AZ

İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib

İstanbulda I Enerji Forumu çərçivəsində “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” mövzusunda nazirlər sessiyası keçirilib. Energetika naziri Pərviz Şahbazov sessiyada çıxış edib.

AZƏRTAC xəbər verir ki, nazir çıxışında artan enerji tələbatını qarşılamaq, iqlim dəyişmələri ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə bağlı müasir enerji çağırışlarının həllində regional və beynəlxalq enerji əməkdaşlığının vacibliyini vurğulayıb. Bu kontekstdə, Azərbaycandan 30-a yaxın ölkəyə neft tədarük olunduğu, dekabr ayından etibarən isə qazla təchiz edilən ölkələrin 12-yə çatacağı, hazırda bu enerji əməkdaşlığının bərpaolunan enerji ilə genişləndiyi qeyd edilib.

COP29 Sədrliyinin enerji təşəbbüslərinin qlobal yaşıl enerji keçidini sürətləndirən rolundan da bəhs edilib. Bu təşəbbüslərin Azərbaycanın bərpaolunan enerji sahəsindəki iddialı milli və beynəlxalq proqramlarına əsaslandığı bildirilib. Pərviz Şahbazov bildirib ki, bərpaolunan enerjinin milli inkişaf proqramı çərçivəsində 2027-ci ilədək həyata keçirilən 2 QVt-lıq genişmiqyaslı yaşıl enerji layihələri nəticəsində sərbəstləşən 1,2 milyard kubmetr qazın ixraca yönəldilməsi imkanı yaranır.

Energetika naziri bərpaolunan enerjinin inkişafına dair beynəlxalq proqramın bir neçə yaşıl enerji dəhlizi layihəsindən ibarət olduğu da deyib. “Azərbaycan-Türkiyə-Avropa”, “Xəzər-Qara dəniz-Avropa” və “Mərkəzi Asiya-Azərbaycan” yaşıl enerji dəhlizlərinin enerji təhlükəsizliyi və enerji keçidində regional enerji əməkdaşlığını gücləndirəcəyini diqqətə çatdırıb: “Bu gün Bolqarıstanın təşəbbüsü ilə Gürcüstandan Türkiyə və daha sonra Avropaya yaşıl enerjinin tədarükü imkanlarını da müzakirə etdik. Bütün bu interkonnektorlar yalnız enerji təhlükəsizliyinə deyil, həm də qlobal enerji keçidinin sürətlənməsinə töhfə verəcək”.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın moderatorluğu ilə keçirilən müzakirələrdə Gürcüstan, Macarıstan, Bolqarıstan, Moldova, Serbiya, Özbəkistan və Liviya nümayəndələri də iştirak edib.

Seçilən
13
2
xalqqazeti.az

3Mənbələr