AZ

Jurnalist Avropa Məhkəməsində Azərbaycanı uddu

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib

Avropa İnsan Hüquqları Məhkəməsi "Azadlıq” qəzetinin və onun keçmiş əməkdaşı Ramin Cəbrayılzadənin (Ramin Deko) ifadə azadlığının pozulmasına dair şikayət üzrə qərarını elan edib.

Şikayət 2012-ci ildə Bakının iri ticarət mərkəzlərindən birinin sahibinin iddiası əsasında yazıya görə redaksiyaya və jurnalistə cərimə tətbiq edilməsilə bağlıdır.

"Azadlıq” qəzetində Bakıdakı iri ticarət mərkəzlərinindən birinin rəhbəri barəsində ikinci ərizəçinin qələmə aldığı iki məqalə yayılmışdı.

Məqalələrdə ticarət mərkəzi rəhbərinin icarədarlarla müxtəlif qeyri-qanuni biznes münasibətlərindən bəhs edilirdi.

Məqalələrdə ifadə olunan məlumatların yalan, böhtan və onun reputasiyasına xələl gətirdiyini iddia edən ticarət mərkəzi rəhbəri, jurnalisti və qəzeti mülki qaydada məhkəməyə verib, təzminat tələb etmişdi.

Məhkəmə qərarına əsasən, redaksiya 30 min, jurnalist isə 2 min manat cərimə edilib.

Yuxarı məhkəmə instansiyaları cavabdehlərin şikayətini təmin etməyiblər və onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında qeyd olunur ki, yerli məhkəmələr məqalədə göstərilən faktları araşdırmayıblar və onların baş verib-vermədiyini aydınlaşdırmayıblar.

Ərizəçi Ramin Cəbrayılzadə ona təqdim olunan faktları yoxlamaq üçün Ticarət Mərkəzinin rəhbərliyilə əlaqə saxlamağa çalışıb.

Avropa İnsan Hüquqları Məhkəməsi həmçinin nəzərə alıb ki, 2011-2013-cü illərdə həmin Ticarət Mərkəzində icarə haqqının artırılmasına etiraz olaraq aksiyalar keçirilib və bu, yerli mətbuatda işıqlandırılıb.

Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edib ki, yerli məhkəmələr 32 min manat cərimə tətbiq ediblər, lakin onu əsaslandırmayıblar ki, bu da cəzanın mütənasibliyini şübhə altına alır.

Avropa İnsan Hüquqları Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin (ifadə azadlığı) pozulduğunu müəyyən edib və Ramin Cəbrayılzadəyə 2 min avro və məhkəmə xərclərinin ödənilməsi üçün hər iki ərizəçiyə 1500 avro kompensasiya təyin edib.

2012-ci il oktyabrın 22-də Yasamal Rayon Məhkəməsi "Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın "Azadlıq” qəzetinə və onun əməkdaşı Ramin Cəbrayılzadəyə qarşı iddiasını təmin edib.

Məhkəmənin qərarına əsasən, qəzet mənəvi ziyana görə kompensasiya kimi 30 min, jurnalist isə 2 min manat ödəməliydi.

Sonradan bu vəsaitlər məhkəmə icraçıları tərəfindən redaksiyanın hesabından tutulub.

İddiaya 2012-ci il iyulun 7-8 və 9-da "Azadlıq” qəzetində dərc olunmuş "Kəbirə Məmmədovanın "Eurovision əməliyyatı” adlı məqalələr səbəb olub.

Həmin məqalələrdə deyilirdi ki, "Eurovision 2012” mahnı müsabiqəsindən sonra Kəbirə Məmmədova "Binə” Ticarət Mərkəzinin icarədarlarından 5 min manat ödəməyi tələb edib.

Bunu "Eurovision” müsabiqəsinin maliyyələşdirilməsilə əlaqədar "Binə” Ticarət Mərkəzinin böyük xərcə düşməsilə əsaslandırıb.

Kəbirə Məmmədova bu yazılarla razılaşmadığını bildirib və onların Ticarət Mərkəzinin işgüzar nüfuzuna və şəxsən onun imicinə xələl gətirdiyini hesab edib.
Seçilən
50
arqument.az

1Mənbələr