AZ

Cahangir Həsənzadə: “Qrupdan çıxmağı ancaq xəyal edə bilərik”

Azərbaycan yığmasının sabiq qapıçısı Cahangir Həsənzadənin futbolinfo.az saytına müsahibəsi

– Üstündən bir neçə gün keçsə də, hələ də millimizin İsveçə böyükhesablı (0:6) məğlubiyyəti haqda danışılır. Ağır yenilginin səbəbi nə idi?

– Açıq şəkildə göründü ki, rəqibin oyunçuları bizim futbolçulardan daha hazırlıqlı idi. Üstəlik, millimiz tam əsas heyətlə çıxış etmirdi. Bu da böyükhesablı məğlubiyyətdə rol oynayan amillərdəndir. Çünki Azərbaycan yığması kimi komandalar maksimum dərəcədə əsas heyəti ilə oynamalıdır ki, bu cür məğlubiyyət qeydə alınmasın. Rəqibin gücünü də qeyd etməliyik.

– Həm son matçda, həm də Estoniya ilə Qəbələdəki görüşdə qapı xəttində Rza Cəfərov yer aldı. Onun çıxışı haqda nə deyə bilərsiniz? Yaxın gələcəkdə millinin əsas qolkiperi olmaq potensialı varmı?

– Rzanın hər iki görüşdə iştirakı müsbət məqamdır. Cəfərovun beynəlxalq təcrübəsi hələ kifayət qədər deyil. Amma belə oyunlarda həmin təcrübəni toplayacaq. Ümid edirəm ki, həm “Neftçi”nin, həm də millinin heyətində növbəti matçlarda da qapıda yer alacaq. Bu cür davam etsə, düşünürəm ki, onun üçün yaxşı olacaq. Çünki potensiallı qapıçıdır və gələcəkdə Azərbaycan millisinin “1 nömrəsi” ola bilər. Onu da əlavə edim ki, daha gənc olan, kifayət qədər keyfiyyətli qolkiperlərimiz də var. Bu isə 3-5 il ərzində millinin qapı xəttində yaxşı rəqabətin yaranacağından xəbər verir.

– Millətlər Liqasında D liqasına düşdük. Bu fiaskonun əsas günahkar(lar)ı kim(lər)dir?

– Bəli, D liqasına düşdük. Sözsüz ki, bu, xoşagəlməz hadisədir. “Cırtdan ölkələr”lə bir sırada olmaq üzücüdür. Lakin bu da bir mərhələdir. Zənnimcə, bu, dönüş nöqtəsi olacaq. Artıq irəliyə doğru addımlamağa başlamalıyıq.

– Millətlər Liqasında fiasko yaşayan yığmamızdan dünya çempionatının seçmə mərhələsində nə gözləyək?

– Millətlər Liqasında D liqasına yuvarlaşmışıqsa, dünya çempionatının seçmə mərhələsində qrupdan çıxmağı ancaq xəyal edə bilərik. Lakin D liqasına düşməyimiz bir təsadüf idi. Ümid edirəm ki, D liqasında keyfiyyətli futbol göstərərək yenidən C liqasına qayıdacağıq. Dünya çempionatının seçmə mərhələsindəki oyunumuzun da buna ümid verəcəyinə əminəm.

– Milli komandamızın nəticələrinin yaxşılaşması üçün çıxış yolunu nədə görürsünüz?

– Azərbaycan Premyer Liqasının rəqabətədayanıqlı çempionat olması vacibdir. Artıq aparıcı oyunçularımız, gənc futbolçularımız Avropanın müxtəlif klublarında çıxış etməlidirlər. Bu amillər əsas yığmamızın səviyyəsini kifayət qədər qaldıra bilər. Sözsüz ki, bu, 1-2 günün, ayın məsələsi deyil. Amma ən azından uğura apara biləcək istiqamət budur və bu istiqamət üzrə adekvat addımlar atmalıyıq.

ABBAS

Seçilən
13
futbolinfo.az

1Mənbələr