifadə edərək onlara uğurlar arzulanıb.

Mərasim zamanı valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək, Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.



Seçilən
6
9
herbiand.az

10Mənbələr