AZ

“Şimail axını 2” qaz kəmərinə müştəri çıxıb – Amerikalı investor hərraca qatılmaq istəyir

Təxminən 20 ildir Rusiyada bizneslə məşğul olan amerikalı investor Stiven Linç bu ilin fevralında ABŞ Xəzinədarlığından “Şimal axını 2” qaz kəməri satışa çıxarılacağı təqdirdə onun hərracda iştirakına icazə verməsini xahiş edib.

“AzPolitika”xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ ) qəzeti yazıb.

Qəzet qeyd edir ki, bu, ona ABŞ-nin sanksiyaları altında olan şəxslərlə boru kəmərinin alınması ilə bağlı danışıqlar aparmağa imkan verəcək.

Stiven Linçin ABŞ Xəzinədarlığına göndərdiyi məktubda deyilir ki, “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” şirkətinin iflas proseduru borcun restrukturizasiyası və ya ləğvi üçün 2025-ci ilin yanvarına qədər müddət müəyyən edib. O, restrukturizasiyanı mümkünsüz adlandırıb.

Linç həmçinin hesab edir ki, “Şimal axını 2”-nin alınması ABŞ-nin maraqlarına uyğundur və Ukraynadakı münaqişənin həllində təsir rıçaqına çevriləcək.

Linç iddia edir ki, müharibə başa çatdıqdan sonra həm Rusiya, həm də onun Avropadakı keçmiş qaz alıcıları kimə məxsus olmasından asılı olmayaraq boru kəmərini işə salmağa tələsəcəklər. WSJ mənbələrinə görə, Linç təxminən 11 milyard dollar dəyərində olan "Şimal axını 2" operatorunu qəpik-quruşa ala biləcəyinə inanır. Onun fikrincə, bir çox investorlar geosiyasətə görə tenderdə iştirak etməyəcək, digər iddiaçılar isə ABŞ-nin maraqlarına uyğun gəlməyəcək.

Daha əvvəl müsahibəsində Stiven Linç demişdi ki, qaz kəmərinin alınması amerikalılar və avropalılar üçün qalıq yanacaq dövrünün sonuna qədər Avropanın enerji təchizatına nəzarət etmək üçün unikal imkandır.

Stiven Linç Monte Valle Partners beynəlxalq investisiya şirkətinin tərəfdaşı və təsisçisidir. O, problemli aktivlərlə məşğul olur.

WSJ qeyd edir ki, təxminən 20 il Moskvada yaşayan Linç ucuz rus aktivlərini almaqla uğur qazanıb. 2022-ci ildə ABŞ Xəzinədarlığı investora ana şirkətə qarşı sanksiyalar tətbiq edildikdən sonra Sberin İsveçrə törəmə şirkətini almaq üçün lisenziya verib. 2007-ci ildə Linç ilə əlaqəli bir şirkət xarici aktivləri idarə edən Hollandiyada qeydiyyatdan keçmiş “Yukos” törəmə şirkətini böyük endirimlə - 2 milyard dollardan bir az baha qiymətə alıb.

Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq “Şimal axını 2” qaz kəmərinin istismara verilməsi yalnız sertifikatlaşdırmadan keçməli olsa da, tamamilə dayandırılıb. ABŞ qaz kəməri operatoru olan “Şimal axını 2 AG” şirkətinə qarşı sanksiyalar tətbiq edib. İyun ayında İsveçrə məhkəməsi şirkətin iflasını 2025-ci ilin yanvarına qədər təxirə salmışdı. İflasdan sonra operator hərraca çıxarılmalıdır.

2022-ci il sentyabrın sonunda Rusiya qazını Qərbi Avropaya çatdırmaq üçün tikilən “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçü zədələnib. Magistral kəməri bərpa etmək mümkün deyil. İsveç, Danimarka və Almaniyadan aparılan araşdırmalar göstərib ki, qaz kəmərləri partladılıb, lakin günahkarlar hələ də müəyyən edilməyib. Rusiya istintaqda iştirak etmir. Moskva baş verənlərə görə ABŞ-ı, müttəfiqlərini və Ukraynanı günahkar bilir. Onlar təxribatda iştiraklarını inkar edirlər.

Rasim Əliyev

“AzPolitika.info”

Seçilən
18
azpolitika.info

1Mənbələr