AZ

“Vətəndaş A” və “Almaz” – Zamansız qovuşma...

Pərviz Hüseyn yazır...

Son günlər ən çox danışılan və müzakirə edilən yerli ekran işi “Vətəndaş A”dır. Bunun da əsas səbəbi odur ki, serial sadəcə bir hekayə danışmır; cəmiyyətin dərin problemlərini, insan münasibətlərini və həyatın müxtəlif çalarlarını açıq şəkildə tamaşaçıya təqdim edir. Məhz bu yanaşma “Vətəndaş A”nı sadəcə bir əyləncə vasitəsi deyil, həm də düşüncə mənbəyinə çevirir.

Sözsüz ki, serial Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında çəkilib. Bu həm də sözügedən əsərin uğuru sayıla bilər. Uğursuz tərəfi isə odur ki, hazırkı dövrdə hələ də eyni problemlər aktualdır...

“Almaz” sovet dövrünün sosial dəyişikliklərini əks etdirən bir güzgü idi, “Vətəndaş A” isə müasir dövrün gündəlik problemlərini tənqid edən bir güzgüdür. Hər iki əsər, yaşadığı dövrün reallıqlarını açıq şəkildə ortaya qoyaraq, tamaşaçı və ya oxucuda düşüncə və dəyişiklik üçün zəmin yaradır.

Serialın əsas süjeti bir insanın - sıravi vətəndaşın - gündəlik həyatında qarşılaşdığı problemlər üzərində qurulub. Hekayənin qəhrəmanı olan Almaz (və ya sadəcə A) öz dünyası ilə geniş cəmiyyət arasında körpü rolunu oynayır. O, təkcə öz həyatının deyil, həm də sosial ədalətsizliklər, ailə problemləri və mənəvi boşluqların qurbanıdır. Onun mübarizəsi tamaşaçının diqqətini yalnız fərdi həyatına deyil, bütövlükdə cəmiyyətin problemlərinə yönəldir.

“Vətəndaş A” cəmiyyətin müasir problemlərini tənqid etməkdən çəkinmir. İstər korrupsiya, istər sosial ədalətsizlik, istərsə də mənəvi dəyərlərin itirilməsi olsun, serial bu məsələləri ustalıqla qabardır. Ən maraqlısı isə tamaşaçı hər bir problemdə öz həyatından müəyyən bir hissəni tapa bilir. Çünki serialın təqdim etdiyi problemlər heç də yalnız Almazın həyatına məxsus deyil – bu, bir çoxumuzun gündəlik həyatında yaşadığı reallıqlardır.

Serialın uğurunun əsas səbəblərindən biri də güclü aktyor heyətidir. Baş rol ifaçısı öz xarakterini tamaşaçıya o qədər inandırıcı şəkildə çatdırır ki, sanki onun problemlərini birgə yaşayırıq. Rejissorun yanaşması isə sadəcə hekayə izah etməkdən ibarət deyil. O, hər səhnə ilə tamaşaçının diqqətini çəkir, hisslər oyadır və düşünməyə vadar edir. Prodüserin situasiyaları olduğu kimi və olduğundan daha artıq çatdırılması üçün hər şəraiti yaratması, kənd ab-havasının tamlıqla ifadəsi, detallara nəzarətin yüksəkliyi seriala xüsusi maraq oyadır.

“Vətəndaş A” bir daha sübut edir ki, sənət yalnız gözəllik yaratmaq üçün deyil, həm də həqiqəti göstərmək üçündür.

Seçilən
47
olay.az

1Mənbələr