AZ

Boşanmalar, natamam ailələr...

Uşaqların mənəvi inkişafına böyük zərbə!

Ayrılıq və boşanma xəbəri bu qərarı alan valideynlər üçün çox çətin bir müddətin başlaması mənasına gəlir. Bu müddətin hər zaman sakit bir şəkildə keçmədiyi bəllidir. Ancaq valideynlərin ayrılıq qərarı daha çox uşaqlar üçün stress mənbəyi olaraq qarşımıza çıxır. Belə ki, boşanma prosesi daha çox uşaqlara, onların mənəvi inkişafına mənfi təsir göstərir.

Aparılan araşdırmalara görə uşaqların boşanma öncəsindən başlayaraq boşanma müddəti və sonrasında bir çox mənfi vəziyyətlə üz-üzə qala bildikləri ortaya çıxıb. Uşaqlarda ana-ata ayrılığının yaratdığı stress, ümumilikdə, ayrılığın sonrakı ilk günlərində deyil, daha sonrakı vaxtlarda da ortaya çıxır, hətta bu travma illər sonra da davam edə bilir.

Uşaqların həyatında mənfi iz qoymamaq üçün...

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən psixoloq Aytən Ələkbərova bildirib ki, ailələnin tam və ayrılmaz olması, mənəvi-əxlaqi dəyərlərə əsaslanması, valideynlərin bir-birinə qarşılıqlı hörməti uşaqlar üçün çox vacibdir. Psixoloqun sözlərinə görə, təəssüf ki, həmişə belə olmur və boşanmaların sayı günü-gündən çoxalır: “Valideynlərin dava-dalaşla boşanması uşaqları sarsıldır, onlar həyəcan və stress keçirirlər. Boşanmalar uşaqların mənəvi inkişafına da mənfi təsir göstərir. Ona görə də bu hal onların həyatında mənfi iz qoymasın deyə valideynlər hay-küysüz ayrılmalı, boşanma xəbərini uşaqlara düzgün və sakit şəkildə çatdırmalıdırlar. Həm də çox vacibdir ki, valideynlərdən hər biri, uşağın kiminlə qalmasından asılı olmayaraq, ona qarşı tərəfi sevməyə imkan versin. Məsələn, əgər övladlar ananın yanında qalarsa, istədikləri vaxt atalarını görmək hüquqları var. Ata və ananın ayrı yaşamalarına baxmayaraq, onlar uşaqları birlikdə böyütməyə davam etməli, təhsili ilə maraqlanmalıdırlar. Belə olduqda, onlar valideynləri arasında seçim etmək məcburiyyətində qalmayacaq, ata və ya ana sevgisindən, qayğısından məhrum olmayacaqlar. Əlbəttə, valideynləri ayrıldığı üçün istər-istəməz uşaqlar müəyyən bir müddət ərzində kədərli və narahat duyğular yaşayacaq, buna görə də hər iki valideynin vəzifəsi düzgün və müdrik davranışla onlar üçün çətin dövrü qısaltmaq və minimuma endirməkdir. Belə olduğu halda valideynlər övladlarının mənəvi cəhətdən zərər görməsini maksimum dərəcədə azalda bilərlər”.

Valideynləri ayrılmış uşaqların mənəvi çöküşü...

Psixoloq boşanmış ailələrdə uşaqların üzləşdiyi travmaları sadalayıb: “Boşanma uşaqlar üçün bir “qəza”dır, təhlükəsizliyin və sevginin itməsidir, onların mənəvi cəhətdən çökməsidir. Bu hal onların zaman keçdikcə mənəvi inkişafına, gələcəkdə iş və ailə həyatına mənfi təsirləri ilə yadda qalır: “Boşanmış ailələrdə uşaqların üzləşdiyi travmalardan biri onların ana-ata arasında qalmaq məcburiyyətidir. Bundan başqa, valideynlərinin bir-birlərini günahlandırmasını eşitmək məcburiyyətində qalmaq, ana və ya atanın həddindən artıq qəmginliyinə, əsəbiliyinə, emosional çökməsinə şahid olmaq, valideynlərindən biri ilə görüşməmək, onun üçün darıxmaq, yaşananlar üçün özünü günahlandırmaq, valideynlər arasında davam edən düşmənçilik uşaqların üzləşdiyi kəskin travmalardandır. Boşanmadan öncəki və sonrakı qalmaqalların uşaqlara necə mənfi təsir göstərdiyini belə bir statistikada görə bilərik: 37,7 % uşaqda irəliləyiş azalır; 19,6 % evdə intizam azalır; 17,4 % xüsusi diqqəti tələb edirlər; 8,7 % evdən qaçırlar; 6,5 % dostlarla münaqişələr yaranır”.

Boşanmış ailələrin uşaqlarında günahkarlıq hissi olur

A.Ələkbərovanın sözlərinə görə, tədqiqatlar onu göstərir ki, natamam ailələrdən olan uşaqlar sonralar əks cinslərlə münasibətlərin qurulmasında çətinliklər yaşayırlar: “Bu, onlarda hər hansısa bir münasibətə girərkən özünəinamın aşağı olması, evlilik qorxusunun olması ilə göstərir. Günahkarlıq hissi boşanmış ailələrin uşaqlarında daha çox olur. Hətta nikahın pozulması oğlan uşaqlarına daha çox mənfi təsir göstərir”.

8 ayda 15964 boşanma...

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 36651 nikah, 15964 boşanma qeydə alınıb, 1000 nəfərə 4,8 nikah, 2,1 boşanma düşüb. Təbii ki, boşanmalardan həm mənəvi, həm də maddi zərər çəkən əsas tərəf uşaqlar olur. Onlar mənəvi travmalar almaqla yanaşı, bəzi səbəblərdən maddi sıxıntılar çəkməyə məcbur olurlar. Belə ki, bəzən valideynlər müxtəlif bəhanələr gətirməklə alimentlərdən yayınırlar. Belə olan halda alimentin alınması mümkün olmur və övladını tək böyüdən valideyn üçün çətinlik yaranır.

Aliment məbləği artırılır

Yeri gəlmişkən, 2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləğinin 235 manatdan 246 manata çatdırılması nəzərdə tutulur. Məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən birgə iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu, həm də alimentin minimum məbləği deməkdir.

İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda söyləyib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır. Qeyd edək ki, alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.

Boşanmaların sayı azalacaq?

Hüquqşünas Nadir Məmmədov alimentlərin artırılmasının boşanmaların sayına təsir etməyəcəyini düşünür: “Əldə edilən təcrübədən də görürük ki, hətta böyük məbləğlərdə əmək haqqı alan və aliment ödəmə qabiliyyətinə malik olanlar da bu prosesdən qaça bilirlər. Bu, əslində ehtiyac meyarları ilə bağlıdır, hər il artırılmaqda davam edir. 3-4 il əvvəl alimentin məbləği 150-170 manat idi, amma indi 235 manatdır. Gələn isə 246 manat olacaq, amma yenə də boşananların sayı artır”.

Boşanmaların 70-75 faizi bunlarla bağlıdır...

Hüquqşünasın sözlərinə görə, Mediasiya Şurasının həyata keçirdiyi tədbirlər də boşanmaların qarşısını ala bilmir: “Ailədə yaranan münaqişələrin əsas səbəbi də işsizlik və maliyyə təminatının zəif olması ilə bağlıdır və bunların aradan qaldırılması daim gündəmdə olmalıdır. İstər yeni ailə quran, istərsə də uzun illər evli qalan cütlüklər arasındakı gərginliklərin hökm sürməsi, baş verən boşanmaların təxminən 70-75 faizi bunlarla bağlıdır.

Məsələ orasındadır ki, əgər evdə uşaqlar varsa, onlar da belə vəziyyətdən mənfi təsirlərə məruz qalır, hətta psixoloji-mənəvi baxımdan sarsılırlar. Valideynlər isə çıxış yolunu boşanmaqda görürlər. Hətta cəmiyyətdə belə fikir formalaşır ki, belə ailənin olmasındansa, boşanma daha doğru olar və uşaqlar da mənəvi zərbələrə məruz qalmazlar”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.

Seçilən
43
yeniazerbaycan.com

1Mənbələr