AZ

İstedadı öldürən asılılıq: “Adriano olmadan İmperator olmağın mənası yoxdur”

Bu yaxınlarda sosial şəbəkələrdə hamının “İnter” və Braziliya millisindən tanıdıqları Adrianonun videosu yayılıb. Sərxoş halda çılpaq ayaqlarını yerdə çətinliklə tərpədən, yoldan keçənləri incidən və onlara tərəf dilini çıxaran sabiq futbolçu kameralardan da utanmır. Adriano hətta əlində bir qab pivə ilə rəqs etməyə də başlayıb.

Bu səviyyəyə enən futbolçunun kədərli mənzərəsi azarkeşləri şoka salıb və onlara bir vaxtlar yüksək səviyyəli idmançının çətin taleyini xatırladıb.

Adrianonun vətəni Braziliyada sərxoş videoları uzun müddətdir ki, artıq heç kimi təəccübləndirmir. Vaxtilə “İmperator” ləqəbini alan oyunçunun karyerası ərzində spirtli içkilərə qarşı həmişə zəifliyi olub.

Futbolçunun özünün dediyi kimi, onu bu vəziyyətə atasının ölümü salıb. Ən əziz adamını itirən Adriano hadisədən sonra özünə gələ bilməyib və çarəni alkoqolda tapıb.

Bu gün favellərdə yaşayan futbolçunun həyatının hazrkı hissəsinə maraqlı izahı var:

“Dostlarımın, ailəmin yanına qayıtdım. Özümü hansısa bir qalaya bağlayıb orada hamıdan gizlənmək istəmirəm. ADI-RANO-nu hələ də xatırlayan insanlara qayıtdım.

Bəli, hər şey üçün nəsə ödəməlisən. Formamı itirmişəm. Köməyə ehtiyacım olduğunu başa düşdüm.

Bəlkə də milyonları qoyub getmişəm. Ancaq əsas olan insanın ruhudur. Onu geri qaytarmaq üçün xeyli miqdarda pulundan keçməlisən.

O vaxt atamın ölümü məni sındırmışdı. Özümü yenidən normal hiss etmək istəyirdim. Narkotik vasitələr qəbul etmədim. Çarəni alkoqolda tapdım. Narkotikdən istifadə etməyə başlasaydım, bu, anam və nənəm üçün ölüm hökmü olardı.

“Flamenqo”da oynamaq üçün Rioya qayıdanda daha imperator olmaq istəmirdim. Yenidən Adriano olmaq istəyirdim. Futboldan həzz almaq istəyirdim. Və aldım da.

İcazə verin, sizə o komanda haqqında bir şey deyim. Bəzən məşqə  yalnız ona görə yığışırdıq ki, hamımız gedib bir yerdə içək.

Növbəti gün məşq hamı üçün asan olmurdu. Lakin bir-birimizə arxa olurduq, komanda yoldaşı kimi davranıb bir-birimizi əvəz edirdik.

Və bu şəkildə də biz qalib gəldik. “Flamenqo”nun 17 ildə ilk liqa çempionluğunu qazandıq.

Atam öləndən sonra heç vaxt əvvəlki kimi olmadım. Amma həmin mövsüm özümü evdəki kimi hiss etdim. Özümü yenidən xoşbəxt hiss etdim. Özümü yenidən Adriano kimi hiss etdim.

Faveldən olan bir oğlan olan Adriano.

Uşaqlıqda saatlarla avtobusda gəzən Adriano.

Uşaq ikən “Flamenqo”dan qovulmalı olan Adriano.

Uşaqlıqdan meydanda olan Adriano.

Və mən heç vaxt bu cür olmaqdan vaz keçmədim. Pul, şöhrət, tanınma… Bu, kim olmaq üçün doğulduğunuzu dəyişməyəcək.

Dünya çempionluğunu qazanmadım.

Libertadores kubokunu qazanmadım.

Amma parlaq karyeram oldu.

İmperator olmaqdan qürur duyurdum. Amma Adriano olmadan İmperator olmağın mənası yoxdur.

Adrianonun başında heç vaxt tac olmayıb. Adriano taleyin üzünə güldüyü gecəqondulardan çıxan bir oğlandır.

Adriano favellərdə yoxa çıxmadı. O, sadəcə olaraq evinə döndü”.

Seçilən
21
futbolinfo.az

1Mənbələr