PSJ Mbappeyə 55 milyon avro ödəyəcək
Fransa Futbol Federasiyası (FFF) “Paris Saint-Germain” (PSJ) klubunun keçmiş hücumçusu Kilian Mbappeyə ödənilməmiş maaş və bonuslarla bağlı qərara qarşı apellyasiya şikayətini rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi məlumat yayıb.
Belə ki, daha əvvəl Fransa Peşəkar Futbol Liqası (LFP) PSJ-yə futbolçuya 55 milyon avro ödəməyi əmr etsə də, klub bundan imtina edib və bu qərardan apellyasiya şikayəti verib.
Paris klubunun hücumçuya borclu olduğu məbləğə ödənilməmiş maaşlarla yanaşı, bonuslar da daxildir.
Qeyd edək ki, Mbappe PSJ ilə köhnə müqaviləsinə əsasən ona 55 milyon avro ödənilməməsi ilə bağlı LFP və Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) müraciət edib.
“Le Monde” xəbər verir ki, PSJ günahkar bilinərsə, LFP kluba transfer qadağası tətbiq etmək və UEFA lisenziyasından məhrum etmək səlahiyyətinə malikdir.
Xatırladaq ki, Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib. İyunun 3-də 25 yaşlı hücumçu azad agent kimi İspaniyanın “Real Madrid” klubu ilə müqavilə imzalayıb.
Mbappe PSJ tarixinin bombardiridir. Komandanın tərkibində futbolçu beş dəfə Fransa çempionu, üç dəfə ölkə kubokunun və superkubokunun, iki dəfə Liqa Kubokunun qalibi olub.