AZ

Silahlardan “yuva” quran “sülh göyərçini”

Son bir ildə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində ciddi irəliləyiş əldə edilib. Sülh müqaviləsinə gəldikdə isə, artıq onun mətninin xeyli hissəsi razılaşdırılıb. Sazişin imzalanması yolunda ən böyük maneə Ermənistanın konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarıdır.  Hələ ki, Hayastan bu isitqamətdə əməli addımlar atmır. Doğrudur, özlərini “sülh göyərçini” kimi təqdim edən Ermənistan rəsmiləri dünyanın müxtəlif tribunalarından sülhdən ağızdolusu danışırlar. Bununla da onlar sadəcə ənənələrinə sadiq qalaraq “sülh gündəliyi” ətrafında manipulyasiya edirlər. 

Digər tərəfdən də Hayastan sürətlə silahlanmaqdadır. Bu günlərdə “Indian Defence Research Wing”in (IADN) yaydığı məlumata görə, Ermənistan Qoşulmama Hərəkatının üzvü  olan Hindistandan əlavə olaraq daha 78 ədəd 155 mm çaplı, 52 kalibrli və atış məsafəsi 48 km-ə qədər olan ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı danışıqlar aparır. Bildirilir ki, bu, Ermənistana təhvil verilmiş altı haubitsadan ibarət ilk partiyanın ölkənin müxtəlif landşaftlarında uğurla sınaqdan keçirilməsinin nəticəsidir. Ermənistan Müdafiə Nazirliyi bunu Ermənistan və Hindistan arasında artan hərbi əməkdaşlıqda növbəti mərhələ kimi dəyərləndirib.

Qeyd edək ki, bu ilin yayında Hindistanın IADN agentliyi Ermənistanın Hindistandan aldığı silahların həcminin 600 milyon dollara çatdığını açıqlayıb. Bir müddət öncə isə Hindistan  təcavüzkar ölkəyə “Pinaka” reaktiv yaylım atəşi sistemləri, “Svati” adlanan radarlar, “Akaş" hava hücumundan müdafiə kompleksi, həmçinin tank əleyhinə raketlər və digər döyüş sursatları verib. Hindistanın Müdafiə Nazirliyi Ermənistana "Pralay" kvaziballistik raketlərinin satışına da müsbət reaksiya göstərib.

Ümumiyyətlə, son illər Ermənistan hərbi potensialını artırmaq istiqamətində olduqca ciddi addımlar atır. Belə ki, əgər 2020-ci ildə Ermənistanın hərbi büdcəsi təxminən 673 milyon ABŞ dolları təşkil edirdisə, 2024-cü il üçün bu rəqəm 1,5 milyard dollara yaxınlaşıb. Bu artımda, silahlanmada Hindistanla yanaşı, Qərb ölkələrinin, xüsusilə Makron Fransasının “əməyi” böyükdür. Xatırladaq ki, Cənubi Qafqazda  pozucu fəaliyyətindən əl çəkmək istəməyən Fransa Ermənistana müasir zenit-raket kompleksləri, artilleriya sistemləri və digər yüksək dəqiqlikli silahlar tədarük edir.

Bu il iyununda Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı iki ölkə arasında 36 ədəd “CAESAR” özüyeriyən artilleriya sistemlərinin alınmasına dair müqavilə imzalanıb. Ermənistanın Fransadan “Mist­ral” qısamənzilli zenit-raket kompleksləri almağa hazırlaşdığı da gündəmdədir. Bu siyahıya Parisin həmin müqavilədən bir müddət öncə İrəvana satdığı və hər biri 14 milyon avro dəyərində olan 3 ədəd GM200 radar sistemi və 20 milyon dollara “Bastion” zirehli transportyorlarını əlavə etsək, tərəflərin hərbi-texniki əməkdaşlığının çox ciddi rəqəmlərə çatdığını söyləyə bilərik.  Şübhəsiz, bütün bunlar Ermənistanı revanşist mövqeyini davam etdirməyə həvəsləndirmək, Azərbaycanla qarşıdurmanı kəskinləşdirmək, yeni müharibəni alovlandırmaq cəhdindən başqa bir şey deyil.

Bu yerdə Prezident İlham Əliyevin aşağıdakı sözlərini  xatırlamaq yerinə düşər: “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda reallıqdan uzaq fikir formalaşdırırlar. Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Qarabağı işğal edə bilər. Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin aqibəti insanlar və onların ruhu sayəsində həll edilir”.

Ermənistan bu ölkələrdən başqa, Yunanıstan və Kipr ilə də hərbi və hərbi-texniki əməkdaşlığı genişləndirir. Bu ölkələrin siyahısına Cənubi Koreyanın da qoşulması ciddi mətləblərdən xəbər verir. Şübhəsiz, Ermənistanın silahlanma siyasəti və Qərbin, həmçinin digər ölkələrin bu prosesi dəstəkləməsi Cənubi Qafqazda siyasi və hərbi vəziyyəti daha da gərginləşdirir.  Unutmayaq ki, otuz il ərzində Ermənistan Azərbaycana qarşı təcavüzkar və işğalçılıq siyasətini daim digər ölkələrin hərbi və siyasi dəstəyi ilə həyata keçirib. Görünür, indi də təcavüzkar ölkə köhnə metodundan istifadə etmək niyyətindədir.

Bəlu, bu gün təcavüzkar ölkə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə silahlanmaya üstünlük verir. Bununla da özünü fəlakətə sürükləyir. Ermənistanı fəlakətə sürükləyən dövlətlər anlamalıdırlar ki, Azərbaycanı hədəfə çevirmək mümkün deyil. Yəni, Ermənistanı silahlandıranlar unutmamalıdırlar ki, Azərbaycan Silahlı Qüvvələri hazırda dünyanın ən güclü orduları sırasında qərarlaşıb. Bu mənada Ermənistan və onun himayədarlarının Cənubi Qafqazı hərbiləşdirmək və regionda yeni gərginlik ocağı yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Şübhəsiz, təcavüzkar ölkə Fransanın hiyləsinə düşüb müharibə etməyə hazırlaşarsa, yenə də əzilən tərəf olacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Seçilən
30
ikisahil.az

1Mənbələr