AZ

“Futbolçuları və məşqçiləri alçaltmaq istəmirəm, amma...”

Azərbaycan millisinin sabiq baş məşqçisi İqor Ponomaryov “report”a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, 64 yaşlı mütəxəssis millimizin Millətlər Liqasında sonuncu - İsveçlə oyununa (0:6) toxunub.

O, həmçinin komandanın tsikldəki nəticələrini dəyərləndirib.

- İsveçə böyükhesablı məğlubiyyət haqqında nə deyə bilərsiniz?

- Bu nəticənin niyə belə olduğunu demək çətindir. Bu məğlubiyyətdə hamını günahlandırmaq olar. Amma təkcə bu deyil, əvvəlki oyunlar da uduzuldu. Məncə, Estoniya ilə heç-heçə də məğlubiyyət sayılır. Bu uğursuz çıxışların bir çox səbəbləri var. Ona görə də təkcə kimisə günahlandırmaq düzgün deyil.

- Tsikli necə qiymətləndirirsiniz? Zəif nəticələrin səbəbi nədir?

- Pis çıxış etdik. Uğursuz yox, məhz pis! Proqres yox, reqres gedir. 32 il ərzində futbolda heç bir irəliləyiş əldə etmədik. Bu faktı qəbul etmək lazımdır.

- Bu komandanın tarixin ən yaxşı yığması adlandırılmasına münasibətiniz necədir?

- Kim adlandırırdı? Razı deyiləm. Nəyin hesabına ən yaxşı oldu? Bəs niyə Canni De Byazinin dönəmində də belə pis oynayırdılar. Bu lətifədəki kimidir, hamı deyir, siz də deyin.

- Ümumiyyətlə, sizcə, Azərbaycanın müstəqillik tarixinin ən yaxşı yığması hansı olub?

- Bunun üçün təhlil aparmaq lazımdır. Birbaşa, təhlil etmədən danışmaq yaxşı deyil. Azərbaycan daha yaxşı yığmaya layiqdir!

- Millinin belə durumda olmasına görə klublar nə dərəcədə günahkardır?

- Mən də sizə sual verirəm. Klubların nə günahı var?

- Çünki futbolçular klublarda yetişirlər…

- Razıyam, futbolçular klublardan gəlirlər. Klub futbolçuları öz sıralarına 22 yaş və daha yuxarı olanda qəbul edir. Bundan sonra onları nə dərəcədə inkişaf etdirə bilərlər? Amma onlar artıq, demək olar ki, hazır, formalaşmış oyunçular kimi gəlirlər. Bu futbolçular indi bizim əsas liqada oynayırlar və uduzurlar. Gəlin o zaman onların gəldiyi uşaq və gənclər futboluna enək. Belədə sual yaranır ki, uşaq və gənclərin çempionatlarında bütün oyunlarda qələbə qazanırdılarmı? O zaman onlar hansı keyfiyyətdə idilər? Nə futbolçuları, nə də məşqçi heyətini alçaltmaq istəyirəm, amma bu, reallıqdır.
Məsələnin başqa tərəfini də deyim. Məşqçilərə aid çoxlu nümunələr var. İsveç millisini götürək, əvvəlki dövrlərdə etibarlı müdafiə və əks-hücumlar hesabına oynayırdılarsa, bu gün başqa mütəxəssisin rəhbərliyi altında hücum futbolu və qısa, həmçinin orta məsafələrə ötürmələrə üstünlük verirlər. Bu zaman çox sayda təhlükəli hücumlar təşkil edə bilirlər. Budur sizə düşünmək üçün mövzu!

Seçilən
46
sportinfo.az

1Mənbələr