AZ

Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Son bir neçə ayda qızılın qiyməti davamlı olaraq artmaqdadır.

Bu tendensiya investorların qızıla olan marağının artması ilə izah olunur.

Hətta bir qram qızılın qiymətinin 180 manatadək yüksələcəyi də deyilir. 

Maraqlıdır, Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Qızıl satışı ilə məşğul olan Tural Qarayev adlı satıcı “Cebheinfo.az” a açıqlamasında deyib ki, hazırda qızılın qiyməti çox yüksəkdir, bəzən alış qiymətinə qızılı satmalı olurlar:

“Qızıl qiyməti pandemiyadan sonra cüzi artdı. Amma 2022 və 2023-cü illərdən sonra qızıl qiyməti fantastik dərəcədə yüksəldi. Məhz qızılın qiymətinin bu qədər yüksək olması satıcılara da sərf etmir. Çünki alıcı qıtlığı ilə üzləşirik. Nəticədə qızılı alış qıymətinə satmalı oluruq. Həmçinin, qızıl bazarında daha çox satış etmək üçün qızılın keyfiyyətini aşağı salan satıcılar da çoxalıb. Buna görə də qızılın qiymətinə yox keyfiyyətinə baxmaq lazımdır”.

O bildirib ki, bu gün vətəndaşlar qızıl alarkən kefiyyətinə əmin olmaq üçün satıcıdan onun sertifikatını tələb edirlər:

“Son zamanlar ölkəmizdə bu artıq dəb halını alıb. Vətəndaşlar bilməlidirlər ki, istənilən mala sertifikat düzəltmək mümkündür, Hətta sertifikatın köməyi ilə saxta malı baha qiymətə orijinal adı ilə satmaq daha asandır. 

Çünki alıcılar sertifikatı olan qızıllara daha çox etibar edirlər. Ən çox satılan əyar damğası isə 750 İtaliyan qızılıdır. Bunlara aldanmamaq üçün mütləq qızıl almadan öncə yoxlatdırmaq lazımdır”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, qızıl bazarı illərdir nəzərətsiz durumdadır:

“Qızıl bazarı bir bataqlıqa çevrilib. Hər çür dələduzluqdan istifadə edilir. Nadir hallarda dürüst zərgərlər tapmaq olur. Bir çox  zərgər qızıla qatqılar qatır və dələduzluq edirlər. Alıcılar isə saxta qızıl alanda onu geri qaytarmaqda çətinlik çəkirlər.

Ustəlik Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli, 114 nömrəli qərarına əsasən, qızıl və qızıl məmulatları geri qaytarılmayan dəyişdirilməyən mallar siyahısındadır. Qanunvericiliyə görə, qızıl xoşuna gəlmədisə nə qaytara, nə də dəyişdirə bilərsən. Bu qanun istehlakçıların ziyanınadır”.

Ekspert vurğulayıb ki, yenidən Bakı şəhərində Əyar Palatasının yaradılmasına ehtiyac var:

“Artıq 6 ildən çoxdur ki, Əyar Palatası fəaliyyət göstərmir. Əgər o qurum yenidən fəaliyyətə başlayarsa, saxta yollarla qızıl satışı həyata keçirilən xeyli sayda dələduz ortaya çıxar. Bu baxımdan, Əyar Palatasının yenidən bərpa olunmasına ehtiyac var”.

O qeyd edib ki, saxta qızıl alqı-satqısı ilə məşğul olanlara qarşı ən radikal üsullarla tədbirlər görülməlidir:

“Dövlət səviyyəsində qızıl alqı-satqısı ilə məşğul olanlara qarşı mübarizəni Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilməsini təklif edirəm. Əgər onlar buna nəzarət edərlərsə, dələduzlar həm bu işdən çəkinər, həm də onların sayı azalar”.

Seçilən
4
cebheinfo.az

1Mənbələr