AZ

Pakistanın şimal-qərbində hücum zamanı 42 nəfər ölüb

Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətinin Kurram rayonunda noyabrın 21-də naməlum şəxslərin konvoya hücumu nəticəsində 42 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.

"Dawn" qəzetinin məlumatına görə, silahlı qrup Paraçinardan Pişəvər şəhərinə gedən şiə müsəlmanları daşıyan mikroavtobusları atəşə tutub.

Hayber-Paxtunxva əyalətinin nazirlərindən olan Aftab Alam verdiyi açıqlamada hücumda 42 nəfərin həyatını itirdiyini bildirib.

Alam qeyd edib ki, hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam edir.

Bildirilib ki, 20 yaralıdan 10-nun vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər.

Hayber-Paxtunxva Administrasiyasının sözçüsü Məhəmməd Əli Seyf bildirib ki, karvanda təxminən 200 avtomobil var və hücum edənlər əvvəlcə polisə atəş açıblar.

Hadisəyə görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Prezident Asif Əli Zərdari hücumu pisləyib və həlak olanların yaxınlarına başsağlığı verib.

Baş nazir Şahbaz Şərif də hücumu pisləyib və hücum edənlərin müəyyən edilərək mühakimə olunmasını əmr edib.

Pakistanın daxili işlər naziri Muhsin Naqvi hadisəni “terror hücumu” kimi qiymətləndirib.

Hayber-Paxtunxva əyalətinin Baş naziri Əli Əmin Qandapur hücumda həyatını itirənlərin ailələrinə maddi yardım ediləcəyini açıqlayıb.



Seçilən
9
trt.net.tr

1Mənbələr