AZ

DSX Sərhəd Qoşunları Komandanlığına media-tur təşkil olunub – REPORTAJ

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığına media-tur təşkil olunub.

“Poliqon” xəbər verir ki, media-tur zamanı əvvəlcə Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının yaranma tarixi və keçdiyi xidməti-döyüş yolu haqqında jurnalistlərə məlumat verib.

General-leytenant A.Məmmədov bildirib ki, XX əsrin əvvəllərində Azərbaycanın sərhəd mühafizə qüvvələrinin formalaşdırılması Şərqdə ilk demokratik respublikanın adı ilə bağlıdır: “Sərhədlərin mühafizəsinin dövlətin təhlükəsizliyi üçün mühüm amil olduğunu nəzərə alaraq Azərbaycan höküməti 1918-ci ilin iyul ayının 22-də qəbul etdiyi qərarla Poylu stansiyasında respublikadan kənara qaçaqmalçılığın qarşısının alınması üçün “Poylu” sərhəd postu yaradılmış, bundan sonra Salahlı və Şıxlı sərhəd postları yaradılmışdır. Milli parlament 1919-cu il avqustun 18-də 99 sərhəd müha¬fizə postunun yaradıl¬masını nəzərdə tutan «Azərbaycan Respublikasının sərhəd mühafizəsinin təsis edilməsi haqqında» qanun qəbul etdi. Qanun qəbul edildikdən bir müddət sonra qaçaqmalçılıqla mübarizə məsələləri əsasən respublikanın quru sərhədlərində aktual olması səbəbindən yerli şəxslərdən ibarət mühafizə dəstələri təşkil edilərək dövlət sərhədinin mühafizəsinə başlanıldı. Lakin Azərbaycan Demokratik Cümhuriyyətinin süqutu ilə digər sahələrdə olduğu kimi sərhəd mühafizəsi istiqamətində də görülən işlər yarımçıq qalmışdır”.

Onun sözlərinə görə, müstəqillik illərindən sonra sərhəd mühafizəsi sahəsində əldə edilmiş bütün uğur və nailiyyətlərin kökü ötən əsrin 60-80-ci illərində xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin qəbul etdiyi taleyüklü qərarlarla bağlıdır.

“Dahi Öndər Heydər Əliyev Sovet hakimiyyəti dövründə sərhəd dəstələrinə mütəmadi səfərlər etmiş, sərhədçilərin problemləri ilə yaxından maraqlanmışdır. Heydər Əliyevin göstərdiyi səy və bacarıqlarının nəticəsində respublika büdcəsi hesabına Naxçıvan, Göytəpə, Lənkəran sərhəd dəstələrinin ərazisinin abadlaşdırılması, yaşayış evlərinin tikilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi həyata keçirilmişdir. Qeyd olunan dövründə milli sərhədçi kadrların yetişdirilməsi və irəli çəkilməsində Dahi öndərin böyük rolu olmuşdur. Dahi öndərin xüsusi diqqəti nəticəsində Sovet hakimiyyəti dövründə Sərhəd Qoşunlarında onlarla azərbaycanlı zabit zastava rəisi, sərhəd komendantı, hərbi hissə komandiri vəzifələrində xidmət edirdi.

1992-1993-cü illərdə ölkə rəhbərliyinin səriştəsizliyi, milli maraqlara xəyanətləri nəticəsində respublikanı tərk edən sovet sərhədçiləri bütün müasir texnikanı ölkədən çıxarmağa, saxladıqlarını isə yararsız hala salmağa müvəffəq olmuşdurlar. Yeganə istisna həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin qətiyyəti və dövlətçilik mövqeyi sayəsində Naxçıvan sərhəd dəstəsi oldu. Bu dəstənin bütün maddi-texniki bazası, silah-sursatı tam həcmdə milli sərhəd qoşunlarına təhvil verilmişdir. Ulu Öndər Heydər Əliyevin müdrikliyi sayəsində SSRİ sərhəd qoşunlarının ölkə ərazisində yerləşən hərbi hissələrinin təhvil-təslim prosesi 1993-cü ilin aprel ayının 5-də başa çatdı və sərhədlərin mühafizəsi yeni yaradılmış Milli Sərhəd Qoşunları tərəfindən həyata keçirilməyə başlanıldı.

Ulu Öndər Heydər Əliyev müstəqillik əldə olunandan sonrada Azərbaycan sərhədçiləri ilə görüşləri sərhəd mühafizəsinin inkişafı üçün xüsusilə əhəmiyyətli olmuşdur. Ulu Öndərin Dövlət sərhədinin mühafizəsinə göstərdiyi daimi diqqət və qayğı nəticəsində sərhəd dəstələri xidməti fəaliyyətə başlamış, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və qoşunların maddi-texniki təminatının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, sərhədin mühafizəsində müasir texniki vasitələrin tətbiqi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri baza formalaşdırılmışdır”, – deyə Sərhəd Qoşunlarının komandanı qeyd edib.

A.Məmmədov vurğulayıb ki, Ümummilli liderin 1996-cı ilin dekabr ayının 17-də, 2001-ci ilin avqust ayının 16-da və 2002-ci ilin mart ayının 6-da sərhəd qoşunlarının rəhbər heyəti ilə görüşləri zamanı verdiyi göstərişlər milli sərhəd mühafizəsinə qayğının nümunəsi olmuşdur: “Dahi Öndər Heydər Əliyevin 2000-ci il avqust ayının 16-da imzaladığı fərmanla 18 avqust sərhədçilərin peşə bayramı günü kimi təsbit etmiş, bununla da Azərbaycanda dövlətçilik ənənələrinin dərin köklərə söykəndiyini və bu əlamətdar günün yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və dövlətçilik tariximiz üçün də mühüm olduğu nümayiş etdirilmişdir. 2001-ci ildə Sərhəd Qoşunlarının xidməti hesabatını qəbul edərkən Ali Baş Komandan qarşıya beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotiklərin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə aparılması, dənizdə neft-qaz hasilatı infrastrukturunun mühafizəsi kimi vəzifələr qoymuşdur.

2002-ci ilin iyul ayının 31-də Dahi Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin xidməti fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələləri ən yüksək səviyyədə həll olunmağa başlandı.

Sonrakı illərdə Ulu Öndər Heydər Əliyevin sərhədlərimizin qorunması istiqamətində müəyyən etdiyi strateji xətt Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, müasir dövrün tələblərinə uyğun olaraq zənginləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev sərhədçilərə göstərdiyi diqqət və qayğının təzahürüdür ki, 17 halda Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbi qulluqçuları ilə görüşü olmuş və ilk görüşü 2004-cü ilin iyul ayının 21-də “Xudat” sərhəd dəstəsinin şəxsi heyəti ilə olmuş və bununlada sərhəd mühafizəsi salnaməsində yeni səhifə açmışdır”.

O bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi ali diqqət və qayğısı sayəsində 2005-ci ilin dekabr ayının 23-də “Şəki” sərhəd dəstəsinin, 2006-cı ilin aprel ayının 14-də “Zaqatala”, 2010-cu ilin aprel ayının 29-da “Göytəpə”, 2013-cü ilin sentyabr ayının 27-də “Horadiz”, 2014-cü ilin yanvar ayının 7-də “Şəmkir”, 2021-ci ilin oktyabr ayının 21-də “Zəngilan”, 2021-ci ilin oktyabr ayının 25-də “Qubadlı” sərhəd dəstələrində, 2019-cu ilin fevral ayının 28-də “Naxçıvan” və 2023-cü ilin avqust ayının 7-də isə “Qazax” əlahiddə sərhəd diviziyaları inşa edilmiş, qarnizon kompleksləri əsaslı təmir edilərək xidməti istifadəyə verilmişdir.

“Möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ən yüksək etimadının göstəricisi olaraq 2017-ci ilin iyun ayının 5-də Dövlət Sərhəd Xidmətinin tərkibində Sərhəd Qoşunları Komandanlığı və digər 3 silahlı birləşmənin yaradılması barədə qərar verməsi ilə Azərbaycan Sərhəd Mühafizəsinin tarixində ən yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə etdi. Müzəffər Ali Baş Komandanımızın bu tapşırığının icrası şərəf borcumuz, fərəh və qürur mənbəyimiz oldu. Qazax-Ağstafa rayonları ərazisində Ermənistan dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Qazax” əlahiddə sərhəd diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində sərhəd-döyüş məntəqələri, “Qazax” əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də, daxil olmaqla 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi.

Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin dövlət sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, ərazidəki mühüm strateji yüksəkliklərin ələ keçirilməsinə, həmsərhəd ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı”, – deyə Sərhəd Qoşunlarının komandanı vurğulayıb.

Komandan qeys edib ki, ölkəmiz quruda 5 ölkə – Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranla həmsərhəddir: “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığı dövlət sərhədini 3 sərhəd diviziyasının, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına müdafiə və mühazifəsini təmin edir. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının əsas vəzifələri beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, zəhərli, radioaktiv, partlayıcı maddələrin, odlu silah və döyüş sursatının, digər kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə və dövlət sərhədinin mühafizəsidir. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığda xidmətin keyfiyyətinin artırılması üçün kadr hazırlığına xüsusi diqqət yetirilir, bu məqsədlə DSX Akademiyasında sərhədçi zabit kadrlarının hazırlanır, bununla yanaşı digər təyin olunmuş təlim-tədris mərkəzlərində kurslar təşkil olunur. Bunun nəticəsində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hal-hazırki dövrədək:

Dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı görülmüş təxirəsalınmaz əməliyyat tədbirləri və sərhəd naryadlarının ayıq-sayıqlığı nəticəsində 1636 nəfər sərhəd pozucusu, 1021 nəfər rejim pozucusu saxlanılaraq müvafiq dövlət orqanlarına təhvil verilmişdir. Eyni zamanda qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində aşkar edilərək götürülmüş narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində ümumi çəkisi 6 ton 928 kq narkotik vasitə və 533 min 406 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılmış və saxlanılan narkotik vasitələrin ümumi təxmini dəyəri 162 milyon 610 min 694 manat təşkil etmişdir.

Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində 2024-cü il ərzində dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 nəfər sərhəd pozucusu, 134 nəfər rejim pozucusu saxlanılmış, eyni zamanda ümumi çəkisi 1 ton 148 kiloqram narkotik vasitə və 30 min 038 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılmış, ümumi dəyəri 13 milyon 174 min 694 manat təşkil etmişdir. Qeyd etmək istəyərəm ki, son zamanlar müxtəlif uçuş aparatlarından istifadə etməklə ölkə ərazisinə narkotik vasitələrin keçirilməsinə cəhdlər olmuş, tərəfimizdən görülmüş tədbirlər nəticəsində uçuş aparatlarının saxlanılması təmin edilmiş, narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır”.

Daha sonra general-leytenant A.Məmmədov Vətən müharubəsindəki iştirakına toxunub və bildiirb ki, dövlət sərhədinin mühafizəsi ilə əlaqədar xidməti vəzifələrini icra edərkən sərhəd pozucuları ilə silahlı toqquşma zamanı Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 13 nəfər hərbi qulluqçusu şəhid olmuşdur: “Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümlərindən sonra şəxsi şücaət göstərdiyinə görə əsgər İsgəndərov Elton Xaləddin oğluna “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında başlayan “DƏMİR YUMRUQ” döyüş əməliyyatlarında Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının heyətindən 1843 hərbi qulluqçu iştirak etmişdir. Xüsusi ilə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsi zamanı Аli Baş Komandanın Dövlət Sərhəd Xidmətinin qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilmişdir. Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələri tərəfindən işğaldan azad olunduqdan sonra ilk dəfə Ermənistanla dövlət sərhədinə çıxaraq strateji cəhətdən əhəmiyyətli olan “Bartaz”, “Şükrataz” yüksəklikləri azad edilmişdir. İşğaldan azad olunmuş həmin ərazilərdə dərhal Sərhəd Qoşunlarının hərbi qulluqçuları tərəfindən dövlət sərhədinin mühafizəsi təşkil olunmuşdur.

44 günlük Şanlı “Vətən Müharibəsi”ndə isə 10 nəfər hərbi qulluqçusu qəhrəmanlıq və şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalmışlar. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümlərindən sonra qəhrəmanlıq, xüsusi şücaət göstərdiklərinə görə baş gizir Allahyarov Şahin Hüseynbala oğlu və kiçik gizir İbrahimli Nail Nəriman oğluna “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir.

Döyüş əməliyyatları zamanı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən, rəşadət və yüksək şücaət nümayiş etdirmiş bütün 1843 hərbi qulluqçular təltif olunmuş, onlardan 719 nəfər hərbi qulluqçumuz ölkə başçısı tərəfindən müxtəlif xüsusi orden və medallarla təltif olmuşlar”.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasından və sərhədlərimizin işğaldan azad olunmasından dərhal sonra bu ərazilərdə sərhəd mühafizə infrastrukturun yaradılması istiqamətində tədbirlər həyata keçirilmişdir. “Vətən Müharibəsi”ndən sonra Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının 1 əlahiddə sərhəd diviziyası, 3 hərbi hissə, 11 sərhəd komendantlığı, 3 əlahiddə bölmə və 121 sərhəd-döyüş məntəqəsi dövlət sərhədinin mühafizəsinə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının yeni inşa olunmuş 3 hərbi hissəsinə səfər etməsi sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın və qayğının növbəti ifadəsi olmuş, sərhədçiləri xidməti uğurlara ruhlandırmışdır.

“Azərbaycan xalqının Böyük Sərkərdəsi cənab İlham Əliyevin uzun illərdi apardığı siyasətin nəticəsi olaraq 19 aprel 2024-cü il tarixdə Qazax rayonunun Ermənistan tərəfindən işğal olunmuş 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edildikdən sonra Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi qulluqçuları Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli bayrağımız ucaldaraq şərəflə xidmətə başlamışlar.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının ölkəmizdə keçirilən 29-cu sessiyası – “COP 29” beynəlxalq konfransına hazırlıqla əlaqədar zəruri tədbirlər görülmüş və qarşıya qoyulmuş tapşırıqların icrası layiqincə yerinə yetirilmişdir.

Bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı quruda sərhəd mühafizəsini təmin edən və ölkənin strateji maraqlarını qoruyan əsas qurumlardan biridir. Biz əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ciddi inkişaf yolu keçmiş Azərbaycan sərhəd mühafizəsi güclü sərhəd mühafizə infrastrukturuna, peşəkar kadrlara, müasir silah və texnikaya malik olan və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadirdir. Məhz bu səbəbdən iqlimindən, coğrafi relyefindən, şəraitindən asılı olmayaraq vətənimizin quru sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyini yüksək səviyyədə təmin olunur”, – deyə Araz Məmmədov qeyd edib.

Daha sonra Dövlət Sərhəd Xidmətinin və Sərhəd Qoşunları Komandanlığının fəaliyyətindən, döyüş yolundan və nailiyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

20241121 20241121 20241121

Seçilən
29
6
poliqon.az

10Mənbələr