AZ

Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Zurab Jvania Dövlət İdarəçilik Məktəbinin direktoru Ketevan Jakeli ilə görüşüb.

TƏHSİL.BİZ xəbər verir ki, görüşdə F.Quliyev Azərbaycan-Gürcüstan münasibətlərinin artan xətt üzrə inkişaf etdiyini, xüsusilə təhsil sahəsində aidiyyəti dövlət qurumları arasındakı faydalı əməkdaşlığın töhfələrini diqqətə çatdırıb. Burada yaşayan soydaşlarımızın təhsilinə dəstək məqsədilə Azərbaycan tərəfindən aparılan dövlət siyasəti, təşəbbüslər, eləcə də Gürcüstanda həyata keçirilmiş sosialyönümlü infrastruktur layihələri barədə məlumat verən diplomat tələbələrlə aparılan işin, bu ölkənin ali təhsil müəssisələri ilə mövcud olan təmasların əhəmiyyətini vurğulayıb. Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımızın təhsil məsələləri ilə bağlı təşəbbüs və layihələrə dəstək verməyə hər zaman hazır olduğunu qeyd edən səfir bildirib: “Məlumat mübadiləsi, qarşılıqlı səfərlər, birgə layihələrin hazırlanması və həyata keçirilməsi qarşımızda yeni perspektivlər açır”.

K.Jakeli isə Dövlət İdarəçilik Məktəbinin təhsil proqramları, həmçinin Gürcüstanın müxtəlif bölgələrində yaşayan, eləcə də yerli bələdiyyələrdə fəaliyyət göstərən dövlət qulluqçuları olan soydaşlarımız üçün təşkil edilən təmənnasız dövlət dili təkmilləşdirmə təlimləri, ixtisasyönümlü dil tədrisi, sertifikasiya mərhələləri və dilöyrənmə metodikasına dair tətbiq olunan müasir texnoloji yeniliklər barədə məlumat verib. Rəhbərlik etdiyi qurumun beynəlxalq tərəfdaşlarla aidiyyəti sahələr üzrə əməkdaşlıq münasibətlərindən söz açan K.Jakeli səfirliyin dəstəyi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq tərəfdaş qurumla əlaqələrin möhkəmləndiriləcəyinə inamını ifadə edib, eyni zamanda, Gürcüstanda birgə layihə və təşəbbüslərin həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

Söhbət zamanı birgə həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti sahələr üzrə tərəflər arasında əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində əlaqələndirilmiş fəaliyyətin təşkili barədə razılıq əldə olunub.

Seçilən
31
tehsil.biz

1Mənbələr