Üç məşhur eyni filmdə çəkiləcək
İngiltərəli məşhur kino aktyoru Benedikt Kamberbetç və aktrisa Rozamund Payk, canlı əfsanə adlandırılan Hollivudun kino ulduzu Entoni Hopkinslə birlikdə rejissor Qay Riçinin yeni filmində rol alacaqlar.
Reyting.az "Deadline" nəşrinə istinadla bildirir ki, "Qadın və it" adlanan bu ekran əsəri sərt tabuları yıxmaqla, həmçinin mühafizəkar Britaniya aristokratiyasının rəngarəng və xain dünyasına bir qayıdış olacaq.
Qay Riçinin növbəti filmi həmişə olduğu kimi kifayət qədər güclü aktyor heyətinə malikdir. Oyunçular arasında bəzilərinin hətta orta səviyyəli aktyorluq bacarığına baxmayaraq, istedadlı rejissor çox böyük peşəkarlıq nümayiş etdirib və bu maraqlı heyəti özünə cəlb etməyi bacarıb.
Hələ ki, yeni çəkiləcək film haqqında geniş təfərrüatlar yoxdur. Ancaq filmin ssenari müəllifinin də elə rejissor Riçinin özü olduğu məlumdur.
Qay Riçinin rejissoru olduğu yeni filmin çəkilişlərinə 2025-ci ilin fevral ayından, Böyük Britaniyada başlanacağı gözlənilir.
Gələn il həmçinin Qay Riçinin rejissorluğu ilə daha iki film - "Qanunsuz" və "Əbədi gənclik çeşməsi" ekranlaşdırılacaq.
Oqtay QORÇU