AZ

Məsuliyyətdən qaçan Qərb

Yazını böyüt
Yazını kiçilt

COP29 konfransı davam edir. İştirakçı ölkələrin başlıca hədəfi iqlim dəyişmələrinə qarşı mübarizə məqsədilə maliyə resurslarının formalaşdırılmasıdır. Diplomatik mənbələrin məlumatına görə, yeni maliyyə hədəfinin müəyyən olunması üçün 300-500 milyard dollar arasında yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir.

Diplomatik mənbənin verdiyi məlumata əsasən, danışıqlar sərt və ciddi surətdə davam edir.

Mənbənin bildirdiyinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ böyük maliyyə yükünün altına girmək istəmir. Aİ-də başa düşürlər ki, bunu indi etmək lazımdır, çünki ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra bunu etmək mümkün olmayacaq.

Məlumata görə, kollektiv Qərb hər bir vəchlə yüksək inkişaf səviyyəsi və maliyyə imkanları olan inkişaf etməkdə olan ölkələri prosesə daxil etmək istəyir. Qərb xüsusilə bu prosesə Çin, Qətər və bu qəbildən olan ölkələri cəlb etmək niyyətindədir.

Cənubi Koreya, Sinqapur və müəyyən mənada Ərəb Əmirlikləri bu sıraya qoşulsalar da, Çin və Səudiyyə Ərəbistanı qəti etiraz edir. Çin China+G 77 qrupu vasitəsilə prosesə və qərb ölkələrinə təzyiq göstərir.

Mənbə xatırladıb ki, ABŞ-nin bütün COP danışıqlarında strategiyası heç bir öhdəlik götürməmək və ABŞ-nin neft-qaz sənayesini qorumaqdan ibarət olub. İndiki danışıqlar qrupu Tramp seçiləndən sonra çox tərəddüdlü görünür.

Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və bu qrup digər ölkələr keçən il Birləşmiş Ərəb Əmirliklərindən qəbul edilmiş “fossil fuel transition” sənədinin əleyhinə çıxır və onun təkrar gündəliyə gətirilməsinə mane olurlar.

Azərbaycan danışıqlar prosesində vasitəçi və ev sahibidir. Geosiyasi qütbləşmə kəskindir. Yeni maliyyə hədəfi müəyyən olunacaqsa, bu, bütün dünyanın uğurudur. Bu olmayacaqsa bu eyni zamanda bütün dünyanın və iqlim fəaliyyətinin iflasıdır.

Maraqlıdır ki, hər vəchlə üzərinə bu məsələdə hansısa öhdəlik göstərməyən Qərb dairələri Azərbaycanı hədəfə almaqdadır. Bu məqsədlə həm də diqqətləri özlərinin məsuliyyətsizliyindən yayındırmağa çalışırlar. Fakt faktlığında qalmaqdadır. Bakı bu məsələdə, sadəcə, ev sahibi və vasitəçidir. Azərbaycanın tərəflərin bəşəriyyət üçün qlobal təhdid daşıyan məlum məsələdə konsensus əldə etməsi üçün kev sahibi qismində üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməsi elə iştirakçı dövlətlərin rəsmiləri tərəfindən də birmənalı olaraq etiraf edilməkdədir. 

“COP29 artıq ekoloji tədbir çərçivəsindən çıxaraq, siyasi əhəmiyyətli bir nəticə verdi. Prezident İlham Əliyevin açılış mərasimində çıxışı, bəyanatları, nəinki BMT-yə, Azərbaycana qarşı da qarayaxma kampaniyası aparan Makron komandasını, bəzi Avropa liderlərini ifşa etdi. Bu, Azərbaycanın gücünü görən bəzi Avropa liderlərinə, ölkəmizlə güc, təzyiq dili ilə danışmağa cəhd edənlərə bir dərs oldu”.

Bu barədə hafta.az-a siyasi analitik Vüqar Dadaşov bildirib. O, Avropa Birliyinin bəzi rəhbərlərinin Bakıda keçirilən COP29 tədbirini boykot etmə cəhdinin istədikləri effekti vermədiyini qeyd edib:

“Böyük Britaniya başda olmaqla, əksər Avropa ölkələri tədbirdə yüksək səviyyədə fəal iştirak edirlər.

Digər tərəfdən, COP29 mahiyyətinə uyğun uğurlu nəticələrlə yadda qalır”.

Professor Çingiz İsmayılov COP29 konfransı ərəfəsində regionda və dünyada cərəyan edən proseslərə və Azərbayacana qarşı yönələn qərəzli yanaşmalara diqqət çəkərkən bildirib ki, inkişaf etməkdə olan bir çox güclər səylərini səfərbər edərək region və dünyadakı maraqlarını təmin etməyə çalışırlar: “Bu baxımdan həmin qüvvələr müstəqil siyasət yeritməyə çalışan Azərbaycanın qarşısına keçərək qarayaxma kampaniyası aparır, təzyiq göstərməkdə davam edirlər. Ölkəmiz müttəfiqlərimiz və inkişaf etməkdə olan dost ölkələrlə birlikdə belə hallara qarşı mübarizə aparır”.

Professor Azərbaycanın son illər müxtəlif irimiqyaslı beynəlxalq tədbirlər keçirdiyini, ölkəmizlə bağlı həqiqətlərin dünyanın bir çox ölkələrinə yayıldığını qeyd edib. Onun fikrincə, bu məsələ güc mərkəzlərinin öz aləmlərində yaratdıqları geosiyasi mənzərədən xeyli fərqlənir. Bir çox güc mərkəzləri hər bir region və ölkələrdə siyasətin öz maraqlarına uyğun yeridilməsində maraqlıdır. Əgər yerli hökumət və dövlət başçıları bu siyasətə uyğun addımlar atmırlarsa, həmin mərkəzlər bütün vasitələrlə təpkilər göstərməyə çalışır, eyni zamanda təzyiqlər göstərib, kütləvi informasiya vasitələri üzərindən həqiqətə uyğun olmayan məlumatlarla ölkənin nüfuzdan salınması, hətta sanksiyalara məruz qalması üçün çapalayırlar:

“Bu gün COP29 konfransına, gələn illərdə isə daha iki beynəlxalq tədbirə evsahibliyi edəcək Azərbaycan ümumbəşəri dəyərlərə söykənərək beynəlxalq hüququn tələblərinə uyğun irəliləyir. Azərbaycanın müstəqil siyasəti regionda maraqlı olan gücləri narahat edir”.

Ç.İsmayılov belə bir fonda Fransa kimi müstəmləkə dövlətinin 21-ci əsrdə dənizaşırı dövlətlərdə apardığı siyasəti pisləyib. O, istər Martinikdə, yaxud Fransanın Yeni Kalidoniya və digər müstəmləkələrində yeritdiyi siyasətin hər kəsə bəlli olduğunu vurğulamaqla, bu faktı Fransanın mahiyyətini açan məqamlardan biri kimi önə çəkib.

“İmperiya mərkəzlərində müstəmləkəçi düşüncə dəyişməyib”.

Ç.İsmayılov bildirib ki, hansısa qüvvələr palonilərin timsalında ölkəmizin nüfuzunu aşağı salmağa çalışsa da, COP 29 uğurla keçir və nəticələrinin uğurlu olacağına yeni imkanlar var.

“Konfransın ilkin nəticələri bir daha göstərdi ki, Azərbaycan qlobal forumların keçirilməsində təcrübəyə malikdir və bəşəriyyətdə cərəyan edən prosesləri düzgün qiymətləndirir, qlobal problemlərin həlli ilə bağlı  ictimaiyyəti biləşdirmək gücünə malikdir.  Dünyaya bəyan olundu ki, Azərbaycan Qafqaz regionunda siyasi, iqtisadi, sosial, ekoloji problemlərin həllində mühüm rol oynayır. Hər kəs bir daha  öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil”.

“COP29-a qəsdən gəlməyənlərin hamısı da olmasa, əksəriyyəti planeti ən çox çirkləndirən dövlətlərdir. Ermənistanın bu tədbirdə təmsil olunmamasına gəldikdə, bunun ən birinci səbəbi hələ dövlət ola bilməməsidir”.

Bu barədə hafta.az-a deputat Sahib Alıyev bildirib. Onun sözlərinə görə artıq günlərdir, Azərbaycan özünün hansı gücə və iqlim dəyişikliyi ilə bağlı hansı mövqeyə sahib olduğunu göstərməkdədir. Deputat konfransın çox uğurla irəlilədiyini və mühüm əhəmiyyət kəsb edən müzakirələrlə dünyanın diqqətinin ölkəmizə yönəldiyini xususilə qeyd edib.

S.Alıyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Prezident İlham Əliyevin 3 minə yaxın əcnəbi jurnalistin gözü qarşısında Azərbaycanın neft ölkəsi olmaqda ittiham edənlərə sərrast və öldürücü cavablar verdiyini önə çəkib. Onun fikrincə, konfrans Azərbaycanla bağlı həqiqətlərin bir daha dünyanın düşünməyi bacaran, həqiqəti görə bilən ictimai arenasına təqdim olunması baxımdan mühüm işlər görür.

“COP29-un Azərbaycanda keçirilməsinin doğru olmadığını qabardan ölkələrdən biri ABŞ-dir. Üstəlik, orada daha çox şist nefti çıxarılır ki, bu da ekologiya üçün klassik hasilatdan qat-qat təhlükəlidir. Ona görə də Azərbaycan Prezidenti onları özlərinə və qonşuluqlarında bizdən 10 dəfə çox neft hasil edən ölkəyə baxmağa dəvət etdi ki, o da Kanadadır. ABŞ-nin qonşusu və xarici siyasətdə peyki rolunda çıxış edən Kanada dünyada neft istehsalına görə dördüncü, Azərbaycan isə 25-ci yerdədir.

Belə bir fonda biz COP29-un Azərbaycanda keçirilməsinə qarşı çıxanların hansı səbəbdən narahat olduğunu yaxşı bilirik. Bu, “Əsrin müqaviləsi”nin imzalandığı sentyabrda baş verib. O zaman 1994-cü ilin sentyabrında qlobal media fərqli mövqe tutmuşdu. Neft hasilatını artıracağına, qərbdəkiləri yanacaqla təmin edəcəyinə görə Azərbaycanın şəninə təriflər yağdırırdı. 2020 və 2023-cü ilin sentyabrında torpaqlarımızı işğaldan azad edib suverenliyimizi tam təmin etdikdən sonra bu yanaşma dəyişdi. Bu, Qərbdəkilərin maraqlarına qətiyyən cavab vermirdi. Müzəffər Ali Baş Komandanımızın vurğuladığı kimi, əgər Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında da bizi ittiham etsələr, buna təəccüblənməyəcəyəm. Ölkəmizdə günəşli günlərin sayının çox olması əslində bizim karbohidrogen ehtiyatlarımızdan əldə etdiyimizdən daha artıq enerji deməkdir. Birinci enerji sayəsində necə torpaqlarımızı işğaldan qurtardıqsa, ikinci də zəfərimizin əbədiliyini təmin etməyimizdə böyük rol oynayacaq. Çünki günəşin özü kimi enerjisi də əbədidir”.

S.Alıyev bütün qərəzli cəhdlərə baxmayaraq, COP29-un Azərbaycan reallıqlarının təqdimatı və mövqeyinin yaşıl dünya naminə verdiyi çabaların səmimiliyini ortaya qoymaqla uğurla davam edir. COP29 Azərbaycanın regionda hansı üst mövqeyə sahib olduğunu bir daha göstərir.

“COP29-a ev sahibliyi etməsi Azərbaycanın siyasi uğuru və proseslərdə iştirakının əhəmiyyətli olduğunun sübutudur”.

Bunu hafta.az-a deputat Arzuxan Əlizadə bildirib. Onun sözlərinə görə, COP29-da iştirak edən müxtəlif ölkələrin dövlət başçıları, hökumət rəhbərləri ilə münasibətlərin bir qədər də yaxşılaşması, çoxtərəfli münasibətlərin formalaşması regionda Azərbaycanın nüfuzuna siyasi dividendlər gətirəcək.

Deputat hesab edir ki, Azərbaycan həqiqətlərinin tərəfdaşlar konfransının sesiyasında iştirak edən dövlətlərin vasitəsi ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması ölkəmizin müsbət siyasi dividentlər əldə etməsi deməkdir.

“COP29-da 80-dən artıq dövlət və hökumət başçılarının iştirakı, müxtəlif ölkədən minlərlə nümayəndələrin gəlməsi Azərbaycanın həm regional, həm də qlobal masştabda beynəlxalq nüfuzundan xəbər verir. Bu, eyni zamanda Azərbaycanın iqlim dəyişiklikləri üzrə proseslərdə yaxından iştirakı və bu sahədə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi anlamına gəlir. COP29-da beynəlxalq ictimaiyyətə ciddi mesajlar verilir ki, Azərbaycan regionun nüfuzlu aparıcı dövlətidir”.

 

Seçilən
36
hafta.az

1Mənbələr