AZ

Şimali Koreya yeni silahlarını təqdim edib – Kim Çen In yenə ABŞ-ni hədələyib

Şimali Koreyada ən müasir silahların sərgiləndiyi “Milli Müdafiə İnkişafı-2024” adlı yarmarka keçirilib.

“AzPolitika” xəbər verir ki, sərgidə ölkənin ən son texnologiyalı müdafiə təyinatlı məmulatlarının, o cümlədən strateji və taktiki silahların nümayiş olunduğu açıqlanıb. Şimali Koreya hökumətinin dərc etdiyi fotoşəkillərdə qitələrarası ballistik və hipersəs raketləri, həmçinin pilotsuz uçuş aparatları, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və tanklar görünüb.

Sərgidə çıxış edən Şimali Koreya lideri Kim Çen In ABŞ-ni ölkəsinə qarşı təzyiq və təxribatlarda ittiham edib. O, bildirib ki, Vaşinqtonun addımları Koreya yarımadasını görünməmiş “termonüvə müharibəsi” riski ilə qarşı-qarşıya qoyur.

Çıxışında milli müdafiə sənayesinin əhəmiyyətini vurğulayan Kim daha sonra sözlərinə bu cür davam edib:“Düşmən qüvvələrinin sanksiyaları müstəqil müdafiə sənayemizi gücləndirməyin zəruri olduğunu ortaya qoyur. Dünya müharibələrindən bu yana ən xaotik və şiddətli dövrü yaşayırıq. ABŞ-nin dünyanı öz maraqlarına uyğun idarə etmək kimi vicdansız taktikaları və səbəb olduğu bütün ziddiyyətlər və münaqişələr fəlakətə çevrilib”.

ABŞ-ni indiyə qədər irəli sürdüyü diplomatik həll səylərinə görə tənqid edən Kim, “ABŞ ilə danışıqlarda hər cür cəhd etdik, lakin bunun müqabilində gördüyümüz tək şey Şimali Koreyaya qarşı dəyişməz işğalçı və düşmənçi bir yanaşma oldu”,- deyib.

“AzPolitika.info”

Seçilən
23
azpolitika.info

1Mənbələr