AZ

Güney Azərbaycanla bağlı yeni toplu hazırlanıb - Foto

Güney

“Yeni dünya düzəni və Güney Azərbaycan problemi” adlı elmi məqalələr toplusu işıq üzü görüb. Professor Vaqif Sultanlı və doktor İrəc İsmayılın hazırladığı, “Aveprint” nəşriyyatında nəşr edilmiş kitabda Güney Azərbaycanın aktual problemlərinə həsr olunmuş müxtəlif məzmunlu araşdırmalar toplanıb.

Reyting.az
-ın məlumatına görə, oxucuların mühakiməsinə verilən kitab Güney Azərbaycanla bağlı tarixi, siyasi-ideoloji və ədəbi-kulturoloji problemlərə aydınlıq gətirilməsi məqsədilə hazırlanıb. Burada bir tərəfdən tarixi-siyasi, qarşı tərəfdən ədəbi-kulturoloji səpkili araşdırmalara yer verilib, bu isə problemin hərtərəfli müstəvidə dəyərləndirilməsinə imkan yaradıb.

Vaqif Sultanlı və İrəc İsmayılın kitaba yazdığı “Güney Azərbaycan problemi çağdaş düşüncə axarında” adlı öz sözdə problemin aktuallığına diqqət çəkilir:

“Çox təəssüf ki, demokratik dünya uzun illərdən bəri şovinist İran fars rejiminin basqıları altında inləyən, hər cür insani hüquqlardan məhrum olan, dar ağacına sürüklənən, məhbəslərdə, sürgünlərdə ağır işgəncələrdən ölümə tərk edilən, qürbətdə can verən Güney Azərbaycan Türklərinin taleyinə hələ də səssiz qalmaqdadır. Dəqiq olmayan statikstik bilgilərə görə, İran bu gün dünyada edamların sayına görə ilk yerdə dayanan dövlətlər sırasındadır. Ölkədə narkotik alveri adı altında məhkum edilən, dar ağacından asılan gənclərin böyük əksəriyyəti siyasi fəaliyyətlə məşğul olan şəxslərdir”.

“Ön söz”də daha sonra Güney Azərbaycan probleminin çözüm yolları ilə bağlı məsələlərə aydınlıq gətirilir:

“Güney Azərbaycan probleminin həlli bölgə dövlətləri ilə bağlı əsrlərdən bəri həllini gözləyən bir sıra ortaq siyasi məsələlərin çözülməsinə imkan verəcəkdir. Başqa sözlə, Güney Azərbaycanın bağımsızlıq qazanması ilə yad güclərin əli ilə parçalanmış vahid xalqın birləşərək gələcəkdə yaradacağı Bütöv Azərbaycan dövləti bütünlükdə Şərqin taleyində həlledici rol oynayacaqdır”.

Kitaba daxil edilən, mövzu-problem baxımından çeşidli olan, biri digərini tamamlayan məqalələr Azərbaycan araşdırıcıları ilə yanaşı, Türkiyə və Misir alimlərinin əsərlərini də əhatə etməkdədir.

Seçilən
20
2
reyting.az

3Mənbələr