AZ

Peloninin rüsvayçı qaçışı

Yazını böyüt
Yazını kiçilt

Ötən həftənin ən yaddaqalan siyasi hadisələrindən biri ermənipərəstliyi, Azərbaycan və ümumilikdə, türk düşmənçiliyi ilə ad çıxarmış, COP29-da iştirak etmək üçün Bakıya gəlmiş amerikalı konqresmen Frank Peloninin paytaxtımızdan gizli şəkildə biabırcasına qaçması oldu. Qeyd edək ki, onun Bakıya səfər etdiyini eşidən vətəndaş cəmiyyəti təmsilçiləri etiraz aksiyası keçirib, onun paytaxtımızı tərk etməsini tələb ediblər.  

QHT-lərin əsas tələbləri Peloninin Azərbaycan xalqından üzr istəməsi, dünənki dinc aksiya zamanı ictimai fəallara qarşı zorakılığa yol vermiş mühafizəçilərinə cinayət işi açılması, onun Azərbaycana qarşı iftira kampaniyalarına görə cavab verməsi olub.

Aksiyalardan bir gün əvvəl Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup təmsilçisi ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qalması, xəsarətlər alması barədə birgə bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, islamofob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner ABŞ konqresmeni Frank Peloni Azərbaycan xalqına nifrət edən şəxsdir, onun bütün fəaliyyəti ölkəmizə qarşı iftiralar üzərində qurulub. O, ABŞ-də erməni lobbisinin maraqlarını müdafiə edir, dəfələrlə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik edib. “Biz təəssüf edirik ki, BMT belə bir şəxsi COP29-a dəvət edib. Biz onun Azərbaycana səfərinə etiraz edirik. Onun qaldığı otelin qarşısında dinc etiraz aksiyası keçirərək Azərbaycan xalqından üzr istəməsini tələb etmişik. O, müharibə cinayətkarlarına himayəçilik edən şəxsdir. Qarabağda işğal dövründə təbiət məhv edilib, ərazi ekoloji böhran vəziyyətinə düşüb. Belə bir şəxsin dünyada iqlim dəyişmələrinə həsr olunmuş qlobal ekoloji tədbirə BMT tərəfindən dəvət edilməsi COP tarixinə utancverici hadisə kimi düşəcək. Keçirdiyimiz aksiya zamanı Frank Peloni mühafizəçilərinə bizə hücum etmək tapşırığı verib, özü isə suallarımıza cavab verməyib”, - deyə bəyanatda vurğulanır.

QHT nümayəndələri Azərbaycan sərhədlərini işğal dövründə dəfələrlə qanunsuz keçmiş sərhəd pozucusu Frank Peloni barəsində hüquqi tədbirlər görülməsini də tələb ediblər.

Bu təzyiqlərə tab gətirməyən Peloni çarəni Bakıdan qaçmaqda görüb, özü də gizli şəkildə.

“ABŞ konqresmeni Frank Peloninin ötən həftənin şənbə günü COP29-da iştirak etmək üçün Bakıya səfər edib, birinci gün Azərbaycanı tərk etməsi təəssüf doğursa da, ibrətamiz haldır.  Peloni Azərbaycana qarşı qətnamənin qəbul edilməsinə səs verən 60 konqresmendən biridir. O, 2017-ci ildə Qarabağa qeyri-qanuni səfər etdiyinə görə, rəsmi Bakı tərəfindən qara siyahıya salınıb. Azərbaycana qarşı barışmaz erməni dostu kimi tanınıb”.

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Əli Mustafa bildirib. Ə.Mustafa 1988-ci ildən Konqresin üzvü olan Frank Peloninin türkofob, islamofob, korrupsioner, erməni lobbisinə bağlı  siyasətçi kimi xarakterizə olunduğunu, Azərbaycanın suverenliyinə qarşı hörmətsizlik edən, separatizmi dəstəkləyən konqresmen kimi qiymətləndirildiyini deyib.

“Üzdə görünən odur ki, Peloni COP29 konfransında iştirak etmək istəyib. Lakin burada etirazla qarşılanıb və psixoloji ictimai təpki Peloniyə pressinq olub. Peloni konfransda iştirak etmədən gəldiyi kimi Azərbaycanı tərk edib. Ona Azərbaycanda qalıb bu ölkənin təamlarından dadmasına imkan verilməyib. Bu, Peloninin Azərbaycana qarşı əməllərinə verilən adekvat reaksiyadır”.

Ə.Mustafa hesab edir ki, Pelonini ölkəmizdə hiddətə qarşılayıb, biabırcasına yola salanlar haqlıdır. “Özünə hörmət edən adam belə addım atmamalı, nə ilə üzləşəcəyini hesablamalı idi. Frank Peloni bilməli idi ki, əməllərinə görə sorğu-sual ediləcək. Konqresmen kimi onun Bakıda yaşadıqları yaddaşında qalacaq və ümid edək ki, bundan sonra belə qərəzli yanaşmalarından əl çəkəcək. Təəssüf doğuran, ibrətamiz haldır”.

Bununla belə, Peloni ABŞ-yə qayıtdıqdan sonra, Azərbaycan əleyhinə yenidən bəyanatlar səsləndirərək əsassız ittihamlar irəli sürməkdə davam edir. Burada jurnalistlərin sualları qarşısında aciz qalaraq cavab verməyə cəsarəti çatmayan konqresmen okeanın o tayından yenidən əvvəlki peşəsinə, erməni lobbisinin qulu olmağa qərar verib. 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, amerikalı konqresmenlər Frank Pelloni və Ed Markinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirdə iştirakından sonra ölkəmizə səfərinə dair ABŞ-də verdikləri həqiqətləri əks etdirməyən açıqlamaları dərin təəssüf hissi doğurur.

Ombudsmanın fikrincə, konqresmenlərin Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı irəli sürdüyü iddialar onların ölkəmizə qarşı qərəzli mövqeyini bir daha nümayiş etdirir.

“Həmin konqresmenlərin həqiqəti əks etdirməyən yanaşmaları əvəzinə, indiki Ermənistan ərazisindən etnik mənsubiyyətinə görə didərgin salınmış yüzminlərlə soydaşımızın geri qayıtmaq hüququnun təmini, həmin şəxslərin öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı məsələsini heç bir ayrı-seçkiliyə yol vermədən önə çıxarmalarını gözləyərdik.

Eyni zamanda, konqresmenlərə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları ilə həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının iyirmi faizinin bu ölkə tərəfindən otuz ilə yaxın müddət ərzində işğal olunduğunu, bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyini xatırlatmaq istərdik.

Biz Frank Pelloni və Ed Markinin indiki həssas bir dövrdə regionda dayanıqlı sülhün bərqərar olunması ilə bağlı addımlar atmaq yerinə, yeni münaqişə ocaqları yaradılması istiqamətində mövqe nümayiş etdirmələrinin şahidi oluruq. Pelloninin öz çıxışında Amerika Birləşmiş Ştatlarının belə tanımadığı, legitim olmayan bir “qurum”un və onun müharibə cinayətləri törətdiklərinə görə təqsirləndirilən şəxslər olaraq istintaqa cəlb edilmiş “rəhbər”inin adını hallandırması, başqa ölkənin daxili işinə qarışması, beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini heçə sayması “həmin konqresmen hansı siyasi dairələrə xidmət edir?” sualına cavab vermiş olur.

Həmçinin onu da qeyd etmək istərdim ki, həmin konqresmenlərin Ermənistanın həyata keçirdiyi mina terrorunun mülki əhalinin, o cümlədən ahılların, qadınların və uşaqların həyatına son qoymasına, Birinci Qarabağ müharibəsindən indiyədək itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə bu ölkə tərəfindən bugünədək ölkəmizə hər hansı məlumatın təqdim edilməməsinə səssiz qalması da onların qərəzli olduğunu növbəti dəfə sübut edir.

Konqresmen Pelloninin COP29 zamanı müstəqil mətbu orqanların nümayəndələri tərəfindən ona ünvanlanmış suallardan yayınmasını və tutarlı arqumentlərə cavab verə bilməməsini sonradan cəfəng iddialarla əsaslandırması onun söz və mətbuat azadlığına olan dözümsüzlüyünün bariz nümunəsidir”, - deyə Səbinə Əliyeva bildirib.

O, ABŞ konqresmenlərinin açıq-aşkar erməni lobbisinin tapşırıqları əsasında irəli sürdükləri əsassız və qərəzli fikirlərini bir daha qınayıb, onları beynəlxalq hüquqa hörmət etməyə, milli zəmində münaqişə yaradılmasına cəhd göstərməməyə dəvət edib.

 

Seçilən
41
hafta.az

1Mənbələr