AZ

Hətta doğulmamış körpəni də öldürür - Təhlükəli virus

Cənubi Amerikadan sonra İspaniya, İtaliya, Almaniya və ABŞ-da da görünməyə başlayan Oropuche virusu günü-gündən daha çox insana yoluxmaqdadır. "Tənbəllik qızdırması" olaraq da bilinən bu virusun simptomları arasında baş ağrısı, ürəkbulanma və işığa həssaslıq daxildir.

Oropuche virusu qan-beyin baryerini keçdikdən sonra mərkəzi sinir sisteminə daxil olaraq meningitə, sonra isə ölümə səbəb ola bilər. Daha çox həşərat dişləmələri ilə yayılan bu virusun cinsi yolla ötürüldüyünü göstərən bəzi məhdud araşdırmalar da var.

News24.az xəbər verir ki, təhlükəli virusun ana bətnindən gələcək körpəyə keçməsi ilə bağlı iki fakt təsdiqlənib. Adı açıqlanmayan uşaq gözləyən bir anada qızdırma, titrəmə, əzələ ağrısı, baş ağrısı kimi əlamətlər olub. Bu simptomları yüngül vaginal qanaxma və qaranlıq axıntı kimi simptomlar izləyib.

9 gündən sonra ilk tapıntılar dölün yaxşı vəziyyətdə olduğunu göstərsə də, sonrakı müayinələrdə körpənin öldüyü öyrənilib. Anadan götürülən nümunələrdə körpənin oropuç virusuna yoluxduğu təsdiqlənib. Ölən körpənin analizlərində inkişaf pozğunluğu aşkar edilməyib, lakin müayinə zamanı məlum olub ki, virus beyinə, onurğa mayesinə, ağciyərlərə, qaraciyərə, göbək və plasentaya yayılıb.

Virusun hamilə qalma və doğuş qüsurları riskini artırdığı bilinən Zika virusu ilə eyni patogen ailəsinə aid olduğu açıqlanıb.

Onu da qeyd edək ki, Oropuche hadisələri Avropada aşağı səviyyədə qalsa da, səlahiyyətlilər xarici səyahətdən qayıdan insanların hadisələrin sayını artıra biləcəyi barədə xəbərdarlıq edir. İndiyədək Braziliya, Boliviya, Peru, Kolumbiya və Kubada 8 mindən çox hadisə qeydə alınıb.

Günel Məlikzadə

Seçilən
11
news24.az

1Mənbələr