AZ

Xəzərin ətraf mühitə “həssas”lığı onun taleyinə həssaslıq tələb edir

COP29-un İqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu Nigar Arpadarai Xəzər dənizinin ekologiyası mövzusunda keçirilən QHT-lərin beynəlxalq forumunda iqlim dəyişikliyinin mənfi təsirinin və Xəzər dənizinin bu təhlükələrə həssaslığının hər gün müşahidə edildiyini bildirib. O, Xəzərin unikal, dünyanın ən böyük daxili su hövzəsi olduğunu, bu dənizə Azərbaycanda və regionda tarixən mühüm sərvət kimi yanaşıldığını, eləcə də sahilyanı dövlətlər üçün biomüxtəlifliyin, iqtisadiyyatın və icmaların inkişafında ən böyük təbii resurs rolu oynadığını vurğulayıb.

N.Arpadarai qeyd edib ki, Xəzər ətrafdakı ölkələr üçün biomüxtəlifik mənbəyidir və bu ölkələrin iqlim sistemlərinin və ekosisteminin çox mühüm hissəsidir. Xəzər qapalı dəniz olduğu üçün çox “həssas”dır. Onun ekoloji tarazlığı asanlıqla pozulur və artıq uzun illərdir ki, Xəzər dənizi araşdırılsa da, onun mürəkkəblikləri və davranışının dəyişməsi hələ də tam bilinmir.

“COP29 kontekstində qlobal, regional və milli gündəmlər mövcuddur. Xəzər isə unikal və mürəkkəb regional gündəliyin çox parlaq nümunəsidir ki, bu da onu əhatə edən ölkələr üçün vahid baxış və iqlim gündəmini birləşdirməyə, müəyyən etməyə əla imkan yaradır. Hər şeyi düzgün etsək, təkcə iqlim və ətraf mühitə deyil, həm də iqtisadiyyata və onu əhatə edən icmalara müsbət təsir göstərəcəyik. Xəzər dənizini qorumaq üçün davamlı həll yollarının işlənib hazırlanmasında qeyri-dövlət subyektlərinin, o cümlədən biznes, universitetlər, elm və akademiyaların rolu çox vacibdir”, – deyə N. Arpadarai əlavə edib.

Seçilən
20
xalqqazeti.az

1Mənbələr