AZ

İcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? - AÇIQLAMA

Bizim 01.03.2024-cü il tarixli icarə müqaviləmiz var. Lakin obyekt fəaliyyətə başlamadığı üçün onu vergi orqanında uçota almamışıq. Hazırda bu obyektlə bağlı xərclər çəkilir. Obyekt qeydiyyata alındıqdan sonra 01.03.2024-cü il tarixindən bugünə qədər ödəmə mənbəyindən vergi hesablanacaqmı? Bu xərclər gəlirdən çıxılan xərclərə aid ediləcəkmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az-a bildirilib ki, Vergi Məcəlləsinin 115.3-cü maddəsinə əsasən, icarəyə götürülmüş əsas vəsaitlər üzrə təmir xərclərinin gəlirdən çıxılması bu Məcəllənin 115.4 – 115.6-1-ci maddələrinə uyğun olaraq müəyyən edilir.

Vergi Məcəlləsinin 115.6-1-ci maddəsinə əsasən, icarəçinin balansında uçota alınmayan əsas vəsaitlərin təmirinə çəkilən və icarə haqqı ilə əvəzləşdirilməyən, yaxud icarəyə verən tərəfindən əvəzi ödənilməyən xərclər bağlanmış müqavilə müddəti ərzində, lakin 5 ildən az olmayaraq, illər üzrə mütənasib məbləğlərdə amortizasiya olunmaqla gəlirdən çıxılır. İcarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilən xərclər hər il üzrə ayrıca olaraq kapitallaşdırılır və bu maddə ilə müəyyən edilmiş qaydada amortizasiya olunur.

İcarəyə götürdüyünüz təsərrüfat obyektinin (subyektinin) vergi uçotuna alınması üçün icarə müqaviləsi əlavə edilməklə “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında Ərizə”ni obyektin yerləşdiyi ərazi üzrə vergi orqanına təqdim etməlisiniz.

Vergi Məcəlləsinin 58.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisinin bu Məcəllənin 33.2-ci maddəsinə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

İcarəyə verən hüquqi şəxs olduqda ödəmə mənbəyində vergitutma öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 33, 115 və 124-cü maddələri.

Seçilən
18
1
fed.az

2Mənbələr