AZ

Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib.
Oxu.Az xəbər verir ki, "Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafı: QHT-lərin rolu" adlı beynəlxalq konfransda Qoşulmama Hərəkatına dördillik sədrliyi dövründə Azərbaycanın mühüm qlobal təşəbbüslərə imza atması, iqlimlə bağlı fəaliyyət də daxil olmaqla, ölkələr arasında həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfə verdiyi xüsusi vurğulanıb. Xarici QHT-lər Qlobal Cənubun aparıcı ölkələrindən biri olan Azərbaycan dövlətini COP29-u uğurla təşkil etdiyinə görə təbrik ediblər.
Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb və bəyanata qoşulmağı bütün COP29-da iştirak edən QHT-lər üçün açıq elan edib.
Bəyanatda Azərbaycana güclü dəstək ifadə olunur, onun qlobal roluna diqqət çəkilir, COP29 çərçivəsində sülhün və kollektiv qlobal fəaliyyətin təşviqi üçün iqlim danışıqları zamanı müharibələrin dayandırılmasına yönəlmiş Azərbaycanın "COP Atəşkəs Çağırışı" təqdir edilir. Dünya dövlətləri iqlim dəyişmələrinin humanitar aspektlərinə, o cümlədən həssas icmaların müdafiəsinə, sosial ədalət və ekoloji böhranlara qarşı dayanıqlılığa üstünlük verməyə, öz hərəkətlərini "COP Atəşkəs Çağırışı"nın ruhuna uyğunlaşdırmağa dəvət olunur.
Sənəddə iqlimə davamlılıq və humanitar problemlərin həllində, Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış inklüziv siyasətlərin təşviqində QHT-lərin mühüm rola malik olması qabardılır, iqlim maliyyələşdirilməsini və yerli səviyyələrdə təşəbbüsləri dəstəkləmək üçün hökumətlər, maliyyə institutları və QHT-lər arasında əməkdaşlığın genişləndirilməsinin zəruriliyi ifadə olunur. Qlobal miqyasda QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlimlə bağlı fəaliyyətin təşviqində, xüsusilə regional iqlim problemlərini və icma əsaslı həlləri dəstəkləyən tərəfdaşlıqların təşviqində rollarını gücləndirməyə çağırılır.
Bəyanatda, həmçinin ən yaxşı təcrübələri bölüşmək, dayanıqlı inkişafa təkan vermək üçün iqlim fəaliyyəti üzrə əməkdaşlıq şəbəkəsi kimi Azərbaycan Milli QHT Forumunun təşəbbüsünə dəstək olaraq, Qlobal Cənub QHT Platformasının yaradılmasının vaxtının çatdığı bildirilir.
COP29-da təmsil olunan vətəndaş cəmiyyəti üzvlərinə açıq olan bəyanata 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal imza atıb.
Qeyd edək ki, dünya ölkələrinin 71 faizini əhatə edən regionlardan vətəndaş cəmiyyəti təsisatlarının Azərbaycan QHT-lərinin təşəbbüsünə dəstək ifadə etməsi ölkəmizin QHT tarixində ilk dəfə baş verir.
Seçilən
24
50
oxu.az

10Mənbələr