AZ

İllik dövriyyəsinin 10%-i qədər cərimələnə bilər - Avropada Amazonla bağlı yeni araşdırma qapıdadır

Avropa İttifaqında (Aİ) Amazon-a qarşı onlayn bazarda öz brend məhsullarını təbliğ edib-etməməsi ilə bağlı araşdırma açıla bilər. Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində mümkün olan bu araşdırma, texnologiya nəhənglərini idarə etməyə yönəlmiş qaydalar çərçivəsində qiymətləndiriləcəkdir.

 Marja.az "Reuters"ə istinadən xəbər verir ki, məsələdən xəbəri olan mənbələr araşdırmanın 2024-cü ildə başlaya biləcəyini bildirib. Qərarı Aİ-nin rəqabət üzrə yeni rəhbəri Teresa Ribera verəcək.

Gələn ay vəzifəsinin icrasına başlayacaq Ribera Marqret Vestageri əvəz edəcək.

Amazon qlobal dövriyyəsinin 10 faizi qədər cərimələnə bilər

Bildirilir ki, Amazon günahkar bilinərsə, illik qlobal dövriyyəsinin 10 faizi qədər cərimə oluna bilər. Şirkət öz açıqlamasında DMA qaydalarına əməl etdiyini və bu məsələdə Avropa Komissiyası ilə əməkdaşlıq etdiyini vurğulayıb. Amazon xüsusilə iddia edir ki, məhsul sıralama modelləri məhsulların Amazona aid olub-olmamasına görə ayrı-seçkilik etmir.

DMA, böyük texnologiya şirkətlərinin öz platformalarında öz məhsul və xidmətlərini prioritetləşdirməsini qadağan edən və bu şirkətlərə daha böyük şəffaflıq öhdəlikləri qoyan hərtərəfli qaydadır. Amazon-dan başqa Apple, Google və Meta kimi digər texnologiya nəhəngləri də oxşar araşdırmalarla üzləşirlər.

Reuters-in məlumatına görə, Avropa Komissiyası Amazon-un öz brend məhsulları ilə bağlı siyasətini araşdırmaq üçün mart ayında məlumat toplamağa başlayıb. Lakin Komissiya bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Xəbərlə bağlı təfərrüatların ortaya çıxmasından sonra Amazon-un səhmləri 3 faiz ucuzlaşaraq 196,91 dollara düşüb.

Seçilən
19
marja.az

1Mənbələr