AZ

“Şəmkir qülləsi”nin sorağında...

Tarixdə izi qalmış əzəmət zirvəsi

Bu qüllə indi yoxdur. Şəmkirdə kimdən soruşduq, gördüm deyən olmadı. Haqqında bir-iki nəfər “eşitmişik” dedi, vəssalam!

Heç kimi qınamırıq, 850–900 il qabaq ucaldılan nəhəng minarə–qüllənin bu günə gəlib çıxması bəlkə də möcüzə olardı. Müharibələr, zəlzələlər, digər dağıntılar, təbii fəlakətlər... İndiyədək minarəmi qalardı?

Şəmkir Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Sənan Məmmədli ilə söhbət edirəm. Deyir, oxuduqlarımızdan, eşitdiklərimizdən, mütəxəssislərin söylədiklərindən belə məlum olur ki, möhtəşəm bir abidə olub. Təəssüf ki, bugünümüzə gəlib çatmayıb. Neçə vaxtdır Şəmkir qalası qoruğunun ərazisində torpaq-qazıntı işləri aparılır. Deyilənə görə, bu qaladan cəmi 2 kilometr aralıda olub həmin qüllə. Ümüd edirik ki, çox keçməyəcək, Şərqdə ən böyük qüllələrdən hesab olunan Şəmkir qülləsinin müəyyən qalıqları üzə çıxacaq və onun daha dərindən tədqiq olunması həyata keçiriləcəkdir.

– Bəs, heç olmasa, minarənin kiçik formada oxşarını hazırlamaq və haradasa şəhərin görməli yerində ucaltmaq, Şəmkirə gələn qonaqlara bu barədə məlumat vermək mümkün deyilmi?

S.Məmmədli bu işlə nümayəndəlik deyil, nazirliyin başqa bir qurumunun məşğul ola biləcəyini xatırlatdı. Sonra isə rəssam Fərman Hüseynovla bizi tanış etdi. Yaşı artıq 70-i haqlayan Fərman müəllimlə tarix-diyarşünaslıq muzeyinə getdik. Özünün burada emalatxanası var, yerli icra strukturları ona yaxşı iş şəraiti yaradıblar. Təcrübəli rəssam da ona ayrılmış otaqlardan birində uşaqlara və yeniyetmələrə rəssamlığın sirlərini öyrədir.

...Muzeyin foyesində “Azərbaycan toyu” mövzusunda miniatür divar rəsmi diqqətimizi cəlb edir. F.Hüseynov deyir ki, 73 kvadratmetr olan bu əsər həcminə görə dünyada ən böyük miniatür divar rəsmlərindən biri, bəlkə də, birincisidir.

Əsər, doğrudan da, adamı ilk baxışdan özünə çəkir. Lakin bizi daha çox dəvə karvanının arxasından görünən və tarixi sorağına çıxdığımız uca Şəmkir qülləsinin təsviri cəlb edir.

– Mən Şəmkiri bu qülləsiz təsəvvür edə bilmirəm. Əsrlər boyu möhtəşəm abidə-minarə bizim qədim torpağın nişanı olub, deyir. – Qüllə haqqında kifayət qədər məlumatım var. Məsələn, əgər iki məşhur rəssam-səyyahlar – rus rəssamı Qriqoru Qaqarin və fransız rəssamı Dübua de Mentpere XIX əsrin ortalarında Qafqazda olarkən, qüllənin bir-birlərindən xəbərləri olmadan, demək olar ki, eyni cür rəsmini çəkiblərsə, belə düşünürəm ki, həmin vaxtadək qüllə XIII əsrdə monqolların Şəmkirə hücumu zamanı ziyan çəksə də, tam dağılmayıbmış və elə onların çəkdikləri kimi olub.

Muzeyə tez-tez xarici turistlər gəlir, maraqlı söhbətlərimiz olur. Divar rəsmlərinin önündə şəkil çəkdirməyi xoşlayırlar. Bəzən mənim də onlarla yanaşı dayanmağımı xahiş edirlər. Deyirəm, gəlin, elə dayanaq ki, bizim qülləmiz də düşsün...

Hiss olunur ki, qocaman rəssam Şəmkirin tarixini pis bilmir. Yeri gəlmişkən qeyd edək ki, bu gün Şəmkir muzeyində ixtisaslı, ali təhsilli kadrlara böyük ehtiyac var. Doğrudur, uzun illərdir muzeydə çalışan işçilər müəyyən təcrübə toplaya biliblər və onların zəhmətini dana bilmərik. Lakin muzey bizim tariximizi, adət-ənənələrmizi, keçmişimizi özündə əks etdirən əvəzsiz mənbədir, bir xəzinədir. Burada cüzi biliklərlə, orta təhsillə həmin işin öhdəsindən gəlmək, muzeyə gələnlərə tam, dolğun məlumat vermək bir qədər çətin olur...

Rəsmlərin birində qüllə ətrafında gedən döyüş təsvir olunur. Güman etmək olar ki, qüllənin fonunda Cavadxanın və bütövlükdə, Gəncəbasarın, o cümlədən Şəmkirin XIX əsrin əvvəllərində rus ordusuna, general Sisiyanova qarşı qəhrəmancasına vuruşmasından bəhs edilir. Deməli, Nizami Gəncəvinin yaşadığı illərdə tikilmiş minarə həmin dövrlərə kimi gəlib çıxmışdır. Hətta dünyaca məşhur səyyah-tədqiqatçı, palentoloq, professor Eduard Eyxvalt 1826-cı ildə minarəni gördüyündən yazıb. Lakin digər səyyah Bons Domm Şəmkir qəsəbəsi ərazisinə gələndə onun yalnız xarabalıqlarını tapıb və buranın dağıdılması barədə məlumat verib. 1970-ci ildə Şəmkirə qaz çəkilişi zamanı qədim Şəmkir yaşayış məskəninin yerində kufi yazısı aşkar edilmişdir.

1836-cı ildə nəşr olunmuş “Qafqazda rus mülkləri haqqında icmal” əsərində qüllə haqqında ətraflı məlumat var. Qeyd olunur ki, “orada (Gəncəbasar nəzərdə tutulur – müəllif) olan bütün abidələrdən ən diqqətçəkəni Şəmkir sütunudur. Şəhərdən 25 verst aralıda, Şəmkir çayının sol sahilində düzənliklər arasında tikilmiş və demək olar ki, 30 verstdən görünən Şəmkir qülləsidir. Qalanın əsası kub biçimlidir və onun eni 7, hündürlüyü 5 arşındır. Üzərində diametri əsasda 5, yuxarıda 4 arşınacan olan dairəvi sütun yüksəlir. Üst hissə hər tərəfi 5 arşın olan dördbucaqlı karnizlə dövrələnib. Karnizin altında kufi xətti ilə yazılmış böyük kitabə var. Qüllənin ortasında 124 iri, demək olar ki, dağılmış dolama pilləkən var ki, onunla qalxmaq xeyli çətindir. Qüllə kərpicdən, qum və xırda daşla qarışdırılmış gəclə tikilib. İş olduqca gözəl və möhkəmdir. Sement məhlulu elə bərkdir ki, kərpiclə tamam birləşib. Zamanın artıq çox yerdən bu gözəl abidəni dağıtdığına heyfslənmədən baxmaq olmur və hətta qüllənin əyilməsi də aydınca hiss edilir. Çox güman ki, bu, minarədən başqa bir şey deyildi, onun zirvəsindən müsəlmanlar azan oxuyurdular...”

Hündürlüyü 60 metrə çatan Şəmkir qülləsinin yalnız gözətçi məntəqəsi və ya müdafiə məqsədi ilə tikildiyi iddia olunsa da, tanınmış alim-memar Cəfər Qiyasi yazır ki, bu fikirlərin elmi əsası yoxdur. Abidə bütün göstəriciləri ilə Böyük Səlcuq İmperiyasının müxtəlif şəhərlərində cümə məscidləri yanında ucaldılan və ayrıca dayanan minarə tipinin–mil minarənin bitkin örnəklərindən biridir.

...Minarə onu deməyə bir daha imkan verir ki, Şəmkir çox qədim tarixə malik, inkişaf etmiş Azərbaycan ərazilərindən biridir. Güman edilir ki, bu qüllə İpək Yolunun üstündə salınıb və Şəmkirdə məhz qüllənin ətrafında geniş ticarət bazarı olub.

Bu yazıda məqsədimiz Şəmkir qülləsinin tarixini başdan-ayağa tədqiq etmək deyil. Bunun üçün tarixçilər, etnoqraflar, arxeoloqlar, digər mütəxəssislər var. Sadəcə, adı tarixə düşmüş bir abidənin izlərini qoruyub saxlamaq, nəsildən-nəslə ötürməklə bərabər, ölkəmizə hər il gələn minlərlə xarici turistərə danışmaq, nəyisə göstərməklə yanaşı, keçmişimizi, qədim tariximizi, kimin kim olduğunu bildirməkdir, yada salmaqdır.

Rəssam dostumuzdan bir də görüşmək ümidi ilə ayrılarkən maraqlı bir mövzuya toxundu. Dedi ki, çoxları Şəmkiri adi kənd təsərrüfatı rayonu kimi tanıyır. Amma Şəmkir dünyanın ən böyük şəhərlərinə meydan oxumağa haqqı çatan bir diyardır. Tək bir qüllənin dünənimizdən bugünümüzə işıq salması, əzəməti kifayətdir ki, deyək: Bura Azərbaycandır, bura Şəmkirdir!

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Şəmkir

Seçilən
15
xalqqazeti.az

1Mənbələr