AZ

"Belə oyunla millimizə elə D divizionu yaraşır" - MÜSAHİBƏ

Azərbaycan milli komandasının veteran futbolçusu Saşa Yunisoğlu Sportal.az saytına müsahibə verib. O, milli komandamızın hazırkı durumuna şərh bildirib.

- Azərbaycan millisi İsveçə 0:6 hesabı ilə məğlub oldu. Bu görüşdə bizə qələbə lazım idi. Möcüzəyə inanırdınız? 

- Möcüzəyə inanmırdım. Əmin idim ki, İsveçdə məğlubiyyət qaçılmazdır. Çünki millimizin son oyunları bizə heç cürə ümid vermirdi. Amma o faktdır ki, bizə mütləq qələbə lazım idi və futbolçuların da oyuna yüksək motivasiyalı, yaxşı köklənməsini və inamlı, əzmkar, məqsədli oyun nümayiş etdirəcəyini gözləyirdim. Lakin tam əksinə oldu. Nəticədə Azərbaycan futbolunun tarixində millimizin ən bərbad oyununu izlədik. 6:0 hesabına hələ şükür etməliyik. Birinci ən azından 8:0 bitməli idi. Bəli, böyükhesablı məğlubiyyətlər olub. Ancaq  bu qədər zəif oyunu mən ilk dəfədir izləyirdim. 

- Fernandu Santuş Azərbaycan millisinə kömək olmaq üçün Azərbaycana dəvət olunmuşdu. Amma milli onun rəhbərliyi altında artıq D divizionuna düşdü. Bu haqda fikrin necədir? 

- Belə oyunla millimizə elə D divizionu yaraşır. Futbolçuların keyfiyyəti, Azərbaycan Premyer Liqası və millilər arasında fərqə əsasən demək olar ki, milli D divizionu üçün yararlıdır. Əslində, Santuşun günahı azdır. O, həqiqətən kömək eləməyə gəlib. Düşünürdü ki, bizdə futbolçu ordusu var. Amma indi anladı ki, ümumi 50 nəfərin içindən 11 nəfər yığmaq da çətindir. D diviziona düşdüyümüzü tək Santuşun üstünə atmaq olmaz. Portuqaliyalı şehrbaz deyil. Günah bütün futbol ictimaiyyətindədir. 

- Azərbaycan millisinin D divizionunda oynaması futbolumuz adına böyük ayıb kimi qəbul edirsən, yoxsa reallığı əks etdirən mənzərədir?

- Təbii ki, hamımız üçün ayıbdır. Çünki D divizionunda millilərin çoxu qeyri-peşəkar futbolçulardan ibarətdir. Adamlar çörək sexində şləyir, biri santexnikdir, digəri motoristdir. Axşamlar millinin məşqi üçün yığışırlar. Bizimkilər də özünü peşəkar sayırlar. D divizionuna düşməyimiz artıq futbolun dibi deməkdir. Bu mənzara reallığı əks etdirir. Futbolçu yoxdur, yeni nəsil Musa Qurbanlı, Nəriman Axundzadə U-21 yığmasında normal futbol oynaya bilmirdilər, qalmışdı ki, A millidə. Aşağıdan əsas milliyə gələn yoxdur. Budur problem.

- Səncə, hazırki periodda bizə Fernandu Santuş lazımdır?

- İndiki halda Santuşu çıxarsalar, müqaviləyə əsasən kompensasiya veriləcək və yeni məşqçiyə da küllü miqdarda pul ayrılacaq. Həmin pulu uşaq futboluna yönəltmək lazım idi. Millimizin baş məşqçisi də azərbaycanlı olmalıdır. Fernandu Santuş və ya başqasını, güclü və potensiallı milli olanda gətirmək lazımdır ki, daha da irələyiş, inkişaf əldə edilsin. Amma indiki halda Santuş heç nə edə bilməyəcək.

- Azərbaycan millisini hazırkı durumdan nə, kim və hansı addım çıxara bilər? Uşaq futbolu yəqin ki, düzəlməyincə, stadionlar olmayınca nəsə gözləməyə dəyməz A millidən?

- Yaxşı evi tikmək üçün keyfiyyətli fundament olmalıdır. Fundament isə məhz uşaq futboludur. Uşaq futbolunu qaldırmasaq, millimiz heç vaxt yaxşı nəticə əldə etməyəcək. Birinci növbədə infrastruktur və uşaqların məşqləri üçün yaxşı şərait lazımdır. Şərait isə geniş mövzudur. Bura təkcə məşq meydançası yox, həm də qalmağa yer, qida, təhsil və sair məsələlər aiddir. Ondan sonra tək milli komandalar yox, həm klublar, önəmli yaş qrupları: U-15,U-16,U-17,U-19-dan başlayaraq ildə ən azından 2 dəfə beynalxalq yarışlarda iştirak etməlidirlər. Məşqçilər da hər zaman xaricə savadını artırmaq üçün kurslara göndərilməlidir. Xaricdə bunların hamısı var və bunu əminliklə deyirəm. Gənclər Çempionlar Liqasında “Bazel”ə qarşı “Sabah”ın oyunu bizim üçün böyük təcrübə oldu. “Bazel”in uşaqlarının məşq etmək üçün 20 meydançası var. Onlar hər il bir neçə dəfə böyük turnirlarda iştirək edirlər, rəqibləri də İspaniya , İtaliya, Fransa, Almaniya klublarıdır. Biz inkişaf etmək istəyiriksə bu yolunun heç olmasa 50 faizini getməliyik. Amma bunların hamısı böyük vəsait tələb edir. Sual yaranır, biz buna hazırıq?

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
15
1
sportal.az

2Mənbələr