Azərbaycanın dövlət neft şirkəti SOCAR Türkiyədə təbii qaz paylayıcı biznesini satmaq üçün danışıqlar aparır.
FED.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Qeyd edilib ki, SOCAR Türkiyənin "Bursagaz" və "Kayserigaz" təbii qaz paylama şirkətlərindəki səhmlərinin satışı üçün potensial alıcılarla danışıqlar aparır.
"SOCAR Türkiyə" şirkətinin rəsmisi satış üçün danışıqlar apardıqlarını və ilkin mərhələdə olduqlarını bildirsə də, zamanla bağlı heç bir məlumat verməyib.
Xatırladaq ki, 17 iyun 2019-cu il tarixində Almaniyanın EWE şirkətinin törəməsi “EWE Turkey Holding”ə aid olan “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un “SOCAR Turkey”ə (SOCAR Turkey Enerji A.Ş. - STEAŞ) satışı tamamlanıb. SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir.
Satınalma müqaviləsi imzalanan zaman “SOCAR Türkiyə” İdarə Heyətinin sədri Vaqif Əliyev “Bursagaz” və “Kayserigaz”ın qrupa daxil olması ilə Türkiyədəki təbii qaz dəyər zəncirinin tamamlandığını bildirmiş və əlavə etmişdi: “Türkiyə bazarına daxil olduğumuz gündən bəri fəaliyyət göstərdiyimiz sektorun dinamikasını və məhsuldarlığını nəzərə alaraq, bütün investisiyalarımızda inteqrasiyaya önəm verdik. 12 ildir Türkiyəyə təbii qaz nəql edirik. 2013-cü ildən isə təbii qazın topdansatışını həyata keçiririk. Türkiyə və Azərbaycan dövlətlərinin ən mühüm layihəsi olan və təbii qaz nəqlini təmin edən TANAP layihəsinin ən böyük tərəfdaşıyıq. Bu gündən etibarən “Bursagaz” və “Kayserigaz”ı “SOCAR Türkiyə”nin strukturuna daxil edərək qazpaylanma sahəsində fəaliyyət göstərməyə başlayırıq. Bu böyük inteqrasiyadan meydana gələcək sinerjinin həm şirkətimiz, həm də iki qardaş ölkə iqtisadiyyatı üçün çox mühüm əhəmiyyət kəsb etdiyinə inanıram. Bizə yeni qoşulan əməkdaşlarımıza “SOCAR ailəsinə xoş gəlmisiniz” demək istəyirəm”.
“Bursagaz” və “Kayserigaz” ilə birlikdə satın alınan şirkətlərin enerji sektorunda “SOCAR Türkiyə”nin gücünü artıracağını bildirən Vaqif Əliyev daha sonra demişdi: “Biz uzun illərdir Azərbaycanda və Tbilisi istisna olmaqla bütün Gürcüstanda qazpaylanma fəaliyyətini həyata keçiririk. Müştəri məmnuniyyətini ön plana çəkərək, bu sahədə təcrübəmizi Bursa və Kayseriyə də gətirəcəyik. Əməliyyat istiqamətlərimiz arasında təbii qaz xüsusi yer tutur. Bu istiqamətdə genişlənməyi düşünürük və imkanları bundan sonra da dəyərləndirməyə davam edəcəyik”. (Marja)