Bəhruz Quliyev: “Cənubi Qafqazda yaranan sülh atmosferindən narahat olan qüvvələr Ermənistanı...”
Ermənistan 78 ədəd “ATAGS” artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır. Bu barədə Hindistan Müdafiə Araşdırma Qanadı (IDRW) yazıb.
Qeyd olunub ki, bu, əvvəllər Ermənistana təhvil verilmiş, ölkənin müxtəlif ərazilərində müstəsna imkanlar nümayiş etdirən 60 “ATAGS” sistemlərinin uğurlu fəaliyyətinin nəticəsidir: “6 haubitsadan ibarət ilk partiya Ermənistanda həm yüksək dağlıq ərazilərdə, həm də düzənliklərdə geniş sınaqdan keçirilib. Sınaqlar uzun məsafələrdə dəqiqliyi və yüksək etibarlılığı ilə təsdiqlənib, bu da Ermənistan hakimiyyətini daha geniş miqyasda satın almağı düşünməyə vadar edib. Ermənistan Müdafiə Nazirliyi “ATAGS”ın növbəti partiyasını təkmilləşdirmək üçün hərbçilərin istəklərini ifadə edib. Artıq sistemə daxil edilmiş diqqətəlayiq xüsusiyyətlər arasında əməliyyatı asanlaşdıran erməni dilində interfeys də var”.
Ermənistanda yerləşdirilən “ATAGS” sistemləri yerli dildə interfeysə malik ballistik kompüterlərlə təchiz olunub. Bu quraşdırma erməni artilleriya ekipajlarının işini asanlaşdırır və xəta ehtimalını azaldır. Diqqəti çəkən məqam odur ki, Ermənistan Hindistandan kütləvi formada məhz hücum silahları alır.
“İrəvan bütün hazırlıqlarını yenə Azərbaycana qarşı yeni müharibə planı üzərində qurur, əvəz çıxmaq istəyir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Ermənistanın silahlandırılması revanşizmi körükləyir: “Bu gün regionda vəziyyət stabil kimi görünsə də, Ermənistanın və regionda marağı olan qüvvələrin destruktiv fəaliyyəti yeni müharibənin olma ehtimalını artırır. Nəticədə gözlənilən sülh bir müddət gündəmdən çıxa bilər. Hadisələrin inkişafı bunu deməyə rəvac verir. Ermənistan silahlanır, məqsədin itirilmiş hərbi arsenalın doldurulduğunu deyir, amma satın aldığı, yaxud bağışlanılan silahların xarakterik xüsusiyyətlərini analiz edərkən məlum olur ki, bunlar müdafiə yox, hücum silahlarıdır. Nəzərə alsaq ki, Ermənistanın müharibə aparacağı ölkə İran deyil, Gürcüstan heç deyil, Türkiyə ilə qarşıdurma ölümə imza atmaqdır, Rusiya ilə savaşmaq iqtidarında deyil. Belə anlaşılır ki, İrəvan bütün hazırlıqlarını yenə Azərbaycana qarşı yeni müharibə planı üzərində qurur, əvəz çıxmaq istəyir”.
Politoloq B.Quliyevin fikrincə, Ermənistanın silahlanması Cənubi Qafqazda sülhə ən böyük maneədir: “44 günlük müharibədən sonra öz ərazilərində suverenliyini bərpa edən Azərbaycan sülh danışıqlarının məntiqi sona çatması üçün prosesi fərdi şəkildə davam etdirir. 26 illik atəşkəs dövründə bir nəticə əldə edə bilməyən dünya güclərinin işini 44 günlük müharibə zamanı edən Azərbaycan Ermənistanla ikitərəfli təmasların başlanmasının və uğur əldə edilməsinin də təşəbbüskarıdır. Məsələ burasındadır ki, Bakı İrəvanla birbaşa danışıqlar aparmaqla ölkələr arasında bəzi razılaşmaların əldə edilməsini də təmin edə bildi. Əsirlərin dəyişdirilməsi, mina xəritələrinin verilməsi, Qazax rayonunun işğal altındakı 4 kəndinin geri qaytarılması, sərhədin delimitasiya və demarkasiyasının aparılması da Azərbaycanın irəli sürdüyü təkliflərdən sonra baş verdi. Amma Cənubi Qafqazda yaranan sülh atmosferindən narahat olan qüvvələr Ermənistanı silahlandırmaqla bu prosesə mane olmağa çalışırlar. Ermənistan silahlanmır, Ermənistanı silahlandırırlar, bu ölkəyə güzəştli şərtlərlə kreditlər verilir, böyük dağıdıcı gücə malik silahlar ötürülür, hərbi mütəxəssislərlə təmin edilir, ölkə ərazisində təlim düşərgələri yaradılır, Azərbaycanla sərhəddə gizli müşahidələr aparılır. Bütün bunlar Ermənistanla Azərbaycan arasında çətinliklə formalaşan münasibətlərin üstündən xətt çəkməyə hesablanıb. İrəvanın silahlandırılması isə qüvvələri balanslaşdırmaq yox, birbaşa müharibə risqini artırmaqdır. Dünyada hərbi eskalasiya gündəminin aktual olduğu bir dönəmdə sülhü imitasiya edən İrəvanın silahlanma həvəsi revanşizmlə deyil, özünü məhv etmə ilə nəticələnə bilər”.
Vidadi ORDAHALLI