( Dünən yaşlı bir qadın gördüm... Anamın bənzəri...Sac üstündə kətə bişirirdi...Əlləri eynən anamın əlləri!..)
Fələyin bəlkə də son günahıdı -
Yarılan ruhumun ön cinahıdı...
Mənim ürəyimin oğul ahıdı -
Ağlaya, ağlaya yazdığım şeir...
Əlləri gözümün önündə - diri
Telləri gözümün önündə - diri!
Yaman qucaqlayıb bu məzar piri -
Ağlaya, ağlaya yazdığım şeir...
Üzünün işığı axır üzündən,
Gözünün işığı baxır gözündən!
Küsən uşaq kimi qalxır dizindən -
Ağlaya, ağlaya yazdığım şeir...
Başından sürüşən çalması - nağıl
Bu gecə mənimlə qalması - nağıl...
Bütün nağılların alması - nağıl -
Ağlaya, ağlaya yazdığım şeir!
Boynuna sarılmaq ən böyük istək ,
Allahdan umduğum bir anlıq dəsdək!
Sənə görünürəm dəli tək, məst tək -
Ağlaya ağlaya yazdığım şeir!..
...Fələyin bəlkə də son günahıdı -
Yarılan ruhumun ön cinahıdı...
Mənim ürəyimin oğul ahıdı -
Ağlaya, ağlaya yazdığım şeir...