AZ

Uzman mama-ginekoloq: Hamilələr əsasən bu səbəblərdən dünyalarını dəyişirlər

“Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik”.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib. 
“Ölkəmizdə 2000-ci ildə qadın məsləhətxanaları və qadın məsləhətxanası olan tibb müəssisələrinin sayı 313 idi. 2023-cü ildə isə onların sayı 3 dəfə azalaraq 106-ya düşüb. Ana və körpə ölümlərinin, abortların sayının artmasını müşahidə edirik. Ana və uşaqların sağlamlıqlarının qorunması baxımından belə müəssisələrin sayının artması, bu sahədə peşəkar kadrların hazırlanması, xüsusilə onların kənd yerlərində işləməsi üçün imkanların yaradılması məqsədəmüvafiq olardı”, - deyə komitə sədri bildirib.
Komitə sədri qeyd edib ki, qadınların çoxu əmək bazarında aktiv iştirak edə bilmir.
“Qadınlar məşğul əhalinin 47,9 faizini təşkil edir. Bununla yanaşı, qeyri-fəal iqtisadi əhalinin 55,7 faizi qadınlardır. Yəni, qadınların böyük hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri də məktəbəqədər təhsil müəssisələrinin çatışmamasıdır.
Rəsmi statistik məlumata əsasən, məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş 1-5 yaşlı uşaqların xüsusi çəkisi son 13 ildə artaraq 34,6 faiz olub. Bu göstərici əvvəlki illərlə müqayisədə xeyli artıb. Amma uşaq bağçalarının və qayğı mərkəzlərinin az olması bəzi rayon, qəsəbə və kəndlərdə qadınları işləmək imkanlarından məhrum edir”, - deyə H.Hüseynova bildirib.

Uzman mama-ginekoloq Rəşad Sultan “Sherg.az”a bildirib ki, dünyada doğuş zamanı ana ölümlərinin səbəbləri bəllidir:

“Hamilələr qan axma, infeksiya, tromboemboliya kimi səbəblərdən dünyalarını dəyişirlər. Bizim və inkişaf etmiş digər ölkələrdə qan axmaya görə ölüm birinci yerdə dayanır. Bunu aradan qaldırmaq üçün riskli hamilələr tam təkmilləşmiş yardımın edilə biləcəyi müalicə müəssisələrinə, xüsusi cərrahi briqadaların və reanimasiya işinin yaxşı təşviş olunduğu yerlərə göndərilə bilərlər. Çünki məsələ sadəcə qanaxmanı dayandırmaqdan ibarət deyil. Vaxtında qan köçürmək və reanimasiya işinin təşkili də önəmlidir. Düşünürəm ki, ölkəmizdə bu məsələlər göz ardı edilir. Hamilə qadınların neçə vaxtdan bir həkim qəbulunda olması anlayışı yoxdur. Yəni hamilə qadına hər pasiyent kimi fərdi yanaşılmalıdır. Çünki hər birinin özünə görə müəyyən baxılma vaxtları var. Bunlar da Azərbaycan Səhiyyə Nazirliyinin hamilələrə qulluq  protokolunda qeyd olunub. Ümumiyyətlə hamilələrə dövlət xəstəxanasında qəbul pulsuzdur. Özəl xəstəxanalarda isə bildiyim qədəri ilə hamilə qəbulu 30-50 manat arasında dəyişir. Daha az və daha çox qiymətə də ola bilər. Lakin orta qiymət budur”.
Seçilən
12
sherg.az

1Mənbələr