IV MƏQALƏ
Azərbaycanlı hüququ dünya müstəvisində
Prezident İlham Əliyevin müasir mərhələdə ölkə üçün yeni tarixi mərhələnin başladığını bəyan etməsi tarixi hadisədir. Öncəki məqalədə vurğuladığımız kimi, burada bütövlükdə Azərbaycandan bəhs edilməsinin isə siyasi, geosiyasi, tarixi və mənəvi-ideoloji xüsusiyyətləri geniş öyrənilməli, təbliğ və təşviq edilməlidir. Bu yanaşmanın anlamı genişdir. Burada Azərbaycan məsələsinin müasir dövlətçilik tariximizdə ilk dəfə olaraq azərbaycanlı hüququnun dünya müstəvisində təmin edilməsi üzərində dayancağıq.
Öncə onu vurğulayaq ki, müstəqil dövlətçilik tarixində azərbaycanlının Azərbaycan vətəndaşı kimi qlobal miqyasda hüquqlarının təmini məsələsini dövlət kursunun tərkib hissəsi kimi təqdimatını Prezident İlham Əliyev etmişdir. Biz bunu liderliyin olduqca əhəmiyyətli faktoru hesab edirik. Çünki insan hüquqları məsələsi üzərində Azərbaycan Respublikasına qarşı müxtəlif səviyyələrdə spekulyativ, böhtançı, aşağılayıcı təzyiqlər etməyə çalışan dairələr hələ də sakitləşməmişlər. Onlar azərbaycanlılarla bağlı “insan haqları” dedikdə əsas olaraq Azərbaycan vətəndaşlarının digərləri qarşısında əbədi borclu olması kimi sərsəm və antiinsani məqamları nəzərdə tuturlar. Belə təəssürat yaranırdı ki, biz dünyada hər kəsə və hər ölkəyə əbədi borcluyuq. Kimlərəsə güzəştə getməli, kimlərisə cəmiyyət olaraq başımıza çıxarmalı və bu zaman aborigen xalq ikincidərəcəli vəziyyəti ilə barışmalıdır.
Sovet dönəmində (sirr deyildir!) bu, özünü hər bir münaqişəli situasiyada ilk olaraq azərbaycanlıya cinayətkar, bandit, xuliqan, narkoman və alverçi kimi yanaşmada ifadə olunurdu. SSRİ-də milislər yeri gəldi-gəlmədi soydaşlarımızı saxlayır və qanunsuz axtarışlar aparırdılar. Bu prosesin qarşısını xeyli dərəcədə Ulu öndər almışdı. Bununla yanaşı, Heydər Əliyevin Moskvada mərkəzi hakimiyyətdə təmsil olunmasından sonra bir sıra respublikalarda bizə qarşı daha qərəzli münasibətlər gördük. Burada yalnız erməniləri günahlandırmaq, yol azdırmaqdır – əsrlərlə məlum qlobal dairələrin türklərə, o cümlədən azərbaycanlılara qarşı hansı mənada “sivil və hüquqi” davrandıqlarının şüuri təcrübəmizdə pozulmaz obrazı mövcuddur! İlham Əliyev böyük mənada bu sindromu sındırdı.
Azərbaycan Prezidenti XXI əsrdə çox zəfərlərə imza atımışdır. Bu mövzu ilə bağlı onların ikisini vurğulamaq istərdik.
Birincisi, sübut etdi ki, Azərbaycan Respublikası öz gücünə ərazi bütövlüyünü və suverenliyini milli kimliyini və müstəqilliyini saxlamaqla təmin etmək qüdrətindədir.
İkincisi, bütün dünya bilsin ki, Azərbaycan Respublikası müstəqil dövlət kimi azərbaycanlıların dünyanın hər yerində hüquqlarını müdafiə etməyə müvəkkildir.
Bu iki faktor sintez halında Azərbaycan Respublikasının müasir mərhələdə ilk dəfədir ki, müstəqil dövlət kimi hazırkı siyasi-coğrafi hüdudlarını aşaraq dünya miqyasında hüququn təmin olunması məsuliyyətini üzərinə götürdüyünü ifadə edir. İlham Əliyevin yeni lider kimi quruculuğunu xarakterizə edən fundamental istiqamətlərdən biri bundan ibarətdir. İzah etməyə çalışaq.
Məsələ onunla bağlıdır ki, yeni liderlikdə quruculuq anlayışının politoloji mənası öncəki dövrlərdən fərqli kriteriyalara əsaslanmalıdır. Quruculuq siyasi, iqtisadi, enerji, mədəni, mənəvi, ideoloji, iqtisadi sferalarda ayrı-ayrılıqda uğur qazanmaqla tam ifgadə edilmir. Əsas həmin yeniliklərin (uğurların, inkişafın, tərəqqinin) milli müstəqil dövlətçilik kursu daxilində strateji birliyini, harmoniyasını, sintezini təmin edə bilən xətti seçməklə bağlıdır!
İlham Əliyev məhz bu baxımdan həm yeni tarixi mərhələni müəyyən etmişdir, həm də yeni mərhələyə öncəki mərhələnin əsas nəticələri üzərində yanaşa bilmişdir. Bu da başqa faktorlarla yanaşı, Prezidentin siyasi, diplomatik, hərbi, mədəni, iqtisadi, enerji və başqa istiqamətlərdəki nailiyyətlərlə hüquqi aspekti uyğunlaşdırmasında ifadə olunmaqdadır. Vurğulanan vahid dinamikaya və məntiqə malik fəaliyyət fəlsəfəsinin Azərbaycan variantında vəhdəti, İlham Əliyevin quruculuğunun başlıca özəlliklərindən birini təşkil edir.
İndi bu tezisin fonunda yeni tarixi mərhələnin quruculuq komponenti kimi fəlsəfi və siyasi-nəzəri xüsusiyyələrinin bir neçəsinə baxa bilərik.
Yeni tarixi mərhələ
Öncə qeyd edək ki, İlham Əliyevin lider kimi quruculuq kursu səkkiz istiqamətlə məhdudlaşmaya da bilər. Ancaq, bizim üçün “səkkiz istiqamətin” bayraqdakı səkkizguşəli ulduzla rəmzi bağlantısı da vardır. Bu sətirlərin müəllifi üçün 8 rəqəminin, ümumiyyətlə, dünyanın yaranması və mövcudluq formasının fəlsəfəsi ilə sıx bağlılığı vardır. Hər bir halda, təsadüfi və ya zəruri, İlham Əliyevin yeni tarixi mərhələ üçün quruculuq istiqamətlərini müəyyən etməyin sırf fəlsəfi, analitik və politoloji təhlili avtomatik olaraq aşağıdakı istiqamətlərə gətirib çıxardı:
- Yeni milli ideya;
- Böyük qayıdış;
- Böyük millət quruculuğu;
- Dayanıqlı strateji inkişaf;
- “Yaşıl ölkə” quruculuğu;
- Yüksək rifah cəmiyyəti quruculuğu;
- TDT quruculuğu;
- Regional-regionlararası qlobal miqyaslarda liderlik missiyası ilə fəaliyyətin yeni məzmunu.
Bizim üçün çox mühüm əhəmiyyəti olan bir sıra digər məsələləri, məsələn yeni vətənpərvər milli ruhlu nəslin tərbiyəsi, ölkənin müdafiə qüdrətinin davamlı artırılması, yeni texnologiyaların tətbiqi, təhsil və elmdə keyfiyyət dəyişikliyinə nail olmaq və s. prosesləri vurğulanan əsas istiqamətlərin tərkib elementləri kimi qəbul etməyin mümkün olduğunu düşünürük. Yeni tarixi mərhələnin fəlsəfi və politoloji anlamı prizmasında vurğulanan əsas istiqamətlərin üzərində dayanmaq gərəkdir.
Yeni milli ideya
Avrasiya məkanında heç bir müstəqil dövlət hələlik özü üçün nə yeni tarixi mərhələ, nə də yeni milli ideya müəyyən etmişdir. Deməli, söhbət, faktiki olaraq, geniş geosiyasi məkanda ilk təcrübədən gedir. Bu təcrübəni Azərbaycanın özü yaradır. Onu başqalarından götürmək kimi bir proses yoxdur. Azərbaycan özü belə bir vacib təcrübə yaratmağa başlamışdırsa, deməli, bu dövlətin lideri yaradıcı olaraq strateji inkişafın mərhələləri ilə son məqsədini artıq konseptual ilə yanaşı, praktiki fəaliyyət aspektində də harmoniya halına gətirmişdir. Bunu quruculuğun baza tezisi kmi milli ideya kontekstində qəbul edə bilərik.
Azərbaycan Prezidenti yeni milli ideya məsələsini iki istiqamətdə ölkə gündəminə gətirmişdir. Birinci, dövlət və cəmiyyət üçün yeni tarixi mərhələni yalnız düşünülmüş və düzgün müəyyən edilmiş milli ideya əsasında müəyyənləşdirmək məqsədini bəyan etmişdir. Bu, XXI əsrdə müstəqil dövlətin davamlı inkişafı üçün çox əhəmiyyətlidir. Çünki milli ideya milli özşüur, milli identiklik, siyasi identiklik və dövlət identikliyi kontekstlərində fərdi və kollektiv miqyasları özündə ehtiva edən vacib faktordur. Bundan başqa, milli ideya ilə milli ideologiya arasında çoxaspektli və dinamik bir bağlantı mövcuddur (bu, onların eyni məzmun və məqsədə malik olduqları anlamına gəlmir).
Digər tərəfdən, yeni milli ideyanın yeni tarixi mərhələ konteksti ayrıca fəlsəfi və politoloji məna daşıyır. Yəni milli ideya strateji aspektdə quruculuğun çox mühüm parametrini təşkil edir. Çünki tarixi dövrün yeniləşməsinin əsas aparıcı və istiqamətverici faktoru milli ideyadır. Onda belə çıxır ki, faktiki olaraq fəlsəfi və politoloji anlamlarda yeni tarixi mərhələnin geniş xüsusiyyətləri milli ideyada əksini tapmalıdır. Bunun üçün öncədən milli ideyada “yeninin” nələrdən ibarət olması müəyyənləşməlidir.
Buradan Prezidentin yeni milli ideyanı ikinci istiqamətdə aktuallaşdırmasının səbəbi aydın olur. Konkret olaraq, İlham Əliyev yeni milli ideyanın məzmununun müəyyən edilməsində cəmiyyətin geniş iştirakını zəruri hesab etmişdir! Cəmiyyət, xüsusən onun ziyalı (yaradıcı) kəsimi milli ideyanın yenilik komponentlərini strateji inkişaf kursu daxilində yeni tarixi mərhələnin əsas məzmununun və məqsədinin müəyyən edilməsində nəticəverici faktorlar kimi aydınlaşdırılmasında aktivlik göstərməlidir.
Buradan İlham Əliyevin qurucu lider kimi fərqli bir keyfiyyəti özünü göstərir. İlk dəfədir ki, lider milli ideya üzərinə köklənməklə həm tarixi dövrləşdirmənin yeni cəhətlərini aydınlaşdırır, həm də cəmiyyəti yeniləşdirir, onu strateji tələblərə uyğun qurur. Bu quruculuğun da mühüm komponentləri kimi Böyük Qayıdışı və Böyük Millət Quruculuğunu göstərə bilərik.
Beləliklə, İlham Əliyevin qurucu liderlik kursu bir-biri ilə harmoniya və qarşılıqlı struktur-funksional bağlantıda olan elə bir sistemdir (şəbəkə) ki, onun tərkib hissələri inteqrasiyaedici sinerji təşkil edirlər! Bu aspektin fəlsəfəsi dərindir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru