"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 14-cü turunda "Kəpəz"i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edib.
QOL.az Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, o deyib: "Çətin olacağını bilirdik. "Kəpəz" son oyunlarda yaxşı çıxış edirdi. Çempionatda yaranmış fasiləyə görə komanda da oyun ritmindən düşmüşdü. İdeal oynamasaq da, qələbə qazanmaq üçün hər şeyi etdik. Qarşıdakı oyunlara hazırlaşacağıq".
Mütəxəssis üzərində təzyiqinin hiss etmədiyini qeyd edib: "Oyuna köklənmək baxımından sıxıntımız yoxdur, sadəcə bəzi futbolçularımız bu müddətdə komandadan kənarda qalmışdı. Qapıçımız Kristian Avram gecə komandaya qoşuldu. Bunlarla bərabər, "Kəpəz"i də unutmaq olmaz. Üzərimdə təzyiq hiss etmirəm. Əgər mən təzyiq hiss etmirəmsə, futbolçularım da bunu hiss etməyəcəklər".
E. Baxşıyev futbolçuları Urfan Abbasovun bugünki heyətdə yoxluğundan və Mustafa Əhmədzadənin göstəricilərindən də danışıb: "Urfan özünü narahat hiss etdiyinə görə bu gün Tovuza gətirmədik. Zədəli deyil, süni meydana buraxmaq baxımından ehtiyat etdik. Mustafaya gəldikdə, məncə, onunla bağlı çox danışılır. Bu futbolçu bərkiməlidir, üzərində çox işləməlidir".