AZ

Britaniya hava limanında təhlükə: Sərnişinlər təxliyə edildilər

Böyük Britaniyanın paytaxtı Londondan təxminən 30 mil cənubda yerləşən Qatvik hava limanının terminallarından birində sərnişinlər təhlükəsizlik səbəbi ilə təxliyə ediliblər.

Sitat.info xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat verib.

"Ehtiyat tədbiri olaraq Cənub terminalının böyük hissəsi boşaldılıb. Biz təhlükəsizliklə bağlı araşdırmaları davam etdiririk. İstintaq davam etdiyi müddətdə sərnişinlər Cənub terminalına daxil ola bilməyəcəklər. Sərnişinlərimizin və işçilərin təhlükəsizliyi prioritetimiz olaraq qalır. Biz hadisənin mümkün qədər tez həll edilməsi üzərində səylə çalışırıq", - deyə məlumatda bildirilib.

Həmçinin Böyük Britaniyanın ikinci ən işlək hava limanı Qatvikdə baş verən hadisə ilə əlaqədar Londonun mərkəzini hava limanı ilə birləşdirən "Gatwick Express" qatarı da ərazidə dayanmayıb.

Hadisə yerinə polis və fövqəladə hallar xidməti cəlb edilib.

Xarici KİV-in xəbərinə görə, Britaniya polisi baqajda şübhəli qanunsuz əşya aşkar edib və hava limanına bomba zərərsizləşdirmə qrupu göndərilib.

"Ehtiyat tədbiri olaraq, hava limanına partlayıcı qurğunun zərərsizləşdirilməsi qrupu göndərilib", - deyə məlumatda qeyd edilib.

Yerli polis qüvvəsi olan Sasseks polisinin bildirdiyinə görə, məsələ həll olunana qədər təhlükəsizlik kordonu yerində qalacaq.

Seçilən
8
2
sitat.info

3Mənbələr