1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu gün kino sənətimizin inkişafında böyük xidmətləri olan görkəmli aktyorumuz, Dövlət mükafatı laureatı, Xalq artisti Həsən Məmmədovun doğum günüdür.
Oxu.Az xatırladır ki, Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət Radiosunda diktor işləyib.
1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib.
Kino aktyoru kimi ildən-ilə məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevralın 2-də "Azərbaycanfilm" kinostudiyasına işə qəbul edilib.
O, 1989-cu ildə Cəmil Əlibəyovun "Gülüstanda qətl" dramının tamaşasında İlyas İbrahimov rolunu oynayıb. O, Akademik Teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvəti ilə 1992-ci ildən ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışıb.
Kinoda çəkildiyi rollar Həsən Məmmədovun yaradıcılığında xüsusi yer tutur.
O, "Böyük dayaq" ("Qaraş"), "Arşın mal alan" ("Əsgər"), "Gün keçdi" ("Oqtay"), "Arxadan vurulan zərbə" ("Qəmərlinski"), "Bizi bağışlayın" ("Nəriman"), "Birisi gün gecəyarısı" ("Baba Əliyev"), "İstintaq" ("Murad"), "Dədə Qorqud" ("Dədə Qorqud"), "Axırıncı aşırım" ("Abbasqulu ağa Şadlinski"), "Sevil" ("Balaş"), "Yeddi oğul istərəm" ("Bəxtiyar"), "Bir cənub şəhərində" ("Murad"), "Qızıl qaz" ("Fərman"), "Bakıda küləklər əsir" ("General"), "Alma almaya bənzər" ("Qurban"), "Səmt küləyi" ("Əlibala"), "İstintaq davam edir" ("Əzimov"), "Şahid qız" ("Polkovnik"), "Qəm pəncərəsi" ("Məmmədhəsən əmi"), "Papaq" ("Mirzə Səfər"), "Həm ziyarət, həm ticarət" ("Əlimurad"), "Zirvə" ("Kamil") filmlərində yaddaqalan rollar yaradıb.
Baku Televiziya
Həsən Məmmədov teatr və kino sənətində göstərdiyi xidmətlərə görə 1971-ci ildə "Əməkdar artist", 1982-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
"İstintaq" bədii filmindəki "Murad" roluna görə 1981-ci ildə SSRİ Dövlət, "Birisi gün gecəyarısı" kino lentindəki "Baba Əliyev" obrazına görə isə Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif edilib.
Görkəmli aktyor 2003-cü il avqustun 26-da vəfat edib.