Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) COP29 çərçivəsində Şəhərsalma Günü təşkil etməklə urbanizasiya və iqlim dəyişikliyinin kəsişməsində duran ən aktual məsələlərin müzakirəsi üçün açıq və konstruktiv dialoq imkanı yaradıb. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29 çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib.
Komitə sədri 2026-cı ildə keçiriləcək növbəti Ümumdünya Şəhər Forumu (WUF13) və Ümumdünya Ətraf Mühit Gününün Azərbaycana həvalə olunmasının ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq deyib.“Biz şəhərlərin həm qlobal gələcəyini, həm də planetimizin inkişafında oynadığı rolu yüksək dəyərləndiririk. Urbanizasiyanın sürətlə inkişaf etdiyi regionlardan biri kimi Azərbaycan bu prosesin yaratdığı çağırışlara cavab verməyə, onun təqdim etdiyi imkanlardan faydalanmağa sadiqdir. Biz Şəhər İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndə institutunu təsis etməkdən və öhdəliklərimizin əyani nəticələr yaratmasına yönəlik praktiki tədbirlər görməkdən məmnun olacağıq. Bu baxımdan mən Bakı Davamlılıq Koalisiyasının yaradılmasından qürur duyuram. Bu qrupdakı həmkarlarımıza – Misir, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və BMT – Habitat-a təşəkkürümüzü bildiririk”.